İran dağılacaq: Bütün imperiyalar kimi

Dünya / Manşet
 20-11-2022, 18:00     307


İngiltərə Hindistana kimi gedib çıxmışdı. Fransa Afrikanın böyük bir hissəsini pəncəsi altına almışdı. SSRİ Asiyada və Avropada böyük xalqlar həbsxanası yaratmışdı. Osmanlı yüz illərlə dünyanın böyük bir hissəsinin hakimi mütləqi oldu...  

Belə nümunələri sonsuza qədər sadalamaq olar. Amma bu gün ortada həmin imperiyalardan nə qalıb?!


İran da gedəcək. Dünyanın ən zəif imperiyası olsa da, çox yaşadı. Qınına çəkilərək, kölgədə qalaraq, cilddən-cildə girərək bu qədər uzun müddət həyatda qalmağı bacardı. Öz tarixi torpaqlarından dəfələrlə böyük ərazini  caynağında saxlayaraq özü-özünə həyat verdi. Bəzən başqalarının da ona süni nəfəs verməsi ilə qarğa ömrü qədər yaşaya bildi. Amma cin bir gün şüşədən çıxmalıdır. Son 100 ildə bu cin dəfələrlə şüşədən çıxıb. Amma hər dəfə onu basmarlayıb öz hücrəsinə salıblar. Gah SSRİ, gah Fransa, gah Amerika cinin həbs olunmasında böyük xidmət göstəriblər. Bu dəfə necə olacaq?! Təcrübə qəti proqnoz söyləməyə imkan vermir. Amma bu gün olmasa da, sabah var axı. Əvvəl-axır bu şər yuvası çökməlidir, ya yox?! 

Lev Tolstoy “Ruhanilərə müraciət”ində yazırdı: “Yalan heç kim üçün yararlı ola bilməz. Siz bu yalanları onlara aşılamasaydınız xalqın içindəki insanlar da elə sizin kimi, yalan olduğunu bildiyiniz bu sözləri doğru saymazdılar, bu yalanlardan qurtula bilərdilər”. 200 ildir İran adlanan ərazidə yaşayan xalqların kölə əhalisi ayətullahların yalanlarından xilas ola bilmir. Onlar bu yalanları anadan doğulandan dinləyir və gerçək kimi qəbul edirlər. İnsan beyni belədir. Bir yalanı dəfələrlə eşitdikdə onu gerçək kimi qəbul edir. Amma axı dərketmə də, oyanma da var. Belə dərketmələr, oyanmalar kütləvi olanda dağıdıcı hal alır. Həmin vaxta kimi nə var olubsa, hamısını darmadağın edir və daha da keçmişə qayıdır. Tarixlə bağlı, etnosla əlaqəli şüuraltı nə varsa, hamısı oyanır və düzən dəyişir.

Fars şovinizmi çox hiyləgərdir. Təhlükə olan anda çox asanlıqla keçmişindən imtina edə bilir. Təki coğrafiyasında dəyişiklik olmasın. Təki 200 ildir mövcud olan sərhədlərində hər şey öz yerində qalsın. Bunu biz də, bizim babalarımız da görüb. Yeri gəlsə, mollalar günü bu gün əbalarını çıxarıb özlərinin saxta Qum mərkəzində qalaqlayıb yandırar, əyinlərinə smoking geyinib ən müasir insan cildinə girər, ölkəni başdan-başa demokratiya pərdəsinə bürüyər, o mollalar diz çöküb öz kölə xalqlarının əllərindən öpər. Təki şovinizmə zərər dəyməsin. Öz əsarətində olanlara o dünyada cənnət vəd edən mollalar özləri bu dünyada cənnətlərini yaşamaqda davam edərlər. Riyakarlığın həddi sonsuzdur. Bunun üçün də din silahı dəfələrlə  istifadə üçün yararlıdır.

Buna inanmaq olmaz. Xomeyninin əmmaməsi ilə 40 il öncə gələn inqilab bu dəfə başqa bir pərdə altında Cənubdakı soydaşlarımızın gözünü kor etməməlidir. Təbii ki, azadlıq qurban istəyir. Məşhur sözdür, pay verilən azadlıq azadlıq deyil. 

İndi dünyada 30 il əvvəl baş verən proseslərin təkrar olunduğunu görmək mümkündür. O zaman SSRİ darmadağın oldu. Amma SSRİ-nin dağılmasında imperiyanın daxilindəki xalqlar da əhəmiyyətli rol oynadılar. Bu, təkcə qlobal proseslərin nəticəsi olmadı. İrandakı xalqların da başladıqları bu etirazları azadlıq mübarizəsinə çevirməsi labüddür. Əgər hədəf azadlıqdırsa, addım bu gün atılmalıdır. Sabah gec ola bilər. An bu andır. Mollakratiya diktaturası ciddi zədə alıb. Bu məqamdan istifadə etmək vacibdir. Növbəti belə məqam nə vaxt yaranacaq? 

Bu gün xalqımıza Azadlıq lazımdır. Azad olsunlar. Molla buxovunu qırıq-qırıq etsinlər. Bu olarsa, növbəti hədəf təbii ki, o taylı, bu taylı Azərbaycanın birləşməsi olacaq. Və bu yuxu deyil.

Elnur Məmmədli

AZƏRBAYCANREALLIĞI.COM