Dünyadan qovulan məsum kimliyim

06, 11, 21
09:58

Dünyadan qovulan məsum kimliyim



Leyla Sarabi

Cildimi deşib körpələndiyim, zaman-zaman gah qadın, gah kişi, gah da hermafrodit funksiyama qoşulub böyüdüyüm 33 vərəqdən, 33 günahdan, 33 savabdan ibarətəm.

Qürur, güvən sözü leksikonundan qanla silinmiş qadınların boş qalmış qundağını yelləyirəm.

Günahlarını arvadının qara niqabının içində gizlətməyə çalışanları ifşa edirəm.

Ayıbı, utancı təkcə qadının üzünə üfürən cəmiyyəti daha çox körpə ilə mükafatlandırmaq istəmirəm.

Torpağa qarışıb çürüyənlərindən tutmuş, anasının bətninə qısılmışınadək hamısını alnına möhürlənmiş qaynar damğasından tanıyıram.

Necə ki, üsyan etməyə haqqı olmayan mənim, içindəki zülmət quyuya qışqıran sənin, 11 yaşında dünyadan qovulan məsum kimliyimizin adı dəyişsə də, mahiyyətimiz eyni qalacaq.

Bu yaşımın tən yarısı qədər idim. İçimi-çölümü avqustun əjdaha nəfəsi göynədirdi. Gələcəyimi, ümidlərimi, bəslədiyim kapasitəmi də dimdiyimə alıb, növbə ilə repetitor müəllimlərin ünvanına qonurdum.

Dar küçələrdən keçdiyim dalan vardı. Hər addımıma isti qır kimi yapışan yorğunluğumu qopara-qopara mənzil başına çatırdım. Bu ritual dərimi külə çevirsə də, ümidlərimin sərmayəsi idi.

Kimsəsiz küçənin yetim dalanında qəribə hənirti külək kimi üzümə çırpıldı. Tələsib önümü kəsən kişiliyindən yarım, insanlığından qısır kimsə... nə isə... yolumu kəsdi.

Özümü toplayıb, var gücümlə qışqırmağa, geriyə qaçmağa başladım. O da qorxu içində gözdən itdi.

Qapının ucuna qısılmış anam ürəyini ovcunda əzib məni gözləyirmiş demə...

Mən o travmadan qurtuldummu, bilmirəm? Amma valideynlərimin isti qucağı, yenidən körpəliyimə qayıdıb alov üstündə mənimlə addımlamaları sayəsində düyünümü açdım.

Bəlkə anamın ölümündən sonra da içimi dolduran sevgisinə görədir ki, bizə zərər verən ətrafımızdan da çox plasentasından qoparıb zibil qabına tullayan anaları lənətləyirəm.

Bəlkə atamın verdiyi hüdudsuz kişi güvəni sayəsindədir ki, nəfsinə sahib çıxa bilməyən xəstələri, caniləri “evlənib, düzələcək” deyib üstümüzə qışqırdan atalardan küsürəm.

Əslində, ilin bir günü biz qadınları doğduğumuz kişilərdən qoruyan tarix kimi qeyd olunur. BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı qadına qarşı şiddətlə mübarizə günü elan edib. Həmin tarix BMT tərəfindən təsadüfi seçilməmişdi. Çünki 1961-ci ilin 25 noyabrında Dominikan Respublikasının diktatoru Rafael Truhilyonun əmri ilə siyasi fəallardan olan Mirabal bacıları vəhşicəsinə qətlə yetirilmişdilər.

O vaxtdan bəri ağ lent qadına qarşı hər cür şiddətlə mübarizənin simvolu sayılır. Bu cəmiyyət illərdir məni, anamı, bacımı zorakılıqdan qorumaq üçün hansı yollara əl atmayıb ki?! Amma beynimizi yeyən kar uğultu susmur ki, susmur.

Qadın zorakılığına qarşı diqqətçəkən kampaniyaların biri də 2016-cı ildə feysbukda yarandı. Bu kampaniyanın əsas məqsədi ailədaxili şiddətə məruz qalan qadınların üzərinə diqqət çəkmək idi. Ovcunun içərisinə qara nöqtə çəkib sosial hesabında paylaşan qadınlar ciddi təhlükə ilə üz-üzə olduqlarını bildirir və kömək istəyirdilər. Lakin məlumat kifayət qədər gizli saxlanılırdı ki, həmcinslərim ikiqat təhlükə ilə qarşılaşmasınlar. Elə ilk sutka ərzində dünyanın hər nöqtəsindən 6000 qadın ovcunda qara nöqtə ilə şəkil paylaşdı. Hüquq-mühafizə orqanlarına xəbər verildi.

Həmin kampaniyanın təşkilatçılarından biri olan “Femmes et Féministes Insoumises” adlı rəsmi səhifə ilə əlaqə saxladım. Təşkilatın yaradıcısı bildirdi ki, bu gün dünyanın hər yerində olduğu kimi Fransada da qadına qarşı zorakılıq halları susmur.

Feminist deyiləm. Üzərimə götürmək istəmədiyim böyük məsuliyyəti var, amma mən qadının tükənməyən gücünə inanıram, cəhalətə sürüklənməyini istəmirəm.

Bəli, bu gün ölkəmizdə də qadın, körpə sığınacağı fəaliyyət göstərir. Həmin məkan böyük bir leysanın sadəcə bir neçə damcısını ovcunda saxlayır.

Məşhur kişilərimiz də böyük plakatlara şəkillərini həkk edərək “qadın insanın dostudur” kimi cümlələrlə cəmiyyətə mesajlar göndərirlər.

Mənsə... Məsumiyyətini şiddət udan bütün “MƏN”lərin əvəzinə ovcuma ürəyim boyda qara nöqtə qoyuram. Allah görüb susmasın deyə...

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın