DİLİMİZ VƏ TƏFƏKKÜRÜMÜZ

03, 10, 21
09:59

DİLİMİZ VƏ TƏFƏKKÜRÜMÜZ


Rus dilində təhsilə olan marağın artması cəmiyyəti xeyli dərəcədə silkələyib. Fərqli baxışlar ortaya qoyulur. İnsanların istəyinə qarşı çıxanlar var. Ancaq bu istək də düşünülmüş olmalı və labirintə düşməməlidir.

1981-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. Maraq naminə bir tələbə dostumla rus bölməsində fizikadan keçirilən seminarda iştirak etdik. Andrey Saxarovun kitabından məsələ həll edirdilər. Bizi təəccüb bürüdü. Bir məsələni həll etmək üçün lövhəni iki dəfə sildilər. Bizə isə fizikanı çox sadə misallarla izah edirdilər. Əlbəttə ki, bu cür öyrətmə ilə yaxşı fizik yetişə bilməzdi.

Rus sektorunda Riçard Feynmadan 12-cildlik mühazirə kursundan fizikanı tədris edirdilər, bizdə isə Niftalı Qocayevin yazdığı tək bir dərslikdən. Saxarovun kitabından məsələ həll etmək üçün bazamız yox idi. Azərbaycan dilində kimyadan, biologiyadan, riyaziyyatdan və s.

Elmlərdən də dərsliklər yox səviyyəsində idi. Konkret olaraq fizikanın bütün bölmələrindən bir ya iki kitab tərcümə etmişdilər. Onlar da başa düşülmürdü. Ədəbəyiyyat qıtlığından və rus dilini yaxşı bilmədiyimizdən nə yaxşı müəllim, nə də yaxşı alim ola bilmədik.

Tarixçilər və filoloqlar da bizim günümüzdə idilər. Məsələn, tarixin atası sayılan Herodotun “Tarix ” əsəri hələ indi də dilimizə tərcümə olunmayıb. Mən hələ Mommzeni və Kollinqvudu demirəm. Rus bölməsində oxuyanlar isə bu görkəmli kitablardan məlumatlı idilər. Rus dilinin lazımsızlığı barədə biri Uşinskidən misal gətirmişdi.

Mən isə Hüseyn Caviddən misal gətirirəm: “İbtidai məktəb üçün türk (Azərbaycan) dilində müxtəsərcə qiraət, kitabət, elmi-əşya, coğrafiya, hesab, türk tarixi və islam tarixi kimi fənlər kifayət edər. İkinci ildən etibarən rus dili də təbii əlavə edilməlidir. Çünki onsuz da iş aşmaz.”

Şagird olduğumuz vaxtlar əlimizə Mayn Ridin “Başsız atlı” kitabı keçmişdi. Oxuyub bir-birimizə ötürürdük. Kitabı orijinaldan yox, rus dilindən tərcümə etmişdilər. Nə etmək olardı? İngilis dilində bədii əsər oxumaq heç ağlımıza belə gəlmirdi. İndi də həmin vəziyyətdəyik... Tərcümələri rus və türk dillərindən edirlər. Kim həmin dilləri bilirsə mütaliə dünyasına daha tez daxil ola bilir.

Sovetlər dağılandan sonra elə bildik ki, rus dili sıradan çıxacaq. Reallıqda onu xarici dil kimi ingilis dili əvəzləməli idi. Bu da nizamlı xarakter daşımadı. İngilisdilli məktəblər və baxçalar açıldı, bunlar uşaqların zehnini dəyişdi, lakin bilik vermədi. İngilis dilindən çox az sayda sanballı elmi ədəbiyyyatlar dilimizə çevrilib. Bu dilə münasibəti belə ifadə edirik: “İngilis dilini bilirsən?” Vəssalam...

Bir maraqlı misal çəkim. Şərq-Qərb nəşriyyatı “Ədəbiyyat üzrə Nobel mükafat” seriyasından Nobel mükafatı laureatlarının kitablarının tərcüməsini və çapını həyata keçirdi. Əsərlərin 95 faizi rus dilindən tərcümə olundu. Tərcüməçilərdən biri İlqar Əlfioğlu Tomas Mannı (orijinal alman dilində), Toni Morrisonu (orijinal ingilis dilində), Joze Saramaqonu (orijinal portuqal dilində) rus dilindən dilimizə çevirib. Yəni adam alman, ingilis, portuqal dilindən rus dilinə tərcümə olunmuş əsərləri götürüb dilimizə tərcümə edir. Ortada söyülən rus dilidir.

Görünən dağa nə bələdçi? Rus dilinə maraq bu dildə danışmaq bacarığı qazanmaq məqsədini güdür. Bu dildə çeşidli ədəbiyyatlardan elm öyrənmək arxa plana çəkilir. Bu dildə aparılan tədris də birinciyə xidmət edir. Rus dilində danışmağı kurslarda da öyrənmək olar.

Rus dilinin tədrisini tənqid edənlərdən biri mənim bir fikrimi öz adından səsləndirmişdi. Plagiatlığı bağışlayıram: “İbtidai təhsil pilləsindən sonra yuxarı siniflərdə riyaziyyatı, fizikanı, biologiyanı kimyanı və s. fənləri tədris edən müəllimlər yox dərəcəsindədir. Nəticədə valideynlər məcburiyyət qarşısında qalıb, uşaqlarını yenidən Azərbaycan bölməsinə qaytarırlar.”

Dil seçimində yanılmaq olmaz. Yanlışlıq şagirdin həyatın alt-üst edir.

Yazılan dissertasiyalarda istifadə olunan ədəbiyyatların 90 faisi rus dilində olan əsərlərdir. Bu dil lazımsızdırsa, onda niyə istifadə edirik? Alternativ isə hələ üfüqdə görsənmir...

Məşhur rus alimi Sergey Kapitsanın Qazaxstanın keçmiş baş naziri Kərim Məsimovla məşhur dialoqundan: “Biz belə bir konsepsiya qəbul etmişik ki, Qazaxstan Respublikasının vətəndaşları 3 dildə danışmalıdırlar. Biz qazax olduğumuz üçün qazax dilində danışmalıyıq. Rus dilinin hesabına biz dünya mədəniyyətini və elmini öyrənmişik və biz onu itirmək istəmirik. Üçüncüsü, millətin ingiliscə danışmasını qarşımıza məqsəd kimi qoymuşuq. Söhbət bizim bir millət kimi inkişaf proqramımızdan gedirsə, bizim üçün birinci təhsilin və elmin inkişafıdır. Biz elə şərait yaratmalıyıq ki, millətimizin qarşısında dayanan məslələri bizim növbəti nəsil bizdən yaxşı həll etsin.”

Yaxşı istəkdir və mübahisə doğurmur.

Dil həmişə təfəkkürün inkişafından geri qalıb. Hər bir elm özünün süni dilini yaradır. Hər bir sosial təbəqənin öz dili yaranır, normativ ədəbi dil isə bu müxtəlifliyi və rəngarəngliyi ehtiva edə bilmir. Tibbin dili latın dilidir. Fizikanın dili ingilis dilidir desək yanılarıq, çünki atomdan tutmuş anlayışların əksəriyyəti və işarələr yunandan gəlib. Yaponlar fiziki terminlərin yapon dilində qarşılığını tapıblar. Bəlkə də elə bu səbəbdəndir ki, 2000-ci ildən 2018-ci ilə qədər fizika, kimya, fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş yaponların sayı 16 nəfərə çatıb. Belə uğurlar, bu qüdrətli xalqın haqqıdır. Fiziki və kimyəvi anlayışları onlar öz dillərində daha tutumlu, daha başadüşülən kimi qəbul edirlər.
Bunu hər millət bacara bilməz.

Böyük ispan filosofu Xose Qasset Meksika şairi Nobel mükafıtı laureatı Okutavio Pasa etdiyi məsləhət yadıma düşdü: “Şeirlərin xoşuma gəlir, ancaq daha yaxşı şair olmaq istəyirsənsə, iki dildən birini mükəmməl bilməyin vacibdir. Bunlar düşüncə dilləridir. Ya yunanı, ya da almanı. İspan dili düşünmək üçün yetərli deyil..”

Ötən əsrin əvvəllərində yaşamış mütəfəkkirlərin əsərlərini oxuyanda onların düşüncə tərzi bizi heyərətə gətirir. Qori Müəllimlər Seminariyası böyük mütəfəkkirlər yetişdirib. Sarbonanı bitirmiş Əhməd bəy Ağaoğlunun düşüncə tərzi Qərb filosoflarından geridə qalmır. Doğma dilimizi necə gözəl bilirdi və bu dildə düşünürdü.

Məktəbin vəzifəsi uşaqları düşünməyi öyrətməkdir. Dilimiz buna imkan verirmi? Vasili Rozanovun təbirincə desək təfəkkürümüzü şam işığında isidəndə düşünməyə başlayırıqmı? Günün sualı budur. Buna təkan verən dillərdən insanları məhrum etmək doğru deyil. Dil məsələsi urapatriotluğu sevmir.

Bugünkü təhsil sistemimizin yetişməkdə olan gənc nəsildə formalaşdırdığı dil yarımsavadsızlığı bizi narahat etməlidir. Yeganə çarə inkişafın yeni durumunda klassiklərimizə qayıtmaq, dilimizdə insan hisslərinin və düşüncələrinin ən incə çalarlarını ifadə etmək qabiliyyəti ilə universal təhsil üçün açar funksiyasını daşıyan dilləri öyrənməkdir.

Etibar Əliyev, millət vəkili 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın