“Deyirlər şirindir busənin dadı” – “Aana yeri, aaz” Samir SARI yazır...

16, 08, 20
18:19

“Deyirlər şirindir busənin dadı” – “Aana yeri, aaz” Samir SARI yazır...

Əgər bu günlərdə Lukaşenko Belarus prezidenti postundan gedəsi olsa, onda hər inqilaba bir ad qoşan (“narıncı inqilab”, “qızılgül inqilab”, “bənövşəyi inqilab” və s.) politoloqlar çox da çətinlik çəkməyəcəklər, Belarus inqilabının adı üstündədir: “Qadın inqilabı”. (Gerçəkdən də Belarusda seçkilərdən öncə də, sonra da qadınların ifrat fəallığı danılmazdır).

Bir müddətdən sonra isə həmin inqilabda iştirak eləmiş minlərlə qadın “yada düşər xatirələr” silsiləsindən öz xatirələrini danışacaqlar: “Qolumuzu yana açıb cumurduq milislərin üstünə. Marça-març... Biz milisləri öpə-öpə devirdik Batkanı... Ağır günlər idi. Kornavirusdan da qorxmurduq”.

Düzdür, Batka öpüşlə devrilən kafirə oxşamır, amma ara yerdə gözəl qızlar yazıq milisləri karıxdırıblar. Onların qabağında heteroseksual oriyentasiyalı bir kimsə dayana bilməz.

Zarafat deyil, o qızların bir xeylisinin nənəsi 41-45-də alman faşistlərini dayandırıb, tərksilah edib, dizlərini yerə gətirib – istər meşədə gizlənən partizanlar kimi, istərsə də alman jandarmında çalışan, zabitlərlə oturub-duran, amma gizli şəkildə partizanlara məlumat ötürən kəşfiyyatçılar kimi...

İndi elə çıxmasın ki, qolunu və donunu qaldırıb dəbilqəli milislərin üstünə cuman qəşəng qızların vaqiəsi təkcə bizim ölkədə bu qədər geniş müzakirə olunur. Elə deyil. Düzdür, 39-42-ci paraleldə yerləşən ilıq ölkələrdə bu, hər zaman önəm verilən məsələdir, amma fakt odur ki, biz də bu şəkilləri, videokadrları Rusiya, Belarus, Ukrayna, Qərb mediasından görüb-götürmüşük.

Dünya gör-götür dünyasıdır. Hərçənd bundan əvvəl heç bir ölkədə avtoritar rejimli ölkələrdə belə etiraz aksiyalarına rast gəlinməyib. Son 10 ildə inqilablar oylağı olan ölkələrdə belə hərəkət etmək mümkün idimi? Əsla. Misirdə, Tunisdə, Suriyada, Liviyada hansı qadın qolunu qaldırıb milisin-polisin üstünə Cuma bilər? İnqilab-minqilab qalar qıraqda, onları elə bu zinakarlıq təşəbbüslərinə görə daş-qalaq edərlər.

Biz o cür ölkələrdən deyilik, bizdə qadına hörmət var, yeri gələndə cənnət anaların ayağının altındadır. Prinsipcə, biz Belarusa daha yaxınıq, vaxtilə bir ölkədə yaşamışıq, ünsiyyətimiz çox olub, lafetli “Belarus” traktoru da minmişik, Belarus arağı “Bulbaş”ı başımıza da çəkmişik. Ancaq bir çox parametrlər üzrə yaxın olsaq da, biz Belarus deyilik, burada qəşəng qızlar heç bir niyyətlə polisin üstünə qaçmazlar.

Yadınızdadırsa, 3-4 həftə qabaq bir polis nəfəri yeraltı keçiddə bir qızın şəxsiyyət vəsiqəsinə baxıb ad-soyadını əzbərləmiş, sonra ona ya saf məramla, ya da pis niyyətlə girişmək istəmişdi, adamı axtarıb, araşdırıb tapdılar, sistemdən qovdurdular. Heç soruşan da olmadı ki, bala, fikrin nədi, o qızı alaşsanmı.

Eyni hadisə Belarusda baş versə, o qız milisdən şikayətçi olub onu “milisiyəyə verməzdi”, ya qarşılıq verərdi, ya da deyərdi ki, adamım var, gecikmisən. Təbii ki, həmin milis də bundan sonra əl çəkib gedərdi, ta “yox, qalsan, mənimsən, ölsən, qara torpağın” söhbəti eləməzdi.

Ancaq işdir, feministlərin təşəbbüsü ilə nə vaxt bizdə də polisi qucaqlayıb öpməklə tərksilah etmək aksiyası başlansa, bəri başdan deyirəm, ortaya çox məzəli, eləcə də dramatik situasiyalar çıxacaq. Heç kəs zənn etməsin ki, polislər 39-42-ci paralellərin yanıqları kimi hərəkət edəcəklər, qızların cazibəsinə daya bilməyəcəklər.

Təsəvvür edin, qızlar “yakalarsam, maçç” ədası və busənin şirinliyinə əminliklə polisin üstünə gəlir, amma asayiş keşikçisi qımıldanmır, eləcə dodağının altında deyir ki, aaz, sən dədeyin canı, aana yeri, sistemə zor-bəla düzəlmişəm, çörəyimə vayıs olma.

Təbii ki, eləsi olacaq, karyerasını zərbə altında qoymamaq şərtilə ələ düşmüş fürsətdən yararlanmağa çalışacaq, yaxınlaşmış qıza pıçıldayacaq ki, nömrəni bir kağıza yaz, at mənə, amma tez aralaş.

Yəni eşq başqa, iş başqa. İndiki zamanda iş tapılırmı ki, onu bir öpüşə qurban verəsən gedə. Həm də nə məlum, sənə siyasi məqsədlərlə, məkrli niyyətlə yaxınlaşmış o qıza bir də nə vaxt rast olacaqsan. Metroda rast olub, deyəcəksən, xanım, yadındadır, filan aksiyada gəlib məni öpdün, o da deyəcək, özünü yığışdır, əə, get, səni anan-bacın öpsün. Sonra da çıxıb söhbəti ictimailəşdirəcək, poqon gedəcək.

Ona görə də başqa ölkələrdə baş verən parlaq, xoşagələn hərəkətləri birəbir götürüb özümüzdə tətbiq etməyin nə dərəcədə doğru olub-olmayacağına şübhəm var. Milli mentalitet fərqi imkan vermir ki, gözəl presedentlərdən yararlanaq. Elə olsaydı, bəlkə də indi biz Norveçdəki kimi seçki keçirər, deputat seçərdik.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın