Elşad Barat yazdı: Rəbiqə poeziyasının biznesmeni

22, 10, 18
14:08

Elşad Barat yazdı: Rəbiqə poeziyasının biznesmeni



Heç vaxt səbəbsiz yerə nəsə yazmamışam. Yazının yazılması üçün öncədən mütləq təsir izi olmalıdır. Şeirdə, hekayədə, tənqiddə də bu təsir özünü qoruyur. Yaxınlarda bir şair dostum gəldi ki, sən Rəbiqənin kitabını pulsuz alıb aparıb Naxçıvanda satmısan. Elə danışdı ki, elə bil Rəbiqənin bir şeir kitabı ilə böyük biznes qurub milyarder olmuşam, özümün də xəbərim yoxdur. Bu şər məni xeyli incitdi. Allah varsa, şahiddir ki, heç vaxt kiminsə arxasınca şər deməmişəm, iş görməmişəm, nəyəmsə dilimdəyəm. Evə gedəndən sonra kitab rəfini qarışdırmağa başladım, budey, Rəbiqənin Naxçıvanda biznesini təşkil etdiyim kitab. İndiyə qədər açıb vərəqləmişəmsə zatıma lənət. Amma mən biznesini qurduğum kitabın içində nələr yazıldığını bilməliyəm. 

Kitabın adı "Epizodik sevgilər"dir. Yazıçı nəşriyyatında 2013-də çıxıb. Taleyin ironiyasına inanıram. Kitaba ön sözü Qismət adında bir adam yazıb, nə təxəllüs var, nə də soy ad, heç ön söz də yoxdur, ancaq yazıb. 

Kitabın ilk şeiri "çörək paylayıram sərçələrə"dir. Şeir çox gözəl başlayır, adama elə gəlir ki, bu şeiri sərçələr qarın üstünə öz ayaqları ilə yazıb. Rəbiqə ABŞ-ın müdafiə nazirindən, Əhmədinejatdan, nüvə silahından xəbərsiz çörək dimdikləyən sərçəkərin tablosunu yaradıb. Şeirin sonluğu duyğusuz və əlaqəsizdir. 

"Bircə sən bilirsən" şeirini oxudum. Şeirin adı şeirin içində səkkiz dəfə çəkilib, sonuncu bənddən başqa bütün bəndlərə bu sözlər bir dəfə bəs edərdi. Ancaq sonuncu bənddən çıxartsan heç nə qalmaz. 

Bircə sən bilirsən-ovucumun içindəki gizilti nədir. Bircə sən bilirsən-sən bunu- misralar nəyi gizlədir.
Necə də gözəl yazılıb. Bu bənd həm hər şeyə üsyan, həm razılaşma, həm də yorulmaq, taqətsizlik, bitmək deməkdir. 

Bir neçə şeiri dalbadal oxudum və diksindim. Bir anlığa elə bildim ki, Rəbiqə kişidir. Həqiqətən də Rəbiqənin şeirlərində kişi nəfəsi, kişi cəsarəti var, "Ezamiyyət" şeirində bu daha qabarıq görünür. Qadının kişiləşməsi həmişə məni üzür. Ancaq şairin cinsi olmur. 

Bəzi şeirlərdə adama elə gəlir ki, Rəbiqə bu şeirləri yazmaq xatirinə yazıb. Düzdür, içində maraqlı fikir var, amma çox azdır, o fikiri bir cümlə də eləmək olar. Bu da normal haldır. Heç bir şairin bütün şeirləri möhtəşəm deyil, zəifləri də olmalıdır. 

Rəbiqə çox sadə dildə yazır. Bu sadəliklə insanın dərin qatlarına vara bilir. "Narahat olma: İndi sənsiz, səndən əvvəl necəydimsə, eləyəm" deməklə qadın tənhalığından, çarəsizliyindən tutmuş Günəşə qədər hər şeyi deyib. Rəbiqənin şeirlərində bitmək, tükənmək, qadın azadlığı, azadlığın rahatlığı, hətta çarəsizlikdən alınan həzz də var. 

Kitabın ortalarında şeirlər bir az yorucu gəldi. Son səhifələr isə sözlə şəkilləşdirilib. Elə burdaca etiraf edim ki, Rəbiqə haqqında belə yüksək fikirdə deyildim. Yazıya başlayanda sərt tənqidi fikirlərim olacağını düşünürdüm. Kitabı oxuyandan sonra şeirlər məni sanki ofsunladı. Sözün gücü bu imiş. Rəbiqəni mənim haqqımda dediyi xoşagəlməz sözlərə görə bağışlamışdım, bir də bağışlayıram. Həqiqətən də onun şeirlərinin biznesini yaratmaq olar.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın