Gecə zəngi

27, 09, 21
09:03

Gecə zəngi

(Bu kiçik yazını sona qədər oxuyun. İnanın ki, qoca Heminqueyin "Əcəl zəngi"ndən daha maraqlıdır. Ən azından təxəyyül məhsulu deyil, real hadisələr əsasında yazıldığına görə)

Müharibənin ilk günləridir. Ölkəboyu internet işləmir. Cəbhədən həyəcanlı xəbərlər gəlir: "Xəstəxanalar yaralılar, morqlar meyitlərlə doludur." Bu arada qızım Maral tibb bacısı işləyən rəfiqəsinin köməkliyi ilə hospitalda könüllü kimi işə düzəlir. İcazə istəyir - etiraz edə bilmirəm. "Amma qızım, tibbi təcrübən yoxdu, sənə çətin olacaq"- deyirəm.

"Rəfiqəm deyir ki, yaralı çoxdur, həkimlər çatdırmır. Universitetdən "İlk yardım"la bağlı müəyyən bilgilərim var. Köməyimə yetər" deyir.

İki gün getdi; axşam 5-dən, səhər saat 7-yədək. Ən ağır yaralılar olan "Reanimasiya şöbəsi"ndə həkimlərə, tibb bacılarına buyruq qulu oldu Maral. Səhər evə yorğun, yuxusuzluqdan qan dolmuş gözlərlə gəlirdi. 3-cü gün anasına aglayaraq dedi: "Daha getməyəcəm, çox çətindi. Dörd tərəfin ağır yaralı. Birinin ayaqları yox, birinin gözləri, digərinin başının yarısı. Səhərə qədər ağrıdan inildəyən, sayaqlayan əsgərlər".
Qızımın yaşadıqlarını anladım. Birdən-ikiyə qan-qada görməyən, tibbi təcrübəsi olmayan birisi üçün həqiqətən də bu dözülməz idi. Buna əsəb, ürəkmi dözər? Amma iki gün sonra yenə getdi. "Gözümə yuxu getmir, ürəyim qalıb əsgərlərin yanında. Fikirləşəndə ki, kimsə həkim çatışmazlığından həyatını itirir, sanki bunda özümü günahkar kimi hesab edirəm" dedi.

Bax beləcə düz bir ay gedib-gəldi. Sonra hospitalın profili dəyişdi; əsgərləri xəstəxanalara paylaşdırdılar. Onları COVİD-19 daşıyıcıları əvəz etdi.

Maral danışırdı ki, əsgər valideynləri hər gün səhər tezdən gəlir, ta ki, komendant saatına qədər həyətdə gözləyirdilər: "Ambulans yaralı gətirəndə və yaxud içəridən meyit çıxanda hamı toplaşır, həyəcanla baxır, hərə "özününkü"nü tanımağa çalışırdı. Onları içəri buraxmırdılar. Qarşılarına çıxan hər ağ xalatlıdan həyəcan və kövrək səslə "bacı, sənə qurban, bəlkə  filankəsİ tanıyasan, sizin otdeldə ola?" deyə soruşurdular. Yorğun, soyuqqanlı həkim və tibb bacıları isə başlarını yelləyərək daima harasa tələsirdi".

Qızım deyir ki, ondan soruşanda həmişə yalandan da olsa "bəli, tanıyıram, yaxşıdır, sağalacaq inşallah" deyib. Çünki hər bu sözü eşidəndə sanki o anaların gözlərinə bir ümid işığı gəlir, sevinir, əllərini göyə açaraq "Ay Allah, sənə min şükür" deyirmişlər.
133965836_742609576377163_6530480280415763765_n.jpg (376 KB)
Maralın danışdıqlarından: "Reanimasiyadakı əsgər valideynlərinin əksəriyyətini tanıyırdım. Axşam "komendant saatı" çatanda əksəriyyəti az qala yalvararaq telefon nömrəsi verir, "qızım sənə qurban, bir yenilik olsa bircə kəlmə xəbər elə" deyirdilər. Əksər tibb bacıları bundan imtina edirdi.

Mənsə götürürdüm. Və gecə 12-dən sonra hər birinə zəng edirdim: "Narahat olmayın, yaxşıdır. Dünənkinə baxanda irəliləyiş var" deyirdim. Çünki bilirdim ki, mənimlə danışmayınca gözlərinə yuxu gedəsi deyil o anaların. Ən dəhşətlisi isə dünyasını dəyişən əsgər ailəsindən zəng gələndə olurdu. Necə cavab verəsən, nə deyəsən?"

Gerisini danışa bilmir Maral, səsi titrəyir. " Bax, o anda tibb bacılarının nədən telefon nömrəsi götürmədiklərinin niyəsini anlayırdım."
111.jpg (115 KB)
Amma bir dəfə qızım evə xoş əhvalda gəlmişdi. Əlində bir kiçik şirniyyat qutusu da vardı. Demə, əsgərlər minnətdarlıq əlaməti olaraq qızıma şirniyyat qutusu hədiyyə edib. Üstünə də yazıblar: "Maral xanım! Reanimasiyanın ən fədakar, sevimli insanına. Nə yaxşı ki, varsınız. Əsgərlərdən" . Və hər biri də öz taqətsiz, titrəyən əlləriylə imza atmışdılar-bacardıqları qədər. O qutunu əziz və qiymətli bir xatirə kimi hələ də saxlayırıq. O hadisəni həmin vaxt FB profilimdə də paylaşmışdım. Və paylaşmağıma da "peşiman" oldum. Yəqin oxuyanlar xatırlayar (status səhifəmdə hələ də durur) ki, həmin yazı ancaq məlumat xarakterli idi. Yəni ayrı heç bir müraciət-filan yox idi. Ancaq buna baxmayaraq tanıdığımız və tanımadığımız o qədər adamdan təklif və yardım gəldi ki. Əsgərlərimizin bu "jest"indən təsirlənın insanlarımızın hamısı onlara əvəz vermək istəyirdi. Nə qədər imtina etsək, başa salsaq da xeyiri olmadı. Qapıya qucaq-qucaq yardımlar gəldi.

Əlcək, corab, alt paltarı, diş pastası, üzqırxan, tibbi ləvazimatlar, sular, şirələr və.s. Bu həddən artıq çox idi. Həmin vaxt isə mən, ağır əməliyyat keçirmişdim deyə maşın sürə bilmirdim. Ona görə də hamıdan yardım göndərməməyi xahiş etdik. Göndərilənlərin bir qismini Maral hospitala çatdırdı. Yerdə qalan böyük bir hissəəsini isə Kamil Zeynallının "Metropark"dakı qərərgahına yolladıq. O da sağ olsun, cəbhədəki əsgərlərə çatdırdı.
Bir neçə gündən sonra müharibə bitdi. Qələbə sevinci ötüb-keçən bütün acı xatirələri yaddan çıxardı. Hər şey keçmişdə qaldı, tarixə çevrildi. Amma demə, bu acılı-şirinli "xatirə buketi" tamamlanmayıbmış...
***
Axşam saat 10 radələridir; qapının qəfil zəngindən hamını diksinir: "Allah xeyir eləsin, kim ola bu vaxtı?" Çölə çıxıram. Taksi sürücüsüdü.

- Hüseynli Maral burada yaşayır?

-Bəli. Mən atasıyam. Nə olub ki?

- Bunu sizə Saatlıdan Yavər dayı göndərib. Əsgər Süleymanın atası.

Bunu deyib maşının baqajından iri bir zənbil çıxarır.

İmtina edirəm: "Dəli olubsan a kişi, camaat əsgərə yardım eləyir. Biz də əsgərdən pay alaq? Qaytar dala"
Sürücü də əsəbləşir.

- Dedi ki, götürməsələr, qoy qapının qabağına çıx get. İşə düşdük e, vallah. Sən Allah, qoy yığım, özünüz ayırd edin.

Telefonla nömrəni yığıb salamlaşır. Sonra mənə uzadır.

"Alo" deməyə ancaq macal tapıram.

- Qardaş, səni and verirəm balalarımızın canına...

Və ardınca yerdə-göydə o "müqəddəs" qalmır ki, ona and verməsin, o xahiş qalmır ki, etməsin. "Mənim oğlum da, elə bizim özümüz də, bu gün yaşayırıqsa, Maral qızıma görə yaşayırıq. Onun oğluma qayğısı, bizə verdiyi ürək-dirək, təsəlli olmasaydı indi biz yox idik. Özüm gələcəkdim amma yollar bağlıdı. Saglıq olsun yayda sizi qonaq da çağıracam"- dedi.

Bu vaxt Maral gəlir: - Yavər dayı, bəs dedin eləcə bir tort göndərəcəm. Bu nə xəcalətdi, neyləmişik ki? 

-Qızım, sənin səsinə qurban! O "qara günlər"də səninlə nəfəs aldıq biz. Göndərdiklərimin hamısı da həyətimizin məhsuluduR. Götürsəniz elə bilərəm Yeni il axşamı bir süfrədə çörək yedik...
133534096_421959745619292_2441890981189530080_n.jpg (123 KB)
                          Qayğıkeş tibb bacısına gələn kənd sovqatı

Uzun söhbətdən sonra səbəti götürdük. Bu bir balaca səbətə bir dünyanın sovqatını sığışdırıblar. Yəqin ki, bilirsiz- rayondan gələn payın bir ayrı ovqatı olur. Hər şey adama daha dadlı, daha bərəkətli gəlir. Mütləq, istər-istəməz əl atıb nəyinsə dadına baxırsan. Amma sözüm onda deyil.

Dediyim odur ki, bax BİZ buyuq, bu qədər böyük ürəkli, geniş qəlbli bir xalqıq. Qalib xalqıq, möhtəşəm xalqıq. Tam səmimi deyirəm: əgər bu günkü qalibiyyətimiz olmasaydı iki dünya bir olsaydı da o sovqatı qəbul etməzdim. O, azacıq vicdanı olan birisinin boğazından keçərmi heç? Amma o bir qalib əsgərdən gələn minnətdarlıq parçasıdı deyə onu qəbul etməmək olmazdı. Bu Yeni il gecəmiz bir ayrı, tam fərqli olacaq. Həyatımızda yediyimiz ən dadlı yeməklər olacaq stol üstünə düzülənlər. Əlimizi uzatdığımız hır bir nemət bizə Yavər dayını, onun qəhrəman oğlu Süleymanı xatırladacaq. Və bir neçə gün əvvəl qapımızın çalınan o "Gecə zəngi"ni də heç unutmayacayıq. Onu yəqin ki, hər qarşılayacağımız Yeni il ərəfəsi xoş xatirə kimi anacayıq.

P. S. Bu arada, arxa cəbhədə, gecə-gündüz bilmədən çalışan, yüzlərlə əsgərimizin hayatını xilas etmiş bütün fədakar həkimlərimizi hörmətlə anır, Var olun deyirəm..

Etibar Hüseynov

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın