Marsda qüsullanmaq istəyənlərin su axtarışı...

19, 02, 21
09:25

Marsda qüsullanmaq istəyənlərin su axtarışı...



Leyla Sarabi

Heç vaxt boynuma iş adlı yük qoymamışam. Mənim dünyamda iş saatı məfhumu olmayıb. Bütün gün Günəşin tənbəlliyinə qoşulub, planetin Ay naqilinə qoşulduğu məqamda istehsala başlaya bilərəm. Peşəmi hobbi adlandırmaq istəməzdim. Bu beynimlə toxunacağım təmas nöqtəsidir, ikisinin ən ayıq qızıl ortasıdır. Məncə, hansısa dildə mənim iş prinsipimi bir kəliməyə sığdıran ifadə olmalıdır.

Sırf hobbi isə mənə görə həyatını ailəsinin çörəyinə fəda edib, arada müxtəlifliyə xatır məşuqəsinin yatağına girən kişi kimidir. Mənim də məşuqəm xarici dillərdir. Yad sözlərlə tanış olub, əslini-nəcabətini araşdırıram. Sonra həmin sözə don biçib, hekayə uydurub, yaddaş kisəmdə yer edirəm.
Məsələn "orijinal" (orginal deyil, original... öz aramızdır, orginal sözü yoxdur) ən özü, lap özülü anlamına dayanır. Sözün kökü "origin" isə istənilən nəsnənin mənbəyi, mənşəyi, başlanğıcı deməkdir. Lap o başlanğıc məqamı, doğuluş anı, mənsubiyyətidir- məhsulun, mübahisənin, sözün, insanın...
Məncə, insan hara köç edirsə-etsin, orijininə (kökünə) bağlı zərif teli qalır.

Dünyanı gəzir, bəşəri acıları, rəngli həzzləri dadır, lap Marsa uçub, qüsullanmağa su axtarır. Sonda mütləq yenidən toxumundan cücərmək üçün öz torpağına qayıdır. Çünki yad iqlimin mövcud şəraiti onun orijini deyil.

Mən ölkədən, doğanından, becərənindən küsüb, Firəngistanda yurd salan, qürbətin ən gözəl qadını ilə ömrünü düyünləyən sıravi kəndli körpəsi də görmüşəm. Yeni dünyasının bəzəyi artdıqca, başı gicəllənib yer qazacaq, ayaqlarını quma basdırdıqca, çürüyəcək... Lap ömrünün payız fəslində belə, qayıdacaq suyu qurumuş kəndinə, anasına bənzəyən qadınların qucağında can verəcək. Sən dünyaya hakim olsan da, orijininə köləsən, əziz yerli.
Mən homoseksualam deyib, dünyanı inandırsan da, surraqat anadan doğulan körpəyə an(t)alıq etsən də bir gün özünə qayıdıb, qadınla sevişmək istəyəcəksən. Lap məzarın içinə köçsən də istəyəcəksən.

Məzar demişkən, son günlər həyatımız daş qəbiristana bənzəyir. Amma yerin Yer üzündə çox ədalətsiz ölümdür. Kimi saray boyda qızıl tabutlarda cənnətin bütün meyvələrini dadarkən, çoxu birgözlü taxta qutularda acından qan qusur. Orijini özündən olan balasının gözündən gizlənməkçün torpağı caynağı ilə qazıb, lap dibdə ilahi ədalətin orijinini axtarır.

Bir yandan da dahi Viktor Frankı xatırlayıram. Psixiatr iddia edirdi ki, insan əsl gücünü hər şeyini itirəndən sonra tapır. Yəni həyatımızı mənasız edən mövcud şərait deyil, məqsədsizliyimizdir. Bir də düşünürdü, canlıların daxili azadlığından güclü silahı yoxdur. Əmin idi, çünki uzun illər Osvensim düşərgəsinin əsirləri arasında olmuşdu. Bilmirəm bəlkə də "küçəyə çıxma, içinə dön" epoxasında orijini salxaq azadlığımızın qaymağını dada biləcəyik. Bəlkə istənilən şəraitdə mövqeyimizi ortaya qoymağı öyrənəcəyik. Və bu hürr dustaqlığımızı özümüzə anlada biləcək, orijini özümüzdən kəlimə icad edəcəyik.

Fransızcada "sillage" sözü də var. Ətrin izi deməkdir. Kimsə səni tərk edəndə, burnunda qalan ətir... Bolluca səbr et! Gedəninin orijini sənsənsə, ətri ruhundan yuyulmadan, dönüb köksündə çiçəkləyəcək.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın