Topxanada iş gedir...

09, 11, 21
09:35

Topxanada iş gedir...

1988-ci ildə başlanan Meydan hərəkatının təkanverici hadisələrindən biri Şuşa yaxınlığındakı Topxana meşəsinin ermənilər tərəfindən qırılması idi. Əslində həmin ilin 17 noyabr mitinqləri – sonradan tariximizə Milli Dirçəliş Günü kimi yazılan əhvalatların da mərkəzində Topxana meşəsinin qırılması dururdu. Mitinqin əsas şüarlarından biri, hətta yanılmıramsa birincisi elə Topxanada ekoloji fəlakəti dayandırmaq tələbi idi.

Burada qısa arayış verim, Topxana meşəsi adını şah Qacarın Şuşanı mühasirəyə aldığı 1795-ci ildən götürür. O zaman şah toplarını bu meşəlikdə yerləşdiribmiş. Meşə palıd, fıstıq, qarağaclarla zəngin, gözəl mənzərəli yerdir. Ermənilərsə oranı qırıb ərazidə nəsə sənaye obyekti qayırmaq istəyirdi. Əlbəttə, sənaye bəhanə idi, onların məqsədi Şuşa ətrafındakı təbii gözəlliyi xarabalığa çevirmək, azərbaycanlıların könlünü-gözünü bulandırmaqdı.

Axı biz təbiətin korlanmasına çox dözümsüz yanaşırıq. İşğal edilməyən ərazilərimizdə meşələr daima göz bəbəyi kimi qorunmuşdur. Hansısa ağacı kəsib yerini qaraj, villa, göydələn, restoran, mədəniyyət evi, məktəb, muzey, kababxana, teatr, xəngəlxana və sairə üçün satanlara düşmən münasibəti bəsləmişik. Təbiəti korlayanlarla qohum olmağa, qız verib oğlan almağa daim pis baxmışıq. Biləcəridə “Bulaq” restoranının müdiriyyəti ərazidəki küknarların dibinə yandırıcı kimyəvi turşu töküb ağacları qurutmuşdu, ekologiya idarəsi bu münasibətlə onu 60 min manat cərimə etmişdi. Lakin xalqın qınağı daha dəhşətli olmuşdu, daha əhali həmin restorana kabab gəmirməyə, araq içib gəyirməyə getmir. (Əlbəttə, zarafat edirəm, ağaclar quruyandan restoranın kliyentləri də artmışdır).

Sözümü ona gətirirəm ki, indiki uşaqlar bəlkə bilməz, ancaq Meydan hərəkatı, müstəqillik uğrunda mübarizəmizin ilk dövrlərində Topxana meşəsi populyar kültürdə özünə əməllicə yer tutan bir coğrafi subyekt idi. Meydan hərəkatının özünəməxsus folklorunda (yada salın: “Hava yaman bürküdür, Ermənilər tülküdür”, “Rus, fars, erməni, Bunlar türkün düşməni”, “Hava yaman soyuqdur, Ermənilər toyuqdur” və sairə) Topxana meşəsinin başına gətirilənlər də əksini tapmışdı. O dövrün yaddaqalan şüarlarından biri məhz bu cür idi: “Topxanada iş gedir, Bakıda nümayiş gedir”. Şüarı Azadlıq meydanında gurultuyla, yorulmadan səsləndirən kütlə işarə edirdi ki, ermənilər orda meşəni qırır, biz isə boş-boş nümayiş keçirməkdəyik.

2021-ci ilin 8 noyabrında 33 il qabaqkı o günləri xatırlamağım səbəbsiz deyildi. Zəfər bayramına həsr olunan xəbərlər içindən biri diqqətimi çəkmişdi: “Topxana meşəsinin bərpasına start verildi”. 8 noyabrda dövlət rəhbərliyi səviyyəsində meşədə ağac əkilməsi işlərinə başlanılıb. Qəribədir ki, elə həmin gün yenə Bakıda “nümayiş gedirdi” – camaat Zəfər bayramını qutlamaq üçün yürüşə çıxmışdı. Folklor nümunəmiz 33 il sonra tamamilə başqa rəng almışdı. Artıq Topxanada işin getməsi də, Bakıda nümayişin getməsi də müsbət hadisəyə çevrilmişdi. Tarixin belə qəribə oyunları var.

Sözgəlişi, hansısa şeirin, ədəbiyyat örnəyinin zamanla başqa mənalar alması rast gəlinən əhvalatdır. Yaza-yaza ağlıma Konstantin Simonovun çox məşhur “Gözlə məni” şeiri gəldi. Bu şeir ilk dəfə 1941-ci ilin dekabrında çap olunub. Sovet adamları onun məzmununu yaxşı bilir, gənclər üçünsə qısaca yazım: şeirin qəhrəmanı sevgilisinə üz tutub deyir ki, məni gözlə, od-alovun içindən çıxıb geri dönərəm. Hamı yorulsa, unutsa da sən unutma, gözlə. Sən gözləsən mən sağ qalaram və geri qayıdaram. Bir növ bizim Qarabağa geri qayıtmağımız kimi. Şeirin qəmli cəhətlərindən biri isə odur ki, Simonov bunu arvadı Valentina Serova-ya həsr eləmişdi, ancaq Serova bu cür gözəl şeirə layiq olmadı, tezliklə Simonova xəyanət elədi, axırda cütlük ayrıldı. Lakin SSRİ dağılan ərəfədə şeirin tarixçəsi haqda başqa maraqlı versiya ortaya çıxmışdı: deyirdilər əslində Simonov şeiri 1937-38-ci illərdə yazıb. Mövzu isə repressiya qurbanı olan, sürgün edilən şairin sevgilisinə “məni gözlə” müraciəti imiş. Yəni, Böyük Vətən Müharibəsinə tamamilə dəxilsiz mövzu... Necə deyərlər, düzünü Simonov bilir. Bunu da maraqlı versiya kimi yazdım.

Zamin HACI 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın