AD GÜNÜNDƏ MÜHARİBƏ BAŞLAYAN MAYOR - Və ya qələbəyə gedən doğum günü - FOTOLAR


Bu günki müsahibim Qarabağ Qazisi Şirinov Murad Rəfail oğludur. 27 sentyabr 1986-cı ildə Bakı şəhərində Xətai rayonunda anadan olub. 1993-cü ildə Xətai rayonundakı 269 saylı orta məktəbin birinci sinfinə qəbul olub. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə təhsil alıb, bundan sonra hərbi təhsilini 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib və ilk hərbi rütbə leytenant rütbəsi alıb. 2010-cu ildən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb, prezident təqaüdçüsüdür, 3-cü qrup müharibə əlilidir. Ailəlidir, 2 övladı var. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Xocavənd uğrunda, Cəbrayıl uğrunda, Fizuli uğrunda, Cəsur döyüşçü, Vətən müharibəsində iştirakına görə, Qüsursuz Xidmətə görə medallarla təltif olunub.

Muradla son vaxtlarda Şəhidlərimizin anım tədbirlərində tanış olmuşam. Heç vaxt yaxından müsahib olmamışdım. Çünki tədbirlərdə başı qarışıq olduğu üçün vaxtını almaq istəməmişəm. O tədbirlərin keçirilməsində təşkilatçılıq edir, həmişə Şəhid ailələrinin yanında olur. Və günlərin bir günü Qazimiz Ramin Şirinovla danışıb Muraddan müsahibə almaq istədiyimi bildirdim. Qismət elə gətirdi ki, kapitulyasiya günü yəni noyabrın 10-da Murad dəvətimi qəbul edib  İctimai Nəzarət Koalisiyasının mərkəzi qərargahına mənim iş yerimə gəldi. İNK sədri Rasim Məmmədov da yanında olan qonaqlarla bərabər Qazimizlə görüşə gəldilər. 

İlahidən elə bil bir Qürur, bir məğrurluq biçilib Qazilərimizin boyuna. Üzlərində nur, zəhm, qeyrət, məğrurluq sanki dil açıb onların əvəzindən danışacaq... Demək olar ki, hər gün Qazilərimizlə bir yerdə oluram. Artıq doğmalaşıb bu igidlər mənə. Mən hələ 1-ci Qarabağ Müharibəsində rəhmətlik Etimad Əsədovun sədri olduğu Qarabağ Əlillər Cəmiyyətində rəhmətlik Seyid Müştəba İsmayıloğlunun baş redaktoru olduğu  "Əlillər"qəzetində çalışmışam. Bu oğulları o vaxtdan sevmişəm, özümə doğma qardaş bilmişəm. Mən Rey Kərimoğlunu, Söhbət Şirinovu,  Rizvan Vəliyevi, Mahir İbrahimovu, Firudin Məmmədovu tanıyaraq Qaziliyin müqəddəsliyini dərk etmişəm. Ağlım kəsəndən o illərin canlı qəhrəmanlarının əhatəsində böyümüşəm. Bu gün də Qazilər mənim üçün doğmadır, əzizdir.

Artıq qələbədən sonra mənim Qazilərimizlə görüşüm məhz qələbə ruhlu olur. Çünki biz qələbədən danışırıq, çünki biz QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞIYIQ...

AD GÜNÜMÜ DÖYÜŞDƏ QEYD ETDİM

Sentyabrın 27-də mənim ad günümdür. Düzdür, biz eşitmişdik ki, müharibə olacaq, amma dəqiq tarixini bilmirdik. Hətta 2 gün əvvəl biz dostlarımızla mənim 35 yaşımı qeyd etməyə hazırlaşırdıq. Axşam yeməyi yeyirdik, kapitan Ülvi Hüseynli dedi ki, qardaşlar, bəlkə bu axırıncı yeməyimiz oldu. Sanki ürəyinə dammışdı ki, Şəhid olacaq. O gün mənim heç yadımdan çıxmaz. Səhər saat 5 radələrində biz hücuma keçdik. Artıq biz Cəbrayıl rayonunun Rüzgar kəndində idik, ilk qələbəmizi qazanmışdıq. Hətta düşmənlə üzbəüz 80 metrlik bir məsafədə özümüzə yer düzəltmişdik. Qarşı tərəf əvvəlcədən orda olduqları üçün özlərinə uyğun yer düzəltmişdilər. Biz isə bir az çətin vəziyyətdə qalmışdıq. Düşmən bizi mühasirəyə aldı. Demək olar ki, hər tərəfdən yollarımız bağlandı. Lakin çətin də olsa biz 7 gün ərzində həm gələn köməklə həm də təcrübəli, savadlı zabit heyətiylə mühasirəni yarıb 80 metrlik məsafədən düşməni bir nəfərə qədər məhv etdik. Həmin vaxt biz 800 nəfərə yaxın heyətlə itkilər versək də məğlub olmadıq. Düşmənin fikri bizi mühasirəyə salıb orda məğlub edib məhv etmək idi. Lakin biz o mühasirəni keçib əzmlə irəlilədik  


ÖVLADLARIM GÖZÜMÜN ÖNÜNƏ GƏLDİLƏR

Gərgin döyüşlər gedirdi, çoxlu sayda Şəhidlərimiz, yaralılarımız vardı. Hər saniyəmiz ölüm idi. Fikirləşdim ki, bu gərgin döyüşlərdə mən də Şəhid ola bilərəm. Çünki gözümüzün qarşısında dayanmadan Şəhid olurdu dostlarımız. Evə zəng elədim, elə bil sözlər boğazımda kilidlənmişdi... Anamla, həyat yoldaşımla danışdım, halallaşdım və bircə kəlmə dedim ki, uşaqlardan muğayat olun, mən gəlməyəcəm, məni gözləməyin. Oktyabrın 5-də bizə Fizuli istiqamətində döyüş əmri verilmişdi. Biz Fizulinin Musabəyli, Kənd Horadiz, Dörd Çinar kəndlərini azad etmişdik. Saat 13.50-də bizə Fizulinin Pir Əhmədli kəndini azad etmək haqda tapşırıq verildi. Bölük komandiri kapitan Həmid Cəfərli ilə döyüş əmri üzrə tapşırıqlarımı verir, sursatları yoxlayırdım. Bu anda gözlənilmədən düşmənin atdığı 120 mm-lik minomyot qurğusu bizim 1 metrlik yaxınlığımızda partladı. Onun dalğası bizi olduğumuz yerdən kənara tulladı. 

Elə bil ruhum bədənimdən çıxdı. Üzüüstə yerə düşmüşdüm. Gözlərim qaraldı, huşumu itirdim. Elə bil övladlarım gözümün önünə gəldilər çox məsum bir görkəmdə və görünməyən kimsə mənə sən ölməyəcəksən, oyan deyə məni sanki həyata qayıtmağa məcbur edirdi. Bir xeylidən sonra çətinliklə gözlərimi açdım. Hər yer toz-duman içində idi. Heç nə görmür, eşitmirdim. Bir az keçmiş özümə gəldim, amma qulaqlarım eşitmirdi. Birtəhər yerdən qalxmaq istəyəndə gördüm əlim yaralanıb amma hərbi yarım əlcək əlimdə olduğuna görə əlimin əti üzülüb düşməyib. Əl hərəkətlərindən hiss edirdim ki, döyüşçülərimiz məni çağırırlar. Biz həmin vaxt 14 nəfər idik, bizdən 11  nəfər Şəhid olmuşdu, mənimlə birgə 3 nəfər də ağır yaralanmışdıq. Mən birtəhər onlara tərəf hərəkət elədim. Ayağım da ağır yaralanmışdı. Onlara çatanda döyüş ləngiməsin, tapşırıq yarımçıq qalmasın deyə kapitan Novruzov Orxana döyüş tapşırığını verib qalan heyəti döyüşə yolladım. O vaxtda Şəhidimiz Həmid Cəfərlinin cibindən telefonunu götürüb komandanlığa zəng edib kömək istədik. Rəhmətlik Şəhidimiz kapitan Ülvi Hüseynov bizə köməyə gəldi. O məni 3 km çiynində zirehli texnika olan yerə gətirdi. Yağış yağdığından texnika ora çıxa bilməmişdi. Biz kömək gələnə qədər əl qumbaralarımızı hazır saxlamışdıq ki, ermənilər bizi yaralı halda əsir götürməsinlər. Ülvi gələndə görüb ki, mən avtomatı özümə tuşlamışam amma halım olmayıb tətiyi çəkəm. Bizi Fizuliyə Diaqnostika mərkəzinə gətirdilər. Mən özümə gəlib ayılanda Yevlax rayon Mərkəzi Xəstəxanasında idim. Əlim, ayağım əməliyyat olmuşdu. Artıq ayın 7-də biz kapitan Ülvi  Hüseynovun Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq Şəhid olduğu xəbərini aldıq...

QÜRURLA ADDIMLAYIRDIQ...

Ermənilər o cənnət məkan Qarabağı xaraba qoymuşdular. Çıxarkən hər yeri dağıdıb, yandırıb çıxmışdılar. Təsəvvür edin ki, yağış yağırdı biz 1 ağac tapıb daldalana bilmədik. Tək əsgərlik səngər qazıb orda bir az yuxumuzu alırdıq. Səngərlə bizim aramıza dolan yağış suyu bədən temperaturumuzla istilənirdi. Əynimizdə brezent su keçirməz kamuflyajlar var idi, amma bununla belə biz yağışın suyunda səngərdə yuxu alırdıq.


ERMƏNİLƏR POSTU QOYUB QAÇIRDI

Biz Fizulinin Horadiz kəndiylə Ağoğlan( Hadrut) kəndləri arasında döyüşlərdə ermənilərlə üz-üzə döyüşürdük. Təsəvvür edin ki, onlar yüksəklikdə mövqelərini qurmuşdular. Biz isə aşağıdan vuruşa- vuruşa qalxırdıq. Bizim hərbiçilərin səs-küyündən, qışqır-bağırından, vahiməsindən onlar yüksəkliklərdəki postlarını atıb qaçırdılar...

XƏSTƏXANADA İZDİHAM YAŞANIRDI...

Bildiyiniz kimi noyabrın 9-dan 10-na keçən gecə düşmən məcburi kapitulyasiyaya cəlb olundu və müharibə bizim qələbəmizlə bitdi. Onda mən Zərdabda xəstəxanada idim. Ayağımdan əməliyyat olmuşdum, əlil arabasında idim. Təsəvvür edin yaralılar gecə ağrıdan yata bilmirdilər, həkimlər də hər an yaralı gətirilir deyə yatmırdılar. Prezidentin qələbə xəbəriylə sanki xəstəxana yerindən oynadı. Bir anlıq millətin küçələrə axışıb öz sevincini paylaşmasıyla Zərdabda izdiham yaşandı. Biz bu qələbəni Şəhidlərimizin qanı hesabına qazandıq...
QAZİLİYİN MÜBARƏK, QARDAŞ!!!

BU QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZƏ VƏ QAZİLƏRİMİZƏ BORCLUYUQ!!!

HAQQINIZI HALAL EDİN...

Sevinc Muradxanli

AZƏRBAYCANREALLIĞI.COM


Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

  • 30 noy, 10:18
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR 
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

  • 23 noy, 21:00
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

  • 09 noy, 22:00
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

  • 01 noy, 19:30
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA 
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar