Əlini buladığı qanı südlə təmizləyən qəssab

02, 12, 21
10:12

Əlini buladığı qanı südlə təmizləyən qəssab



Leyla Sarabi

Mən demirəm ki, yer üzünün ən mərhəmətli qadınıyam. İncitdiklərim incinər.

Mən demirəm ki, küçə heyvanlarının anasıyam. Yetim kenqurunu övladlığa götürən Marina Abramoviç inciyər.

Mən özümü veqan da saymıram. Arının balını da üfürə-üfürə qoyurub ömrünü bir kasa sıyığın çiyninə atan sannyasaların yamyaşıl ürəyi saralar.

Ümumiyyətlə, heç bir yönü qiblə sanıb, müqəddəsləşdirmək doğru deyil. Amma istənilən halda ürəyimizi cüzamdan ən çox mərhəmətimiz qoruyur.

Bizim məhəllədə də hər gün görməmək üçün yolumuzu dəyişdiyimiz vəhşi vərdişlərin sərgisi olur. 3 insan başı ölçüsündə inək başını qanı dama-dama çarmıxa keçirən məhəllə qəssabı...

O kəsik baş satılana qədər altında özü də oturub siqaret çəkəcək, işçisi də...
Biz də ətimizi didə-didə yolumuzu dəyişirik.


Özü də tanrılara qurban kəsmə ayini gecədən başlayır. Əslində ən şüursuz heyvanın da ən iti duyğularından xəbərdaram. Bütün gecəni o dağ boyda canlının gözündən körpə ümidsizliyi mürgüləyir. Ertəsi gün dan yerini boğuq bağırtı deşib qızardır. Sonra da küçəmizə su yerinə qan axır. İnəyin quru başı da gələnə-gedənə gözdağı kimi yolun ortasından asılır.

Amma təzad nədir, bilirsiniz? 

Elə həmin qəssab hər gün ölüxanasının önündə bir qab süd, bir də xırda doğranmış ətləri qoyub, əli hələ ətə çatmayan pişikləri doyurur.

Nə qəribədir?!

Əlini buladığı qanı südlə təmizləyir bizim qəssab.

Yemədiyini bəsləyir, bəsləyənini kəsib yeyir.

Təbiətin ana qanunudur bu. Biz də ən çox sevənimizin ömrünü tikə-tikə kəsib yemirikmi?! Yaxud torpaq ən yaxşıları vaxtsız udub ac gözünü doyurmur?!

Hər şeyin ifratı kimi eşqin də hədd aşanından yana deyiləm. Hər dəfə özümü fəda etmək istəyəndə vitrindən asılmış kəsik başımı görüb çabalayıram. İçimə çəkilib, ac nöqtələrimi doyurmaq üçün çabalayıram. Çünki mən öz dolçamı boşaldıb ətrafı gölməçəyə boğmaq istəmirəm.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın