Arxa cibdən boylanan qadın – Çinarə Ömray

30, 09, 18
16:22

Arxa cibdən boylanan qadın – Çinarə Ömray



Hər şey narkotik kimi idi. Hər görüşdən sonra daha çox istəyir, daha çox bağlanırdım ona. Bu sevgi də deyildi. Yox deyildi. Sevgi hamının bacardığı bir hissdir. Məsələn KFCdə oturmaq kimi. Varlı da, kasıb da ömründə bir kərə də olsa oturub nəsə yeyə bilər orda. Sevgi də bu cürdü. Hər kəs bir dəfə də olsa bacarar bunu. Kimi bir neçə dəfə, kimi bir dəfə. İllah ki, də bacarar. Məndə sevgi deyildi. Tam başqa bir hiss idi. Məsələn bunu hamı bacarmaz, hamı yaşaya bilməz. Ona görə də adı yoxdu. əslində biz kütləviləşən, hər kəsin bacardığı, bildiyi nələrəsə ad qoyuruq. Amma mənim hissim tək-tük adamlarda olduğu üçün ona hələ ki, heç bir ad qoyulmayıb.

Mən bu hissləri ilk onla yaşadım. O qədər möhtəşəm idi ki, adam qorxurdu bu möhtəşəmlikdən. Hər görüş daha da asılılıq yaradır, daha da tabe edirdi. Ta o günə qədər. Özümü öz gözümdə görənə qədər.

Əslində gözəl bir gün idi. Onu hər görəndə içimin əsməsi, sonra onun susaraq danışdıqlarını dinləmək, sonra səbəsbsiz gülmək… Ya da eni mahnının eyni yerində eyni şeyi düşünə bilmək gözəlliyi. Onun yanında olanda kimsənin görə bilmədiyi bir sən çıxır içindən, əvvəl dəli kimi öpüşürsən, sonra özünü unudursan, daha sonra bütün dünyanı. Başgicəlləndirəndi.

Bu gün də eyni şey oldu. Özümü heç hara sığdıra bilməyən mən bir qucaqda yox olmuşdum. Onun öpüşləriylə daha çox buxarlanıb üzü göylərə uçurdum. Sanki məni o idarə edirdi; əlvan bir çərpələng idim, ipim əlində…

Sonra necə oldusa, gözüm şalvarının arxa cibindəki səliqə ilə ütülənib qatlanmış cib dəsmalına dəydi. Sanki o an kimsə məni qalxdığım göyün bir qatından götürüb bütün gücü ilə yerə çırpdı, ya da bədənimdən ruhumu çıxardıb lazımsız əşya kimi bir kənara atdı. O səliqə ilə ütülənib qatlanmış cib dəsmalından bir cüt qayğıkeş qadın gözü baxırdı düz gözlərimin içinə – “utanmırsanmı?”, deyərcəsinə. O dəsmaldan taqətdən düşmüş, saralmış xöşbəxtlik istəyi boylanırdı, o dəsmalın hər damasında bir arzu, bir ümid ütülənib səliqəli-səliqəli uzanmışdı. O dəsmaldan bir həyat yoldaşı boylanırdı, o dəsmaldan bir ana qayğısı gülümsəyirdi, o dəsmaldan bir sədaqət, bir etibar hayqıqrırdı.

O dəsmal bir ailə tablosu idi. O tablonu məhv edəcək qədər güclü deyildim. Qadın ümidin bu tablosu o qədər zərif, səliqəli idi ki, qarşısında duranda içimdə əcməcə başladı.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın