Şəki niyə gündəm oldu?

10, 07, 21
20:59

Şəki niyə gündəm oldu?



Kubra Məhərrəmova yazır…

Şəkililərin xüsusi yumor hissi, özlərinə məxsus həyat tərzi var. Elə özləri də etiraf edir ki, yığımcıldırlar, ata-babadan qızıl-pul ehtiyatı görürlər, “Nikolayın qızıl onluğu” olmayan ailə yoxdur Şəkidə. Hazırcavab, hər işdən başı çıxan, qoçaq və cəlddirlər.

Şəki əhli tarixən sənətkarlıq və kənd təsərrüfatı ilə məşğul olub. Təbii ki, indi də kimsə dədə-baba ənənəsini qoruyaraq, vətəndə sənətkarlıqla məşğuldur. Kimsə də dünyaya inteqrasiya edib. Hətta ABŞ-ın Pensilvaniya ştatında Şəki məhəlləsi var. Şəkidən birbaşa gediblər Amerikaya. İllər keçəcək, Şəki ləhcəsi əminəm ki, Pensilvaniyaya da yayılacaq.

Bir müddət Şəkidə Coşua adlı gənc yaşayırdı. Əslən nebraskalı olan Coşua Azərbaycan dilini də Şəki ləhcəsində öyrənmişdi. Onun BBC-yə müsahibəsinə baxsanız, əsl şəkililər kimi “gözo yeyim”, “hayındı bura gəl” kimi ifadələrlə danışdığına şahid olacaqsız.

Şəkililər belədir, amerikalını da öz ləhcəsində danışmağı öyrədəcək. Qürur hissi keçirməkdən başqa bir yol qalmır bizə. Amma şəkililər nə qədər zarafatcıl olsalar da, bir o qədər də ciddidirlər. Coşua belə şikayət edirdi ki, Şəkidə şortikdə gəzə bilmir, yerli camaatın narazılığına səbəb olur və o, məcburdur, şalvar geyinsin. Qısası, Şəkiyə gedəsi olsanız, şortik geyinməyin, amma qəşəng qızlar geyinə bilər.

Bir də onu qeyd edim ki, xanımlara-qızlara qarşı çox diqqətlidir yerli əhali. Hörmət və qayğını hər addımda hiss edəcəksiniz. İndi deyəcəksiz ki, birdən Şəki haradan gündəm oldu?

Ondan başlayaq ki, iyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdim olunma mərasimi keçirildi. Amma hadisə iki il əvvəl baş verib. 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Orijinal memarlıq üslubuna malik olan bina 1760-1765-ci illərdə tikilib. Şəki Xan Sarayının memarı isə şirazlı Hacı Zeynalabdin hesab olunur.

 Sarayın tikintisi zamanı mismardan və ya yapışdırıcıdan istifadə olunmayıb. Və bu əfsanə deyil, həqiqətdir. Ümumiyyətlə, Şəki açıq hava altında muzeydir. Hər küçəsi turizm üçün yaranıb sanki.

Bu abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunması bizə nə verir?

Onu verir ki, Şəki qədim tarixinə, memarlıq üslubuna, ənənəvi mətbəxi və şirniyyatına, ipək yaylıqları, xalçaları və s. görə dünyada özünə sözün əsl mənasında yer elədi. Artıq rəsmi olaraq Şəki Ümumdünya İrsin bir hissəsinə çevirildi. Bu xəbər Şəkinin turizm imkanlarının daha da genişlənməsinə səbəb olacaq.

Bu layihəni həyata keçirən Dövlət Turizm Agentliyini təbrik edir, Azərbaycanın hər yerinə turistlərin cəlb olunmasında uğurlar arzulayırıq. Açığı qurum bunun üçün çalışır, layihələr edir. Əsas məqsəd odur ki, bütün dünyadan turist gəlsin Azərbaycana. Amma bir məsələ var ki, Şəkiyə gəlib çıxana kimi adam cəhənnəm əzabından keçir. Oğuz-Şəki yolunu Vətən müharibəsindən əvvəl qaşıyıb, dağıdıb, qoyublar üst-üstə. Asfalt yol yoxdur. Gedəsi olsanız, Qəbələ tərəfdən Oğuza çatmamış Kərimli işarəsindən sonra dönün. Yolunuz uzansa da, rahat gedəcəksiz.

Ümid edirəm ki, pandemiya bitənə qədər yollara bir əncam çəkərlər. Turistlərin qarşısında üzüqara olmarıq.

Hacı Şahin və Qədim karvansaray

Şəki qədimdən Böyük İpək Yolunun üstündə olduğu üçün elə o vaxtlardan qonaqlı-qaralı olub. Qonaqların qalması üçün də o vaxtdan karvansaraylar tikilib.

Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII əsrdə Şəkidə yerli ustalar tərəfindən tikilib. Bu tarixi abidənin qayğısına isə Hacı Şahin (Hüseynov) qalır. Həm tarixi abidə kimi qorunur, həm də hotel-restoran kimi fəaliyyət göstərir. Hacı Şahin 30 ildən çoxdur ki, dünyanın hər yerindən Şəkiyə gələn qonaqları qarşılayıb, yola salıb. Özü də dedi ki, indiyə kimi 11 prezident qonağı olub. Yerli əhali isə deyir ki, Hacı Şahin həm də mesenatdır. Onlarla şəkili tələbə oxutdurub dünyanın hər yerində.

Bir də Hacı Şahinin ofisiantları bütün Azərbaycanda adla tanınır. Mükəmməl məktəb keçir onlara. Sənət öyrədib.

Şəkinin ipəyi

Birinci ondan başlayım ki, artıq Şəki ipəyinin də Çində saxtasını istehsal edib dünyaya satırlar. Bir tərəfə
dən bu sevindirici haldır, deməli Şəki ipəyi dünyada tanınır. Digər tərəfdən əsl Şəki ipəyinin adına ləkə gətirir. Şəki ipəyi hələ “İpək yolu” zamanından bahalı və keyfiyyətli hesab olunub.

Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC 731 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Sizə maraqlı olsa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayına baxın. Maraqlı rəqəmlər var.

“Azəripək” MMC əsrlər boyu xanımların sevimli örtüyü olan kəlayağı, ipək şərflər, çitmələr həm klassik, həm də müasir rəngdə, üslubda istehsal edir. Hər şey “Azəripək” də baş verir - baramadan ipək sapların açılması, ipəyin toxunulması, boyaq-bəzək istehsalatı və s. Bundan əlavə, burada ipək xalçalar da toxunur. Maraqlısı odur ki, gündə 2 sm-dən çox toxumaq olmur ipək xalçanı. Ona görə də ipək xalçalar həm əl əməyinə, həm də tərkibinə görə daha bahadır. Yeri gəlmişkən burada toxunulmuş ipəkdən namaz xalçası Türkiyənin prezidenti R.T.Ərdoğana hədiyyə olunub.

Ümumiyyətlə, bütün bu məşğulluq o deməkdir ki, regionda yaşayan əhali işlə təmin olunub. Həm təssərrüfat var, həm sənətkarlıq, həm də turizm. 

Ümid edirəm ki, pandemiyadan, yollar açılandan sonra biz dünya mədəni irsinə daxil olunmuş Şəkini daha parlaq, daha gözəl, yolları daha səliqəli görəcəyik.

Bu gün Şəkinin yerli və xarici investorlara, yeni layihələrə ehtiyacı var. Çünki dünyanı gəzib dolaşmış turist üçün maksimal dərəcədə əyləncə, rahatlıq lazımdır. Şəkiyə bir dəfə gələn qonaq elə razı qalmalıdır ki, yenə gəlsin. Gələndə də özü ilə daha üç-beş adam gətirsin.

Vacib qeyd, Şəki pitisini yeməyə vaxtım çatmadı. Yollar düzələn kimi payıza ümidliyəm. (Oxu.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın