Sənsizliyin 100 günü…

11, 10, 21
08:55

Sənsizliyin 100 günü…


Ey mənim cənnət qoxulu gül üzlü mələyim, 100 gündür aramızda yoxsan və əbədiyyətə qovuşmusan. Düşünürsən sənsiz necə çətindir şəhəri gəzmək. Sənsiz açılan səhərlərimin hər günü çox mənasızdır. İnanki gözlərim açılan kimi sənin yoxluğunu düşünmək çox ağır gəlir mənə. Hətta yuxuya getmədən öncə səni düşünmək belə mənə az gəlir. Dəyərlim, başımın tacı inanki səni hər an, hər dəqiqə düşünürəm və içimdə alovlanan həsrət odu məni paramparça edir. Mənə çox çətindir Bakıda sənsiz yaşamaq. Çünki bu şəhəri sənsiz təsəvvür edə bilmirəm. Ona görə ki, sənli olan şəhərdə səndən ayrı yaşamaq mənə ağır gəlir. Bilirəm ruhun mənimlədir və hər an yanımda dolaşır. İnan ki, hər dəfə telefonuma zəng gələndə sənsən deyə düşünürəm və  sevinirəm. 

Amma sənin olmadığını görəndə məyus oluram və qəhər məni boğur. Cənnət mələyim, gözlərim qapılarda qalıb inan. Qapı döyüləndə sən gəlmisən duyğusu ilə ürəyim əsir. Bilirəm mənimkisi heç vaxt reallaşmayacaq bir xəyal və ümid… Bilirsən mənim üçün necə çətindir hər dəfə sənin məzar daşına baxmaq və ona toxunmaq. Çarəsiz şəkildə, boynu bükük halda, gözləri yaşlar içində səni seyr etmək mənim acı taleyim imiş deməkki. Saçlarının telinə toxuna bilməmək, sənin qoxunu yetim qalmış övladlarıma sarılaraq almaq məni hər gün öldürür. Mən səni itirdiyim gün bütün xoşbəxtliyimi, gülüşlərimi, varlığımı, duyğularımı, arzularımı və xəyallarımı qara torpağa basdırdım. Sağikən ölən adam mənəm  torpağına qurban olduğum. Sənsizlik canımda çox darıxıram. Evini, körpələrini necə qoyub getmisənsə, eləcə də qalıb. Otaqların səliqə-sahmanı sən qoyub getdiyin kimidir gül üzlü yarım. Sənsiz evə isinişə bilmirəm. 

Son nəfəsini aldığın otaqda sənsiz oturmaq çətindir mənə. 100 gündür evimizdə nə yemək bişir, nə də çay dəmlənir inan. Sənin yoxluğun nəinki həyatımı həmçinin düzənimi məhv edib. Sənsizlik yaman sarsıdır məni Ülkər. Nə olar gəl yox eylə sənsizliyin yükünü yalvarıram sənə. Bəzən itirdiyini bir daha tapa bilməyəcəyini dərk edən bədbəxt kişi ümidsizliyə qapılır. Onu həyata bağlayan, yaşayıb-yaratmağa səsləyən qüvvənin qəfildən dünyadan köçdüyünü görəndə canından can ayrıldığının fərqinə varmağa, bu fani həyatda təkləndiyini dərk etməyə başlayır. Həmin gündən ürək sızıltıları ilə elə ürəyin özünü yandıran sel yaşları...

Sevən və bədbəxtliyə düçar olmuş kişi isə İlahi eşqin həyat faciəsini, sevginin dünya boyda iztirablarını, sədaqətin, səadətin, vəfanın sirli-sehirli tərənnümünü əbədiləşdirməyə başlayır. Nə qədər ki, nəfəsim gedib-gəlir bu hicran atəşi, həsrət acısı içimdə yaşayacaq Ülkər. Sənsiz keçən ömrümdə tənhalıq hissini heç kimin dolurmayacağı boşluqların hər zaman var olacağına əmin ol məzarına qurban olduğum.

Peyman Sadıqov 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın