Elşad Barat yazır: Fəxri Uğurlunun uğursuzluğu

26, 11, 18
18:39

Elşad Barat yazır: Fəxri Uğurlunun uğursuzluğu

Yayın günü, axşamçağının qara səriniydi. Öz aramızda “şairlərin kafesi” adını qoyduğumuz restoranda dostumla xırda-xırda sərinlənirdik. Söhbətimiz xeyli yerlərdən hərlənib mənim hekayələr kitabımın çapı üzərinə gəlmişdi. Redaktorun kimliyi məsələsində əziyyət çəkirdik. Ölkədə tanıdığımız bütün redaktorları ələkdən keçirdik. Hərəsinə bir “mız” qoyduq. Ədəbi mühitə az-çox bələd olan dostum qəfildən “Fəxri Uğurlu” deyə bağırdı. İstər-istəməz mənim də üzümdə təbəssüm yarandı. Çox adamdan eşitmişdim ki, yaxşı redaktordu. Eləcənə redaktor tapmağımızın sevincini yaşayırdıq ki, yan masadan yaşlı, ağbaş bir kişi bizə tərəf çevrildi. Nurani adam salamsız-kəlamsız söhbətə başladı. “Bayaqdan sizin söhbətinizə qulaq şahidliyi edirəm, özüm də istəmədən, deyəsən redaktor kimi Fəxrinin üzərində dayandız”. Dostumla eyni vaxtda həm də sevincək halda “bəli” dedik.

Fəxri Uğurlu – Əliyev Fəxri Ağa oğlu – 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sərt şəkildə üzvüdür. 1993-cü ildə - camaatın müharibədə olduğu bir vaxtda Bakı Dövlət Universitetinin Şərşünaslıq fakültəsini bitirib. Janrı elmə bəlli olmayan ilk yazısı “Azərbaycan gəncləri” qəzetində bir səhifənin küncünü zəbt edib. 1991-ci ildə “Novruz” qəzetində müxbir olub. 1999-cu ilə qədər az qala bütün qəzetlərdə işləyib. Səkkiz ilə on səkkiz iş yeri dəyişən adam kimi rekord vurması barədə söhbətlər gəzirmiş. Belə çıxır ki, Fəxri Uğurlu qəzetlərdə işləməyib, daha çox redaksiyalar arasında yol ölçüb. Bu qədər uğursuzluq Fəxri Uğurlunun adına da sığışmır.

“Yeni Müsavat”ın “Eqo” ədəbi əlavəsinə məsul redaktor olandan sonra Fəxri Uğurlunun eqosu indiki vəziyyətə qədər yüksəlmiş və bir daha enməmişdir. Adama elə gəlir ki, sadəlik paylananda Fəxrini tapa bilməyiblər, hansısa kafenin küncündə “kədərlənirmiş”.

1999-cu ildə “525-ci qəzet”dən güc alaraq təsis etdiyi “Avropa” qəzeti 2000-də fəaliyyətə başlamış və çox-çox təssüf ki, üç il sonra cəmiyyətə məlum olmayan səbəblərdən bağlanmışdır. Bu, Fəxri Uğurlunun növbəti uğursuzluğu idi. Ölkənin bütün mətbu orqanlarının adını tərcümeyi-halına yazdırmağa sanki and içmiş Fəxri Uğurlu sonrakı beş ili azad jurnalist kimi yaşamağa üstünlük vermişdir. 2016-cı ildən “Multikulturalizm” jurnalının ragional düşüncəli multiuğursuz baş redaktorudur.

Bir adam var, qohumumun qudasıdır. Xeyir-şərdə üz-üzə gəlirik. Hövsanda düz dənizin qucağında yaşayır. Pis adam deyil. Beş ildən çox Rusiyada işləmiş, yaxşı pulla qayıtmışdı. Gətirdiyi puldan müəyyən qədər verib hansısa universitetin “cırıq” diplomunu aldı. Sonra bir az da pul verib kəndlərindəki orta məktəbin bədən tərbiyəsi müəllimi oldu. Üç ay sonra bilinməyən səbəblə işdən qovdular. Evdəki pulundan bir az da verib özəl bakların birinə kredit mütəxəssisi kimi işə düzəldi. Çox keçmədi ki, o işində də uğursuzluqla üzləşdi. Axırda pul kisəsinin dibini çıxarıb ördək aldı. Bu gün onun ördək biznesi bütün ölkəyə səs salıb. Xeyli sayda “ördək satış məntəqə”ləri var. Uğurunun səbəbi isə bildiyi işlə məşqul olmasıdır. Mən demirəm ki, Fəxri Uğurlu da gedib ördək saxlasın. Yox. Sadəcə, hər kəs bildiyi bir işlə məşqul olsa uğur qazana bilər. Ədəbiyyatda Fəxri Uğurlunun uğursuzluğu düzgün yol seçməməsindən irəli gəlir. Sanki harasa gedirmiş dumana düşüb, yolunu azıb, hara gedəcəyini unudub və məcburiyyətdən ədəbiyyata gəlib. Bəlkə də ədəbiyyata yeni iş yeri kimi baxır.

Fəxri Uğurlu Bakı şəhərində doğulsa da düşüncələri Laçın dağlarını aşa bilməyib. Hələ də Oğuldərə kəndində hekayə mövzusu axtarır. Mənə elə gəlir ki, “Uğurlu” təxəllüsü Fəxrinin ədəbiyyatdakı uğursuzluğunun şirin qisasıdır. Ancaq bu təxəllüs də ona kömək edə bilmədi.

Düşünürəm ki, hər bir yazıçı həm də operatordur. Burada söhbət yazıçılıq operatorluğundan gedir. Bütün nəsr əsərləri həmin operatorun tuşladığı kameranın çəkə, götürə biləcəyi boyda olur. Fəxrinin hekayələrini oxuyanda adamın ağlına gəlir ki, onun yazıçılıq kamerasının şüşəsinə palçığ sıçrayıb.

Bu yazını yazmağımın səbəbkarı Fəxrinin yaxın dostlarından biridir. Mənim də hörmət etdiyim adamdır. Hansısa söhbətimizdə məcbur elədi ki, get Fəxri Uğurlunun hekayələrini oxu. Canım boğazıma yığılanacan oxudum. İndi də isəyirəm oxuduğum hekayələrdən birinin haqqında fikirlərimi yazım.

“Dərviş”. Bu hekayəni Fəxri Uğurlu o qədər redaktə eləyib ki, hekayədən əsər-əlamət qalmayıb. Üçüncü abzasda yazır ki, ağ quş yolu olmayana, azana oxşayırdı. Dördüncü abzasda isə müəllif quşa yol yoldaşı axtarır. Yolu olmayan quşun yol yoldaşına ehtiyacı varmı? Bu kimi məntiqsizlik sonacan davam edir. 12 mərtəbəli hekayənn üçüncü mərtəbəsində belə bir cümlə var: quş dərvişə üstdən aşağı qınaqla baxırdı. Bu yerdə müəllif məni yaxşı mənada xeyli təəccübləndirdi. Öz yazıçı kamerasını düzgün istiqamətdə kökləməyi bacarıb. Ümumiyyətlə, yazıçı daşdan yazırsa, daş, quşdan yazırsa quş olmağı bacarmalıdır.

Məlum hekayədə bir cümlədə qeyd olunur ki, dərviş öz ovuna tərəf getdi. Digər yerdə yazılır ki, dərviş quşu tutub minmək istəyirdi. Mən ilk dəfədir ki, ovunu minmək istəyən ovçu görürəm. Ancaq Fəxri sözün dalınca o qədər qaçıb yorulub ki, imkanı olsa qarışqanı da minər. Bəlkə də bunu nəsrimizdə yenilik hesab etməliyik. Digər tərəfdən hekayənin rəqəmlərlə bölünərək işarələnməsi və hər hissənin beş-altı abzasla verilməsi mənə dini kitabları xatırlatdı.

Təssüf ki, bəzi yerlərdə müəllifin şüşəsinə palçıq sıçrayan yazıçı kamerası sınır. Birinci sinif uşaqları on birinci siniflər kimi danışır, kəndə getməmək üçün ağıllı-başlı bəhanələr gətirirlər. Hansı ki, o bəhanələri heç professor da düşünüb tapa bilməzdi. Ancaq Fəxrinin palçıqlı sınıq yazıçı komerası bütün bunları tapıb göstərməyi bacarır.

4-cü bölümdə avtobusdakı dialoq adamın ətini tökür. Dərvişin allah olmaq istəyi müəllifin çarəsizliyindən irəli gəlir. 5-ci hissədə üç cümlə ilə ədəbi dildə deyilə biləcək hadisələr əlli cümlə ilə adamın canını boğazına yığır. Sanki redaktor Fəxri Uğurlu bu hissəni redaktə etməyi unudub. Dərvişin komendant olmasına qədər elə bil yazıçı kamerasına yalnız səs düşüb, görüntü yoxdur.

Hekayənin ortasında müəllif öz hekayəsindən özü də bezir. Hadisələr fantastik şəkildə sürətlə cərəyan edir. Sanki müəllif tez bir zamanda mətndən canını qurtarmaq istəyir. Belə demək mümkündürsə, bayaqdan əlli ilə gedən maşın bu yerdə yüz səksənə qalxır. Dərviş sürətlə yaşayıb ölür. Bir insan ömrünü bir hekayəyə sığışdırmaq yazıçının amansızlığı, obraza bu qədər mənasız ömür sürdürmək isə naşılığıdır. Hekayənin sonluğu bağışlanılmaz hesab olunur.

Naxçıvan Dövlət Universitetində magistr oxuyurdum. Dövlət televiziyasından aparıcı seçməyə gəlmişdilər. Auditoriyaya girən kimi baş mütəxəssis barmağını mənə uzatdı. Qasid adında bir oğlan da ayağa qalxıb aparıcı olmaq istədiyini dedi. Adamlar onu qəbul etmək istəmədilər. Ancaq Qasid dirəşdi və mənimlə birlikdə “Televiziya və Radio Verlişləri Komitəsi”nə getdi. Onun dilində şirinlik var idi, bəzi hərfləri düzgün tələffüz edə bilmirdi. Məsələn, Məhərrəmə “Məhəlləm” deyirdi. Heç efir görünüşü də yoxuydu. Aparıcı olmaq üçün yalnız və yalnız güclü həvəsi var idi. İkimiz də üç aylıq kurs keçdik. Mən iki ilə yaxın orada işlədim. Ancaq o ilk çıxışında qovuldu. Yuxarıdan düyməni basmışdılar ki, o adamı uzaqlaşdırın. Bu hadisəni ona görə yazdım ki, Fəxri Uğurlunun yazıçı taleyi Qasidin aparıcılıq taleyinə oxşayır. Quru həvəsdən başqa bu adamda heç nə yoxdur. Üç-beş əzik-üzük, sınıq-salxaq hekayə ilə ədəbiyyatda qalmaq olmaz.

Fəxrinin növbəti bəxtsizliyi rəhmətlik Vaqif İbrahimoğlunun ölümü idi. Çünki Vaqif müəllim ölməsəydi onun hekayələrini rus dilinə tərcümə edəcəkdi. Görünür bu tərcüməni Allah da istəmirmiş. Digər tərəfdən bu hekayələri Seyfəddin Altaylının türk dilinə tərcümə etməsi də alınmadı. Üstəlik “Tanrı dağları” yarımçıq qaldı. Bütün bunlar Fəxrinin ədəbi uğursuzluğudur.

7 sentyabr 2016-cı ildə Fəxri Uğurlu Teleqraf.com-a müsahibəsində deyib ki, “redaktor kimi bir roman üzərində çalışıram. Roman böyük maraqla qarşılanacaq. Bir işin uğur qazanmasına inanmasam ona əl bulamaram”. Növbəti ilin 6 sentyabrında isə Strateq.az saytına müsahibəsində praqnozu dəqiq çıxdığı üçün öyünüb. “Cəhənnəmdən keçən mələk” adlı bu romanın müəyyən parçalarını saytlardan tapıb oxudum. Və bir daha əmin oldum ki, Fəxrinin redaktə etdiyi əsərlər də onun hekayələri qədər “uğurlu” ola bilər.

Hansısa müsahibədə jurnalist Fəxriyə sual verir: yeni roman yazmaq fikriniz var? Qəhrəmanımız öz cavabında: “planlarım çoxdur, amma bilmirəm bu planların hamısını həyata keçirməyə ömür yetərmi? Buna şübhəm var” – deyib. Mənə elə gəlir ki, bu şübhə Fəxri Uğurlunun özünə, qələminə, istedadına şübhəsi idi. Çünki yaza bilən adam heç nədən şübhələnmir, yazır.

Deyilənlərə görə ilk dəfə Fəxri özünü şeirdə sınayıb, alınmayıb. Sonra elə bilib ki, nəsrdə alındıracaq. Ona görə də birbaşa nəsrə keçib. İnsafən “Şeyx Sənan” və “Leylinin Məcnunluğu” hekayələrində qismən alındırıb. Ancaq bəzən onun hekayələrini publisist yazılarından ayırmaq çətin olur.

Müasir ədəbiyyatımızda gözə görünməyən “küyizm” cərəyanı günü-gündən şaxələnməkdədir. Fəxri Uğurlu da küyə düşüb ədəbiyyata gələrək bu cərəyanın öncüllərindən oldu. Onun atası rəhmətlik Ağa Laçınlı öz dövrünün güclü qələm sahibi, dəyərli elm adamı və çox böyük ziyalısı idi. Təssüf ki, elə böyük adamdan Fəxriyə ədəbi cəhətdən miras qalmayıb.

Tələbə vaxtı ev kirayələdiyim məhlədə Bilal adında hündürboy, yekəqarın bir kişi də yaşayırdı. Hansısa dövlət müəssisəsində kiçik vəzifə sahibiydi. Demək olar, hər gün universitetdən qayıdanda onunla rastlaşırdım. İşdən çıxıb öncə məhlədəki kafeyə gəlir, yaxşıca sərxoş olur, sonra evinə tərəf xırda addımlarla irəliləyirdi. Bir dəfə gördüm ki, Bilal kişi kafedən çıxıb evlərinə dal-dala gedir. Xeyli təəccüblənib yaxınlaşdım; “Ay Bilal əmi, niyə yolunu düz yerimirsən?” Bilal kişi qaşlarının ucuyla mənə baxıb “hıı” deyə cavab verdi. Sonra sağ qolunu taxcaya qoyurmuş kimi qarnının üstünə söykəyib dedi ki, bu günəcən qarınım məndən qabaqda gedib, qoy, bir az da mən ondan qabaqda gedim. Bu sözlərdən sonra nə deyəcəyimi bilməyib uzaqlaşdım. Ancaq bu yazının koordinantlarından uzaqlaşmaq olmaz. Ona görə də deyim ki, bu yazıda Bilalı xatırlamağım təsadüfi deyil. Onun qarınından qabaq, yəni dal-dala getməsi Fəxri Uğurlu imzasının hekayələrindən qabaqda olmasını yada salır. Təsəvvür etmək çətindir ki, qarının ədəbiyyata gəlsin, özün yox. Müəllifin mətni özündən qabaq gedirsə, demək ki, alındırıb. Fəxri isə hekayələrini öz dalınca sürüyən yazıçıdır.

Ədəbi mühitdə Fəxri Uğurlu deyəndə ədalətli redaktor, ciddi qələm adamı nəzərdə tutulur, həqiqətdə isə bütün ədəbiyyatı bircə dostuna qurban verə bilən adamdır. Onun bu qədər dostcanlı, regionpərəst olması heç vaxt imkan verməz ki, ciddi mətn yazsın. O, ən yaxşı halda AMEA-nın gənc alimi ola bilər. Kiflənmiş elmi işləri vərəqləmək regional yazıçı olmaqdan daha yaxşıdır.

Hə, “Şairlərin kafesi”ndəki yaşlı, ağbaş kişi əlavə etdi: mənim qohumum da bir qucaq pul verib hekayələrini Fəxriyə redaktə elətdirmişdi. Külü qoyum elə redaktənin içinə. Heç nə başa düşülmürdü. Qohumum məcbur olub hekayələrini təzədən yazdı.

Azerbaycanrealligi.com








Bizimlə əlaqə saxlayın