Eskimoslar körpələri niyə soyuducuda saxlayır?

06, 10, 21
08:36

Eskimoslar körpələri niyə soyuducuda saxlayır?



Leyla Sarabi

Hər dəfə üşüyəndə məşhur lətifəni xatırlayıram. Eskimoslar ərzaqlarını soyuducuda saxlayırlar ki, don vurmasın. Hətta iş dalınca gedəndə uşaqlarını da eyni qaydada şaxtadan qorumağa çalışırlar.

Çünki yaşadıqları ərazinin iqlimi sərtdir. Əslində, mənə görə sərtlik təkcə soyuqla paralel addımlamır. Etiraf edək, hətta xoşbəxtlik hormonumuzun episentri Günəş belə həddini aşanda, qarğış yağdırıb balalarımızı klimanın altında əriməkdən qoruyuruq.

Ümumiyyətlə, istinin məhvedici gücünə daha çox inanıram. Belə olmasaydı, körpəmizi “cızza” deyib hürkütdüyümüz alovu böyüdükcə “cəhənnəm odu” adı ilə modifikasiya etməzdik.

Qəribədir, Günəşin alovunu ovcuna doldurub bizi böyüdən ananın ömrü bizi oddan uzaq tutmaqla əriyir. Yaş artdıqca kainat addımlarımızın düzənini də ocaq qorxusu ilə tənzimləyir. Əminəm ki, cəhənnəm varsa, oradakı cəza növləri qaynar qazandan daha kreativdir, rəngbərəngdir. Elə dünyanın bu üzü də ağrılardan kasad deyil. Hər halda getmədən, görmədən fikir yürütməyim absurddur.

Getmək dedim, xatırladım. Səfər etdiyim ölkələrə xas ləzzətləri elə orada dadmağı sevirəm. İlk dəfə Türkiyədə dönərçidən əsl dönər almağa yaxınlaşdığım gün usta həvəsimi qursağıma düyünləmişdi. Ocağın üstündəki ət rulonunu döndərə-döndərə özümüzü cəhənnəm oduna hazırlayırıq deyib, sözlərini əzrayıl kimi gözümə batırmışdı.

Ondan sonra dönərdən soyudum desəm də, inanmayacaqsan. Daha qaynar həzlə yeməyə başladım.

Bəlkə də buna görə sevginin ən doğru tərifidir alov. Bəlkə də alovun ən dəqiq adıdır qorxu. Sevirsənsə, qorxursan. Səni çürüdən də, böyüdən də, yan gəzdiyin günahlara batırıb odsuz yandıran da alovdur.

Hər dəfə üşüyəndə ən isti xatirələrimin altını qalayıram. Şaxta məsamələrimə dolub içimdəki körpələri dondurmasın deyə.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın