Zəhraya şeir yazıldı: "Ana, narahat olma..."

05, 07, 18
10:25

Zəhraya şeir yazıldı: "Ana, narahat olma..."


Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı kəndində Elnur və Təhminə Quliyevlərin ailəsində doğulmuşdu. 2017-ci ilin bu günü - iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanları tərəfindən nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirildi


Bu gün təkcə Azərbaycanı deyil, bütün eşidənləri və bilənləri sarsıdan bu faciəvi hadisənin ildönümdür.
Kulis bu münasibətlə gənc şair Mehman Rəsulun balaca Zəhraya yazdığı şeiri təqdim edir:
 
Leyləyin gətirdiyi,
Bayquşun apardığı
Qarğaların saçımdan
İl-il dən qopardığı
Həyatın uşağıyam.
 
Mən elə bilirdim ki
Silahlar oyuncaqdı,
Güllələri boş olur
Uşaqlıq paltarları
Ancaq tərdən yaş olur.
 
Mən elə bilirdim ki
Qan ancaq dizdən axır.
Məzar da bağça kimi
Axşamlar uşaqları
Evlərinə buraxır.
 
Mən elə bilirdim ki
Basdırılmaq oyundu,
Hərədə bir quyu var
Bu da mənim quyumdu.
 
Daha belə olmasın
Böyüməsin uşaqlar.
Uşaqlar böyüyəndə
Oyuncaqlar soyuyur,
Uşaqlar böyüyəndə
Adamlarla oynuyur.
 
Al bu güllə sənindi
Üstü bir az qan olub.
Giliziyçün darıxıb
Atılmaqdan yorulub.
 
Ana, narahat olma
Torpaq dolub yarama,
İçimdəki güllənin
Salamı var atama.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın