Qorxağın cəsarəti - Elnur Məmmədli yazır...

Köşə
 17-11-2021, 12:26     330


İki gün əvvəl Ermənistanla sərhəddə baş verən insidentlərlə bağlı bir video yayılmışdı. Bir neçə Azərbaycan əsgəri bir bölük erməni hərbiçisini tərkisilah edib qabağına qatmışdı. Orada bəzi aşağılayıcı ifadələr də səslənirdi, erməni əsgərləri təhqir olunurdu, söyülürdü. Amma bu dildə səslənən təhqirlər boş şeydir. Ən böyük təhqir bir ölkənin, xalqın qürur yeri hesab olunan əsgərlərinin tərksilah edilib tutduğu mövqeyi, hərbi postu başıaşağı tərk etməsidir. 

Mən çox istərdim ki, xalqın, dövlətin qürur mənbəyi əzələ deyil, elm, texniki inkişaf, yüksək təhsil, böyük ixtiralar, istehsalat və vətəndaşlarının yüksək yaşayış səviyyəsi olsun. Ancaq nə edək ki, dünya qədim dünya olduğundan ibtidai dövürün qalıqları - əzələ, fiziki güc hələ də önəmli yerlərdən birini tutur. Həm də var olmağın əsas prinsiplərindən biri kimi öz mövqeyini qoruyur. Min illər əvvəl mağarada olduğu kimi...
Mövzudan uzaqlaşmayaq.

Ermənilərin bu rəzil durumu onların cəsarətinin sıfırın altında olmasının nümayişi idi. Ermənilərə uşaqlıqdan təbliğ olunan “türklər xoxandır” tərbiyəsinin vizual görüntüsü ortaya çıxmışdı. Həqiqətən də elə bil “xoxan” görmüş uşaqlar idilər. Onların içərisində bir nəfər də cəsarət edib bu aşağılanmaya etiraz edə bilmədi. Görüntü onların xalq olaraq nə qədər qorxaq olduğunun daha bir isbatı idi.

Bəs qorxaq nə vaxtsa cəsarətlənə bilərmi? Yalnız bir halda: Qarşısında özündən zəif biri duranda o, çox cəsarətli olur. Cəsarət tələb olunmayan zaman qorxaqlar çox cəsur görünürlər. Necə ki, birinci Qarabağ savaşında ermənilər bu “cəsurluğu” Xocalıda silahsız insanların, körpələrin, yaşlıların, qadınların qarşısında göstərmişdi. Onların bir daha “cəsur” olmasına heç vaxt şərait yaratmamalıyıq. 

Dünyanın psixologiya mərkəzləri insan cəsarəti ilə bağlı onlarla təcrübə həyata keçirib. Bütün bu təcrübələrin nəticəsi o olub ki, insan tək olduğu zaman daha cəsarətli (burada cəsarət həm də təşəbbüsü və ya məsuliyyəti öz üzərinə götürmək anlamındadır) olur. Yəni əgər həmin anda cəsarət gözlənilən insan sayı nə qədər çox olarsa, onu nümayiş etdirmək faizi o qədər aşağı düşür. Biz ermənilərdə nə tək halda, nə də çoxluqda belə bir xarakter görməmişik. Bir halda görmüşük, onu da yuxarıda qeyd etdim.

Cəsarət öyrənilə bilən də ola bilər. Bunun üçün uzunmüddətli təlimlərə ehtiyac var. Amma əksər hallarda bu davranış doğuşdan yaranır, genlərlə ötürülür. 

Başqa bir hadisəni yadınıza salmaq istəyirəm. Amin Musayev yadımızdadırmı? 44 günlük müharibədə iki gün yaralı, ac-susuz, bayğın halda qaldıqdan sonra ermənilərə əsir düşmüşdü. Ermənilər onun əsir düşmə anının videosunu yaymışdı. Həmin videoda onun hərəkətində və gözlərində qorxu gördünüzmü? Amin yarımcan olsa da, onun davranışında heç bir tərəddüd yox idi. Ermənilərin söyüş və təhqirinə anındaca cavab verirdi. Amin sadə bir vətən övladı idi. O, uzun hərbi təlimlər, psixoloji dərslər keçməmişdi. Bu davranış onda doğuşdan vardı və lazım olan anda nümayiş etdirdi. 

Bir daha qeyd edim: Düşmənimiz qorxaqdır. Özü də heç bir əxlaq sərhədi olmayan qorxaq. Ona nə vaxtsa “cəsarətli” olmaq şansı verməməliyik. Buna cəhd etdikdə isə cavabı beş qat artıq olmalıdır. Dünənki cavab kimi...

AZƏRBAYCANREALLIĞI.COM