Aydın Canıyev yazır: “Hər zaman və hər yerdə doğrunu yazan Seymur Həzi”

31, 08, 18
09:05

Aydın Canıyev yazır: “Hər zaman və hər yerdə doğrunu yazan Seymur Həzi”



ANA SƏHİFƏ » KÖŞƏ YAZARLARI MANŞET XURALTAC

Aydın Canıyev yazır: “Hər zaman və hər yerdə doğrunu yazan Seymur Həzi”

XuralYAZILDIĞI TARİX 29 AVQUST 20180221 dəfə oxunub


Aydın Canıyev
Möhtərəm və möhtəşəm jurnalist
 
ETİRAF – hər zaman həqiqətləri yazan, deyən həmkara
 
Bu gün düz 4 il keçir Seymurun həbsindən. Seymurla məni ilk növbədə AZADLIQ EŞQİ, həqiqətin təntənəsi, hər zaman, hər yerdə doğrunu yazmaq, söyləmək iddiası və… “Azadlıq” birləşdirir! Bir fərqlə ki… Seymur mübarizəsinin və “Azadlıq”ın əzabını çəkir rejimdən, mən isə həm də “Azadlıq”dan əzab çəkmişəm – bu, ayrı gileydi!

Seymur intellekti və mübarizəsiylə yazılarında “çetkiy, yasnıy, tselenapravlennıy” imza, mücahid olub!
Və ilk cəzasını onunla alıb ki… hərbi xidmətə göndərilib – getməyə də bilərdi! Vətən borcunu verib qayıdıb – day bəziləri kimi bunu Vətənə qaxınc etməyib, fiziki qüsurlar aramayıb özündə, siyasi mübarizəsini dəstavuz etməyib.
Rəğbətimin təməli burdandı Seymura.
Qayıdandan sonra… daha ciddi, daha kəskin, daha sərt yoluna davam edib!

Əslində, Seymur həbs olunmamışdan qabaq bilirdim, dostlara demişdim ki, Seymuru… tutacaqlar: Elnur Astanbəyli ilə mükaliməsi bəs edirdi. Hətta bəziləri dodaq büzdülər, replika ataraq ironiya da etdilər ki, səni kimi içib məscid pəncərəsi sındıracaq ki?
Əlbəttə, Seymur Həzi danışığında, rəftarında korrekt vətəndaş idi, əlbəttə, Seymur Həzi onu həbs etmək üçün heç bir yanlış yapmayacaq qədər ayıq və müdrik siyasiydi.
Əlbəttə ki…

Əlbəttə ki, Seymur cəmi bir həftə, ya da bir az çox sonra həbs olunanda mənə kinayə və ironiya edənlərə heç nə demədim: çünki çoxunun acığı gedir belə “öncəgörənlik”dən.

Buna “Eynulla Fətullayev uzağı iki aya tutulacaq” deyəndə də, “Eynulla Fətullayev çıxıb birinci sizi söyəcək” deyəndə də (belə onlarca faktı əlavə edə bilərəm) şahid olmuşdum. Hətta yadımda dəqiq qalıb ki, Mirzə Sakitə “çıx get Şamaxıya, səni tutacaqlar” deyəndə mənə cavabı da yadımdadı: “Hara Şamaxıya? Ordaydım da, tökülüşdülər, qaçdım meşəyə” deməyi də.
Bəzən elə məqamlar var ki, “qırmızı xətt”i keçmək olmaz və sən də guya elə hesab edirsən ki, keçməmisən! Gərəkdir ki, bunu “çutyo”su güclü olan dostlar, mübarizə yoldaşları desin. Day tutulandan sonra ağıl nümayiş etdirməyi, müdriklik sərgiləməyi çox aqressiv qəbul edirəm. Öz başımıza gəlib! Şəxsi inciklikləri yazıya qatmaq istəmirəm deyə, bu gün elə əzizimiz Seymur Həziylə bağlı şəxsi müstəvidə bir olayı yazıram – zatən də “Azadlıq” qəzeti və mübarizləri mənim üçün yoxdu… 2011-ci il sentyabrın 7-dən: hələ çıxmayan qəzetin məhz birinci səhifəsində həbsimlə bağlı “təntənəli məlumat” veriləcəyini üzümə duranların mənə qalibanə şəkildə bildirdiklərindən sonra!
Və… mənim üçün çox ağır idi: nə qədər incik olsam da, “Azadlıq”ın qurbanları DAHA LƏYAQƏTLİ MÜBARİZLƏR olurdu, növbətisi isə Seymur Həziydi!

Seymur Həziyə münasibətimi dedim, mübarizəsini dəyərləndirdiyimi də deyirəm: adam öz payına saf və təmiz mücahidlərindəndi.
Şəxsi müstəvidə… bunu yazmamaq da olardı. Mən o hələ tutulmamış da bunu ona deyə bilərdim. Ancaq özüm həbsxanadan təzə çıxmışdım, cəmiyyətə adaptasiyadan çox, mütiliyə, köləliyə, getdikcə mağmınlığa yandırılan “yaşıl işığ”ın fonunda daha çox müalicəm və gələcəyim haqqında düşünürdüm. Yəni uyğun məqam gözləyirdim.
Belə alındı: Seymur şərlənərək həbs olundu.

Azərbaycan Xalq Cəbhəsi fəallarına, ilk növbədə “Azadlıq” əməkdaşlarına qarşı nəsə olanda, yaxud da şərlənəndə, itki üz verəndə, düzənlənən tədbirlərdə maksimum olmağa çalışmışam – iş yerimdən, harada olmağımdan asılı olmayaraq!
Ancaq bu dəfə…

İndi Seymur Həzinin dustaq həyatı yaşadığı 17 saylı Cəzaçəkmə Müəssisəsində 2012-ci ildə iki aydan bir az çox qalsam da, bəs elədi ki, 45 illik ömrümün… kinosuna baxım.

O filmin bir səhnəsinə tamaşa edəndə… Seymuru bir daha çox istədim! Bir daha əmin oldum: adam həmişə həqiqəti və düzünü deyib.
… “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində dəhlizin başındakı çayxana-yeməkxanada Pərviz Cəbrayılla oturmuşduq. Seymur Həziylə nədənsə mübahisəvari bir məqam yarandı. Və Seymur birdən qayıtdı ki, içib yazırsan da! Doğrusu, bu, “Yeni Müsavat”ın hələ 2001-ci ildə Fazil Mustafayla birgə əleyhimə apardığı “qara piar”ın “əsas arqumenti” olduğundan, çox pis şəkildə, ən latayır formada, ən yolverilməz halda araq içib yazı yazanın ünvanına söydüm – öz payıma.

Təbii ki, mən araq içib yazı yazmamışam! Amma və lakin, həm də…
Niyə əminliklə deyirəm, izah edim! Bir dəfə – 2002-ci ildə bu gün də, onda da, ondan əvvəl də Azərbaycan siyasi şərhçiləri arasında sanballı YAZILARINA görə seçilən bir imzanın tam sərxoş vəziyyətdə danışdırılmasına şahid oldum. Mən o qəzetdə, belə deyək, heç kim olsam da, korrektorluğa xahiş-minnətlə götürülməyimə qrup yoldaşımı razı salsam da, müsahibənin qəzetdə gedəcəyi halda, mətbuata açıqlama verəcəyimi bildirdim!

İçirdən də ölkənin məşhur imzasıydı, içən də, qəzetin sahibi də, əleyhinə danışılan isə… İsa Qəmbər. “Yeni Müsavat”ın, onun əməkdaşlarının, Fazil Mustafanın çox az öncə əleyhimə yazdırdıqları bütün iyrənc yazılara baxmayaraq, bunu etdim və redaksiyadan uzaqlaşdım. Onsuz da o vaxta qədər içib yazmamışdım, ondan sonra isə nəinki içib yazmaq, hətta bəzən redaksiyalarda təşkil olunan məclislərdən də qaçmağa başladım. Mən mif bildiyim adamların kif olduğuna şahid olmuşdum.

2006-2008-ci illər daha çox sarsıntı yaşadığım illər olub. Bəlkə də elə onda sürətlə qocalmışam, gücsüzləşmişəm, olan-qalan dəyərlərə tüpürmüşəm aldığım zərbələrdən, bilmirəm. Hər halda, məni həbsxanaya aparana qədər heç bir addımıma mane olmadım.
Və elə o sarsıntılı günlərin birində Elçin Səlcuq Tahir Kazımlı ilə başladı “Proloq” qəzetini buraxmağa. Təbii ki, rəhmətlik Elçin olan yerdə yeyib-içmək həmişə olub, üstəlik də Vəli Xramçaylı böyür-başda fırlanırsa. Elçin Səlcuqun məni tanıdığı gündən içində mənə qarşı aqressiya olsa da, bunu gizlətməsə də, bəzən hətta özünü saxlaya bilməyib, əl-qol atsa da, həmişə qələmimi etiraf edib, yazılarımı nümunə gətirib, görüşüb-öpüşüb və… dalaşıb ayrılmışıq. Növbəti dəfə rast gələndə heç nə olmamış kimi, yenə də bir stolda oturub, çörək kəsmişik və yenə də… eyni aqibət.
Təbii ki, söz adamı olaraq, məndən qəzeti haqqında rəy soruşanda xoş sözlər demişəm. Elə bunun da bəlasına düşərək… növbəti sayı qeyd edəndə… sözün həqiqi mənasında, dirənib ki, təbrik yaz!

İkimiz (hələ o biriləri də) də içkili, nə qədər yayınsam da, alınmayıb və mən… 3 min işarəlik yazı yazmışam: təbrik əvəzi! Ədəbiyyatı – Pərvizin, Elçinin, öz uşaqlarımın adlarını çəkməklə, gələcəyi saydığımı qeyd eləmişəm. Üstəlik də səhifəyə qoyulan yazımı özüm oxumuşam, cəmi 6 hərf səhvi olub, qəzetin buraxılışına məsul ayıqlar onun da… üçünü düzəldiblər!
Üstündən nə qədərsə keçib… və mən Seymur Həzi ilə belə bir ekssess yaşamışam.
Əlbəttə ki, önəm vermədiyim məqamdı!
Əlbəttə ki, yaddaşda saxlamayacaq qədər ötəri bir hadisədi!

Ancaq mən… dostlar tanıyır ki, əsəbi, psixi durumu həddən artıq həssas adamam, kin saxlamasam da, haqqımın davasını qəbir evinəcən aparan adamam, üstümdə ittiham saxlamamaq eqom var! Bunu da bütün siyasilərdən tələb etmişəm yazılrarımda ki, irəli sürülən ittihama cavab verin!
İndi ölkənin rəhbərliyi ilə dör-dör döyüşən Seymur Həzi bunu səsləndirirsə… bu çox ağır ittihamdır və bunun altından çıxmaq lazımdır!
… 17-ci CÇM-də, Nemət Pənahlı ilə bir “xata”da, günlər geçdikcə bütün suallara cavab var, bütün borclar yerbəyer olunur, bütün düşmənlər və dostlar seç-ayırd edilir, “bütün məsələlər yalnız 2016-cı ildən sonra həllini tapır” ağrısı və birdən ekranda tam təsvir!
Mə bunu Seymur Həziyə etiraf etmirəm: uzaqbaşı Seymur Həzi dəqiq bildiyi fakta görə yalandan (əslində isə fərqinə varmadığımdan) hətta namus söyüşü söyən biri olduğumu da deyə bilərdi, deyə bilər, hətta “araq içib yazı yazır” ittihamıyda ta Avropa Şurasının məhkəməsinə gedib çıxıb təzminat da istəyə bilər… fəqət, mən bunu ona görə yazdım ki, oxucular və siyasi mübarizə yoldaşları bilsin, türmə yoldaşları bilsin, ən nəhayət, dünya bilsin: o, Azərbaycanın hər zaman, hər yerdə həqiqəti, əmin olduğu faktı və doğrunu deyir! Önəmi yoxdu ki, bu həqiqət nəyə yarayır!
…Əslində, mən gözləyirdim ki, Seymur Həzi üçdəbirlə çıxacaq!
…Əslində, mən gözləyirdim ki, Seymur yarımüddətlə çıxacaq!
…Əslində, mən gözləyirdim ki, Seymur dörddəüçlə çıxacaq və mən ona deyərəm.
…Day indi nə qalmışdı ki, çıxmağına – bir ildən sonra da deyə bilərdim: özünə.
Amma HƏM DƏ ona görə yazdım ki, türmədə hər kəsin öz kinosu var.
Eyni səhnə onun ömür lentində də təkrarlanmalıdı axı.
Türmədən adamlar daha doğru dəyərləndirilir!
Türmə həqiqətləri müqəddəsdi!
Türmədə gəlinən qənaətləri heç nə dəyişmək gücündə deyil!
Və… Seymur Həzinin özünə inamı üçün deyirəm: hər zaman və hər yerdə doğrunu və həqiqəti demək xarizmanla qarşılaşmaq, görüşmək ümidiylə, əziz insan!

 
Azerbaycanrealligi.com Xural.com-a isitnadən

Bizimlə əlaqə saxlayın