30 yaşlı Çinarın yanındakı körpə fidan

25, 10, 20
21:39

30 yaşlı Çinarın yanındakı körpə fidan


Niderlandlı vəkil ölkəsinin Qarabağ susqunluğunu izah edirdi mənə. Holland xalqı üçün dədə-baba torpağı, ana vətən anlayışları yoxmuş. Bir hollandın güzəranı Tokioda yaxşı keçirsə, məskəni Yaponiyadır. Çində daha çox pul qazanırsa, pasportuna "Made in China" yazdırır.

Çində qayırma torpaq sevgisi mamır olub, vətənin qayasında bitmir. Dünyanın baş ucuna getsə də evinin ətri burnunu göynətmir.

Bir də bizi düşün...

Hüznlü millətin insanı ifrat romantik böyüyür. Vətənə ağı ağırlıqda mədhiyyələr əzbərləyir. Səsinə sönük pafos qatır.

90-ların uşaqlarıydıq biz. Şəhərlərin səmasının iplərində gözübağlı gəzirdik. Közərən Qarabağ ocağının üstünə müstəqilliyin naşı sevincini səpib məcburi köçkün yaxmacı yedirirdik. Başımızdan böyük qəzəllər əzbərləyirdik, ürəyimizdən qoca poemaların son nəfəsinə isinirdik.

Şair Füzulini itkin Füzulinin prototipi bilirdik. İllər sonra dərk etdik ki, hafizəmizə möhürlənmiş “Ay Laçın” da əslində Qarabağın himni deyilmiş. Bütün nəsnələri savaşla assosiasiya edirdi Benjamin Batn şüurumuz.

Xəyal belə etməzdik ki, bir gün Mələk Cəbrayılın (Qabriel) rayon yükünü çiynimizdən atarıq.

Bizim üçün ədəbiyyat fənn yox, savaş obrazlarının xarakteristikası idi. Hələ bir müəllimimiz vardı. Kitabı filmə çevirib, fraqmetlərdə gəzdirirdi bizi. Uzun Nizami rübü başlamışdı. “Xosrov və Şirin” poemasına giriş edirdik. Sona çatanda Şirinin Xosrovun məzarı önündə özünə qəsd etməyinə eşqin simvolu kimi tamaşa edirdik.

Müəllim dedi, 90-cı illərədək bu məqamda otağın divarlarına hüzn çökürdü. İlhamla Fərizə yaddaşımızı qanları ilə yuyandan sonra uşağından-böyüyünə cəm Azərbaycan məhəbbət dastanlarını vərəqlərdən qoparıb torpağında bitirdi.

Ah Vətən!

Artıq 30 yaşlı Çinarın yanında körpə fidan da bəsləyəcəksən. İndi Mehdinin Mələyi onu yerin altında da qoruyacaq. Uşaqlarımız Coğrafiya dərsində yarımçıq pazlları tamamlayıb çiynini dik tutacaq. Ədəbiyyat dərsinin sönük pafosdan ibarət olmadığını əsgərindən öyrənəcək. Tarixin utancını çantasında gizlətməyəcək.

Yerin altında keşiyini çəkən bizdən diri canların and yerimiz olacaq. Şəxsiyyətimizin, şərəfimizin, xəmirimizin vəsiqəsi dünyanın ən dəyərli brendi olub, yerimizə danışacaq: “Made in Azerbaijan”

Leyla Sarabi

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın