Azərbaycan Yaxın Şərqdə uzaq hədəfinə çatır – İsraildə səfirlik, Fələstində təmsilçilik

20, 11, 22
16:00

Azərbaycan Yaxın Şərqdə uzaq hədəfinə çatır – İsraildə səfirlik, Fələstində təmsilçilik


Azərbaycanın İsraildə səfirlik açması xəbəri gündəmin əsas mövzusuna çevrilib. Çoxdan gözlənilən bu addımın reallaşması cəmiyyətdə böyük razılıqla qarşılanıb. Hətta İsrailin özündə bu xəbər küçədə insanların şənlik etmələri ilə müşayiət olunub.

İsraildə səfirliklə paralel Azərbaycanın Fələstində Təmsilçilik Ofisi açılacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, Globalinfo.az-a mövzunu şərh edən politoloq Vaqif Hüseyn bildirib ki, ölkəmizin İsraildə səfirlik açması böyük bir hadisədir:

Vaqif Hüseyn

“30 ildən sonra bu gözlənilən idi. İranla həssas durumlarla bağlı olaraq bu addımın atılması xeyli gecikdi. Azərbaycan İranın müəyyən həssaslığını nəzərə alırdı və bu qırmızı xətti keçmirdi. Amma İran Qafanda konsulluq açmaqla qırmızı xəttin hamısının üstündən keçdi, açıq şəkildə Ermənistana dəstək verdi”.

Politoloqun fikrincə, İran ilk dəfə olaraq məsələyə dini deyil, öz dövlət maraqları çərçivəsində baxdı:

“İran üçün əsas təhlükənin nə olduğu o saat göründü. Məlum oldu ki, o heç də islam dinini müdafiə etmirmiş və İran dövlətinin maraqları onun üçün ən ümdədir. İran Türk dövlətlərinin vahid bir coğrafi xətdə birləşməsini özü üçün ən böyük təhlükə hesab etdi. Azərbaycan bunu açıq şəkildə gördü və İsraildə səfirliyin açılması ilə çoxdan etməli olduğu bir addımı atdı”.

Vüqar Zifəroğlu

Politoloq Vüqar Zifəroğlu bildirib ki, rəsmi Təl-Əvivlə rəsmi Bakı arasındakı əlaqələr çoxşaxəli və çoxvektorludur:

“Azərbaycanla İsrail hər zaman biri-birinə yaxın ölkələr olublar. Bizim Xəzər Xaqanlığı kimi ortaq tarixi dəyərimiz var. Üstəlik, İsraillə Azərbaycanın münasibətləri hər zaman yaxın və strateji tərəfdaş münasibətləri olub. Bu mənada da İsraildə səfirliyimizin açılması həm arzuolunan, həm də müsbət bir hadisədir. Səfirliyin açılması bu münasibətləri yeni və daha yaxın mərhələyə daşıyacaq”.

V.Zifəroğlu qeyd edib ki, İsraildə səfirliyin açılmasına hansısa üçüncü ölkənin neqativ reaksiya sərgiləyəcəyi isə ümumiyyətlə anlaşılmaz və qəbuledilməzdir:

“Biz müstəqil ölkə olaraq müttəfiq və dost ölkələri seçməkdə sərbəstik və bu zaman milli maraqlarımıza istinad edirik”.

O, əlavə edib ki, burada xüsusilə diqqət çəkən məqam Fələstində də təmsilçilik ofisimizin açılmasıdır:

“Azərbaycan İslam həmrəyliyinə öz töhfələrini vermiş və verməkdə olan bir ölkədir. Bu mənada Fələstində nümayəndəliyimizin açılması gözlənilən idi. Nəzərə almalıyıq ki, bundan öncə də Azərbaycan İslam ölkələri ilə bağlı bir sıra tədbirlərə ev sahibliyi edib və İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərə malikdir. Fələstin də İslam dünyasının ayrılmaz hissəsi olduğu üçün orada nümayəndəliyimizin açılması xoş haldır”.

Gülnar Səlimova

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın