Möcüzə Qadın...

23, 10, 21
10:08

Möcüzə Qadın...


Hər gün ağılımda və fikirlərimdə olan Qadın, sənsiz keçən günlərimin necə mənasız olduğunu görürsənmi. Ülkər, məni ancaq bu acıları yaşayanlar anlaya bilər. Ürəyimin necə əsdiyini və əllərimin saçının tellərinə necə həsrət qaldığını bir Allah bilir. Qorxunun və möhnətin nə olduğunu həsrət çəkənlər bilər. Sənsizlikdən və həsrətdən hər gün ölən insanın necə xatirələrlə yaşadığını görürsənmi. Bu soyuq havalarda sevginin istiliyini hiss edə bilmədiyimdən yaman üşüyürəm. Əllərim soyuqluqdan bir hənir gəzir inan. Sən elə bir möcüzə qadın idin ki, sevginlə məni isitmişdin. Səni qara torpağa tapşırdığım gündən paramparça olmuşam və qəlbim viran qalmış xarabalığa oxşayır. 

Bu həyatda Allahdan nə istəmişdimsə mənə vermişdi və illər sonra mən xoşbəxtliyi səndə tapmışdı. Amma bu xoşbəxtlik yarımçıq qaldı. Bu gün isə bədbəxt bir kişiyəm. Hər gün körpələrinin gözlərinə baxaraq, onlara Analarının bir daha geri gəlməyəcəyini dilə gətirməyə cəsarət tapmayan zavallı insanam. Kaşki sevgi dolu günlərimizə geri qayıda bilsəydik. Çünki içimdəki yaranmış boşluğu yalnız sən və sənin sevgin doldurmuşdu. Ey mənim cənnət mələyim səni hər zaman qəlbimdə yaşadacam. Sən elə bir fərqli insan idinki mənə həyat bəxş etmişdin. İnanki sənin barəndə nə desəm kəlimələr çatmaz. Mən ailə dəyərini, məhəbbəti səndə hiss etmişdim. Hər gün çəkilirəm qaranlıq, tənha otağa doyunca ağlayım deyə. Çünki körpələrin yanında ağlaya bilmirəm, onlara sənsizliyin acısını necə yaşadığımı anlatamam. İnanki həsrətli qəlbimi dörd divar yaman sıxır. Bu dərdlə nə zamana kimi yaşayacam. 110 gündən çoxdur ki, yuxuma belə gəlmirsən. Bəlkə gəlsən içimdəki bu həsrət acısı biraz rahatlar. Sən gəlməsən də mən səni torpağa tapşırdığım gündən hər həftənin dördüncü günü gəlib ziyarət edirəm. 

Ömrümün sonuna qədər sənə olan sevgim yaşayacaq və hər zaman mənimlə olacaqsan. Sənə şad xəbərim var cənnət mələyim. Körpən Nilay dil açmağa və mama deməyə başlayıb. Hər gün rəsmini qarşımıza qoyub, iki körpənə sənin necə əvəzolunmaz qadın olmandan və bizi dərin məhəbbətlə sevməyindən danışıram. Sənin cənnətdə bizi gözlədiyini və mələk olduğunu bildirirəm. Ülkər, bu sətrləri yazarkən belə gözyaşlarımda boğuluram inan. Bir zamanlar sənsizlikdən necə qorxduğumu sənə anlatmışdım. Bu gün isə qorxu dolu günlərimi yaşayıram (əgər buna yaşamaq demək olarsa). 

Harada qalmısan ay Ülkər, tez ol gəl nə olar. Darıxan ürəyim, səni gözləyir mənim cənnət mələyim. Təbiət belə mənim içimdəki fəryadı və dərdimi duyur. Qəlbimdəki niskili, kədəri görmürsənmi. Gəl ey sevgili yar və içimdəki dərdi, qəmi dindir. Yuxularıma gələrək həsrətin, özləmin, sənsizliyin acısını necə yaşadığımı sual et. Ülkər, o hissləri və həmin duyğuları necə yaşadığımı sözlə ifadə etmək olmur. Onu sadəcə yaşayırsan. Deyə bilmirsən. özləm, həsrət necə yaşanır. Ayrılığın, həsrətin acısını hətta mahnı ilə də ifadə etmək olmur. İnsan o hissləri ifadə edə bilməz. Yalnız yaşaya bilər. Gül üzünə qurban olduğum, mən həsrətli sevginin ağrı və acısını yaşayan bədbəxt biriyəm. Sevən kişini bir qadının yoxluğu yaman titrədir…

Peyman Sadıqov

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın