Tehran Bakıya hədələrini “yenilədi” - İranın düşmənçiliyi səngimir

07, 01, 23
15:00

Tehran Bakıya hədələrini “yenilədi” - İranın düşmənçiliyi səngimir


SEPAH generallarından Azərbaycana təhdidlər; Bakı güneylilərin müdafiəsini gücləndirməlidir...

“İran Prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər”. “Yeni Müsavat” xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib. Kalının sözlərinə görə, belə bir səfər hazırlığı gedib, ancaq onu təxirə salan bəzi səbəblər olub:

“İndi protokollar üzrə danışıqlar aparılır, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur”. Ərdoğanın rəsmi nümayəndəsi Bakı kimi Ankaranın da İranın bəzi bəyanatlarından narahat və məyus olduğunu vurğulayıb. “Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”, - deyə o əlavə edib.

Bu arada İranın ölkəmizə qarşı təxribatları davam etməkdədir. İndi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü, general Əlirza Tanhay Azərbaycanı hədələyib. Bu barədə “Ahrargil” Analitik Xəbər Mərkəzi məlumat yayıb.

İranlı general Azərbaycanı İraqın keçmiş lideri Səddam Hüseynlə müqayisə edib. Onun sözlərinə görə, Azərbaycan Ukraynadakı vəziyyətdən dərs almalıdır. “Qoy Azərbaycan Ukrayna xalqının başına gələnləri görsün, Səddamın səhvini təkrarlamasın”,- deyə iranlı hərbçi təhdidindən geri qalmayıb.

Bundan bir neçə gün qabaq isə SEPAH uşaqlardan ibarət əsgərlərinin Xudafərin körpüsü ilə Araz çayını keçərək Azərbaycan ərazilərinə doğru getdiklərini əks etdirən video yaymışdı. Uşaqların daşıdıqları bayraqların birində isə “Qüds yolu” yazılmışdı.

Bu, şəksiz ki, beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Həm də o səbəbə ki, videoda uşaqlardan əsgər kimi istifadə olunması əksini tapıb. Beynəlxalq konvensiyalara görə belə hərəkətlər qadağandır. Görünür, rəsmi Tehran daxildə rejim əleyhinə etirazlardan diqqəti yayındırmaq üçün indi də bu cür çirkin üsullara əl atmağa başlayıb.

Yeri gəlmişkən, İranın Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilib!” və digər şüarlar səsləndirilib.

Bu da diqqətçəkicidir ki, az öncə İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana çağırılıb. Orada o, xarici işlər naziri Əmir Abdullahiyan ilə görüşüb. Qeyd edək ki, adətən səfirin məsləhətləşmələr üçün geri çağırılması qarşı tərəfə etirazın və narazılığın bir forması sayılır. Odur ki, bir sual indi xüsusilə aktual səslənir: doğrudanmı üç qonşu ölkə liderlərinin sammiti aradakı ziddiyyətləri aradan qaldıra, İranın Azərbaycana qarşı əsassız iddialarına və böhtan kampaniyasına son qoya bilər?
 
Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"
Siyasi ekspert Əziz Əlibəylinin qəzetimizə dediyinə görə, İranın Zəngəzur dəhlizinə yönəlik mövqeyi yumşalmalıdır. Onun fikrincə, Ərdoğan-Rəisi görüşündə əsas müzakirə predmetlərindən biri bu ola bilər.

Ekspertə görə, regional və qlobal müstəvidə İranın oynadığı rola Türkiyənin blok qoyması da müzakirə edilə bilər. “Uzun müddətdir ki, İranın öz ərazisində genişləndirdiyi kəşfiyyat mübarizəsi var. İsrail və Amerika vətəndaşlarının bu ölkədə terror aktı törətməsinin qarşısı alınır. Bu məsələ də bağlı qapılar arxasında müzakirəyə çıxarılacaq. Üçüncü vacib mövzu:

Rusiya Türkiyəyə imkan tanıdı ki, Qərbin enerji təchizatı Ankara vasitəsi ilə həyata keçirilsin, yəni mərkəzi paylayıcı Türkiyə olacaq. İndiki sanksiyalar şəraitində İranın da düşdüyü vəziyyətdən Türkiyənin faydalanması mümkündür. Eyni zamanda, Türkiyə ilə Suriya arasında təmaslar baxımından Ərdoğanla Rəisinin görüşü vacibdir. Şübhəsiz ki, bu danışıqlarda Azərbaycan-İran münasibətləri də nəzərdən keçiriləcək”.
Fuad Əliyev - VHP
ALDP sədri Fuad Əliyev isə deyir ki, liderlərin görüşü Tehran-Bakı əlaqələrində olan gərginliyi azalda bilər: “Hərçənd buna ümidim azdır. Çünki Aşqabadda keçirilən görüşdə Prezident İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar, çox keçmədi ki, İran rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bunu özləri göstərdilər ki, İbrahim Rəisinin İlham Əliyevlə görüşməsi nəticə verməyib, molla rejimi Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyil.

Odur ki, hətta üçtərəfli görüş olarsa, bir müddət sonra Tehran eyni ermənipərəstliyini nümayiş etdirəcək. Çünki Zəngəzur koridoru bu ölkə üçün mühüm məsələdir, ona görə erməniləri dəstəkləyirlər”.

Partiya lideri təklif edir ki, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirsin: “İran postmüharibə dönəmində maskasını yırtıb atdı və iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. Əgər İran normal qonşuluq münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.

Emil SALAMOĞLU

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın