Zəfər tağı - Uzun sözün qısası

20, 06, 21
10:12

Zəfər tağı - Uzun sözün qısası



Aytac SAHƏD

XX əsr görkəmli alman yazıçısı Erix Mariya Remark "Zəfər tağı" romanını 1945-ci ildə yazıb. Roman ilk dəfə elə həmin ildə ABŞ-da, bir il sonra isə alman dilində nəşr edilib.

Əsərdəki hadisələr 1939-cu ildə Fransada baş verir. Əsərin baş qəhrəmanı Ravik almandır. Öz ölkəsindən didərgin düşən Ravik Parisdə cərrahlıq etməklə dolanır. Ancaq onun əməyinin müqabilində qazandığı pul olduqca azdır. Çünki pasportu yoxdur və buna görə də özündən qat-qat aşağı səviyyəli cərrahların işini ucuz qiymətə görməyə məcburdur. Qazandığı pulu da qadınlara və içkiyə verir. Günlərin bir günü Ravik Joan adlı italyan aktrisası ilə tanış olur. Əsərin əvvəlində Ravik nə qədər sevgidən uzaq görünsə də, əsərin ortalarında onun Joana aşiq olduğunu görürük. Joan da Raviki sevir, ancaq onların sevgiyə baxışı müxtəlifdir. Ravik müharibənin gətirəcəyi bədbəxtliyi duyduğu üçün evlilikdən qaçır, Joanı isə bu qeyri-müəyyənlik yorur. Bu arada Ravik dəfələrlə deportasiya olunur, qısamüddətli həbs həyatı yaşayır.

Əsərdə ən çox sevdiyim məqam romantikadan uzaq bir sevgi hekayəsinin olmasıdır. Sanki bir ovuc romantikanı yazıçı bütün əsərə kül kimi üfürüb. Hər iki qəhrəman bir-birini sevir, ancaq reallıq romantizmi üstələməyə icazə vermir. Özü də müharibə kimi acı bir reallığı. Müharibə əsərin əsas mövzudur. Qaçqınlıq taleyi isə müharibənin sərt üzü. Ravik Fransada qaçqınlar üçün olan mehmanxanada qalır. O mehmanxanada ki, orada bir çox millətlərin nümayəndələri sənədsiz şəkildə yaşaya bilir. Mehmanxandakı mühitin fonunda qaçqınların kədərli taleyi öz əksini tapır.

Ravik cərrahdır, həm də çox bacarıqlı bir cərrah. Əsər boyu biz onun tez-tez əməliyyat etdiyinin şahidi oluruq. Hər xəstəsinin öz ağrılı hekayəsi olsa da, qəza nəticəsində ayağı kəsilməli olan balaca oğlanın sevinclə "ayağımı kəssələr, qəzanı törədən adam bizə çoxlu pul verəcək" deməsidir.
Ravikin Morozov soyadlı bir rus dostu da var. Onlar çox mehriban dosdular. Bütün əsər boyu Morozov Ravikə dəstəkdir.

Ravik isə mənən tək-tənhadır, yorğundur və həyatdan sanki yaxşı heç nə gözləmir. Müharibə onun bütün həyatını məhv edib. O, Birinci Dünya müharibəsinin iştirakçısı olduğu üçün İkinci Dünya müharibəsinin gətirəcəyi fəlakətlərdən də xəbərdardır. Müharibə onu təkcə doğma torpaqlarından didərgin salmayıb, həm də doğmalarını ondan alıb. İki yəhudinin qaçmasına kömək etdiyi üçün gestapo zabiti Haake ona və arvadına ağır işgəncələr verib. İşgəncələrə dözməyən arvadı Sibella lagerdə intihar edib. Bu hadisələrdən sonra Ravik Haakedən intiqam almaq hissi ilə yaşayır. Və əsərin sonuna doğru onu tapıb öldürür.

Qayıdaq yenidən Joana. Joan Ravikin deportasiyalarının birində onun bir daha qayıtmayacağını düşünərək bir aktyorla sevgili olur. Deyilənə görə, Remark Joan Madu obrazı ilə alman aktrisası və müğənnisi Mariya Ditrixin obrazını yaradıb. Remark Parisdə yaşadığı dövrdə bu qadınla sevgili olub. Həyatda Joanın necə olduğunu dəqiq bilməsək də, əsərdə gördüyümüz Joan xaraktercə çox zəifdir və həyatdan nə istədiyini bilmir. Daha doğrusu, bilir, onun həyatdan istədiyi yeganə şey xoşbəxtlikdir. Ancaq o, bu xoşbəxtliyi qazanmağa çalışarkən saysız-hesabsız səhvlər edir. Ən böyük səhvi isə Raviki unutmadığı halda başqa bir adamla sevgili olması olur. Bu isə ona bədbəxtlik gətirir. Yenidən ölkəyə qayıdan Ravik Joanın həyatında başqa birinin olduğunu öyrəndikdən sonra ikinci sevgili olmaq istəmir və Joandan uzaqlaşır. Əsərin sonunda Joanın aktyor sevgilisi onu silahla yaralayır və Joan xəstəxanada Ravikin qollarında can verir. Ölüm ayağında Joan deyir ki, mən bu həyatı başqa cür yaşamaq istəyərdim. Çox təsirli məqamdır, həm də çox. Bu cümlə insanı bir anlıq düşündürür:; görəsən, mən necə? Ölüm ayağında bu sözü deyə bilərəmmi?

Joan ölür, müharibə başlayır və Ravik təslim olur. Əsər  Ravikin digər mühacirlərlə birlikdə müharibəyə göndərilməsiylə bitir: Maşın "Vaqram" prospektindən keçib, "Etual" meydanına çıxdı. Heç yerdə işıq yanmırdı. Meydan elə zülmətə bürünmüşdü ki, heç "Zəfər tağı" da görünmürdü...
Yalnız sonuncu cümləni oxuyanda bilirsən ki, əsərin adı niyə məhz "Zəfər tağı"dır.


Əsərdən seçdiklərim

... Adam o vaxt azad olur ki, uğrunda yaşadığı hər şeyi itirir.

... Kimsə səni təhqir edəndə cavabını verirsən, mərhəmət göstərəndə isə qalırsan belə.

... Hökmranlıq dünyanın ən yoluxucu xəstəliyidir.

... Sakit, dinc yaşamaq bu günün ən böyük macərasıdır.

... Nə vaxtsa kiməsə gərək olacaqsan. Gərək ona hazır olasan.

... Dünyanın bu işinə heç yoxam. İstəyirsən axmaq ol, ya da lap cani, heç kim görməz. Amma bircə düymən çatmayanda hamı görür.
... Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bu, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.

... Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda, kasıb olmaq necə də dəhşətlidir.

... Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. - Bunların hər biri şirin sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib! 

Azerbaycanrealligi.com  

Bizimlə əlaqə saxlayın