UKRAYNANIN TALEYİ ANKARADA MÜZAKİRƏYƏ ÇIXARILIB? - ABŞ-la Rusiya arasında keçirilən danışıqlarla bağlı ŞOK İDDİALAR

Dünya / Manşet
 15-11-2022, 13:00     329


Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar gedir. 

“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə məlumat yayan Rusiyanın “Kommersant” nəşri hələ ki, müzakirələrin təfərrüatlarının məlum olmadığını yazıb.

Məlumatda qeyd olunur ki, Rusiyanı danışıqlarda Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin təmsil edir. ABŞ-ı isə MKİ başçısı Uilyam Börnsün təmsil etdiyi barədə məlumatlar yayılır.

Vladimir Putinin sözçüsü Dmitri Peskov bu məsəlyələ bağlı sualı cavablandırarkən “nə təsdiq, nə də təkzib edə bilmərəm” deyib.

Bu isə dolayısı ilə danışıqlar aparıldığına dair xəbəri təsdiqləyir. Əksər təhlilçiləır hesab edirlər ki, demək olar, məxfi keçirilən danışıqların əsas mövzusunun Ukrayna müharibəsi olduğu şübhə doğurmur.

Məlum olduğu kimi, rus ordusunun Xerson şəhərini tərk etməsindən bir neçə gün öncə, noyabrın 4-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Kiyevə səfər etmişdi. Həmin vaxt onun Ukrayna rəhbərliyindən danışıqlarla bağlı mövqeyini bir qədər yumşaltmasını istədiyi bildirilirdi.

Bundan az sonra, noyabrın 9-da Rusiyanın Müdafiə naziri Şoyqu qoşunların Dneprin sağ sahilindən çıxarılması barədə göstəriş verdi. Gözlənilənlərin əksinə olaraq, bu zaman Xersondakı rus qoşunları çox az itkilərlə Dneprin sağ sahilindən sol sahilinə keçə bildilər.

Ukrayna Ordusunun şəhərdən qaçan rus qoşunlarına sarsıdıcı zərbələr endirməməsi isə müəyyən şübhələrə yol açdı. Hansı ki, Ukrayna tərəfinin bunun üçün müəyyən imkanları var idi.

Bundan sonra Ukraynada bir çox təhlilçilər tərəflər arasında hansısa razılaşma olduğuna dair mülahizələr irəli sürməyə başladılar.

Eyni zamanda, demək olar, son bir ayda hər həftənin birinci günü Rusiyanın Ukraynanın energetika infrastrukturuna raket və dron zərbələri endirməsi mütəmadi hal alsa da, son bir neçə gündə və bu bazar ertəsi infrastruktura heç bir zərbə endirilmədi.

Eyni zamanda, son günlər bəzi xarici mətbuat orqanlarında və bir çox “telegram” kanallarında Rusiyaya kapitulyasiyaya bənzər bir plan təklif edildiyinə dair məlumat yayıldı.

Qərbin həmin təklifində guya Rusiyadan fevralın 24-dən sonra işğal etdiyi bütün ərazilərdən çıxması və həmin ərazilərə aid iddialardan rəsmən imtina etməsi istənilir. Üstəlik, rus qoşunları Krımı da tərk edir və Qara dəniz donanması Sevastopoldan çıxarılır. Lakin Krım hələ ki, Rusiyanın tabeliyində qalır və onun taleyinin həlli 7 il müddətinə təxirə salınır.

Eyni zamanda, Rusiya-Ukrayna və Ukrayna-Belarus sərhədləri yüz kilometr dərinliyə qədər ağır silahlardan təmizlənir.Tərəflər sərhəddə yalnız yüngül silahlarla təmin olunmuş hissələr yerləşdirir.

Eyni zamanda, rus qoşunları Moldovadakı Dnestryanı bölgəsini də tərk edir. Əvəzində, Putin hakimiyyətdə qalır, Rusiya hərbi rəhbərliyinə qarşı heç bir beynəlxalq cinayət təqibi həyata keçirilmir. Ukrayna isə 7 il ərzində NATO-ya daxil olmayacağını vəd edir və sair.

Deyilənə görə, Rusiya siyasi elitası, xüsusilə Putinin ətrafı bu təkliflərə çox da soyuq yanaşmayıb və daxildə onların müzakirəsinə başlayıb. Hələlik nə Ukrayna, nə də Rusiya tərəfi bu xəbərləri təsdiqləməyib...

Bütün bu qeyd edilənlərin fonunda Ankarada ABŞ və Rusiya arasında danışıqlar aparıldığına dair yayılan məlumatlar kifayət qədər maraqlı görünür. Hər halda, yaxın zamanda yuxarıda qeyd edilənlərin nə qədər ciddi əsaslara söykəndiyi məlim olacaq.

Ancaq onu da qeyd edək ki, artıq dəfələrlə Co Bayden başda olmaqla, əksər Qərb liderləri Rusiya ilə danışıqların və sülhün yalnız Ukraynanın şərtləri yerinə yetirilməklə mümkün olacağını bəyan ediblər.

AZƏRBAYCANREALLIĞI.COM