Tehranı qorxudan Bakı görüşü - GƏLİŞMƏ

06, 10, 22
17:00

Tehranı qorxudan Bakı görüşü - GƏLİŞMƏ


Son bir neçə gündə Azərbaycan çox nüfuzlu qonaqlara ev sahibliyi etdi.

Belə ki, İsrailin müdafiə naziri Benni Qantz, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya gəldi. Eyni zamanda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı baş tutdu.

Qeyd edək ki, telefon danışığı nüfuzlu qonaqların Bakı səfəri ilə eyni vaxta təsadüf etdi. Son bir neçə gündə Azərbaycanda aktiv hərbi-siyasi gündəm müşahidə olundu. Keçirilən rəsmi görüşlər, o cümlədən xarici qonaqların Azərbaycanla bağlı dedikləri bir daha rəsmi Bakının regiondakı güclü mövqeyini göstərir. Azərbaycan mübaliğəsiz regionun açar ölkəsidir. Artıq dost, tərəfdaş ölkələrlə yanaşı, böyük güclər də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bu və ya digər formada göstərirlər. DİA.AZ-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında deyib ki, Bakıya səfər edənlər müttəfiqlərimizdir:

“Biz İsraildən illərdir ki, hərbi texnika alırıq. Çünki Qərb ölkələri bizə silah satmır. Ona görə də biz dost, tərəfdaş və müttəfiq dövlətlərdən alırıq. Azərbaycan son zamanlar əsasən iki dövlətdən-Türkiyə və İsraildən silah alır. Onlardan alınan silahlar hesabına da Azərbaycan İkinci Qarabağ müharibəsində uğur qazandı. Düzdür, qələbəmizdə ordumuzun və şəhidlərimizin əsas və böyük rolu oldu, amma bu silahların da önəmli payı var. Bu proses davam edir. Təsadüfi deyil ki, İsrailin müdafiə naziri böyük bir heyətlə Bakıya gəlir, Prezident, müdafiə naziri, Sərhəd Qoşunlarının komandanı il görüşdü. Demək ki, İsrailə hərbi texnika sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək. İkinci Qarabağ müharibəsində biz qələbə qazanmışıq, amma ordumuzu daim gücləndirməli, yeni hərbi texnika ilə təmin etməliyik. Hərbi büdcəmiz ildən-ilə artır. Bu isə çox vacib məqamdır, çünki bir sıra məsələlər var ki, onları da həll etməliyik”.

Politoloq qeyd edib ki, eyni gündə Zakir Həsənov İranın Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə danışıb, çünki İran ölkəmizin İsraillə əməkdaşlığını narazılıqla qarşılayır:

“Amma bu, onların öz problemidir. Bu əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur”.

Hulusi Akarın Bakı səfərinə də toxunan Elxan Şahinoğlu vurğulayıb ki, bu, Azərbaycanla Türkiyə arasında artan hərbi əməkdaşlığın bir nümunəsidir:

“Azərbaycan “Komando” hərbi sistemi yaradıb ki, bu da Türkiyə təcrübəsidir. İnanıram ki, bu komandolar sayəsində gələcəkdə Qarabağda qalan separatçıları da tərkisilah edəcəyik. Səudiyyə Ərəbistanı da Prezidentin dediyi kimi, Azərbaycanın müttəfiq ölkəsidir. Çünki 3 ölkədən biridir ki, Ermənistanda diplomatik nümayəndəliyi yoxdur”.

E.Şahinoğlu əlavə edib ki, Azərbaycan bölgənin açar dövlətidir və İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ-ın özü bizimlə əməkdaşlıqda maraqlıdır: “ABŞ dövlət katibi Antoni Blinkenin də zəngi bunu deməyə əsas verir. Baxmayaraq ki, ABŞ-da ermənipərəst qüvvələr var, amma rəsmi qurumlar anlayır ki, Azərbaycanla əməkdaşlığın inkişafı Amerikanın maraqlarına uyğundur. Avropaya qaz nəql edirik. Asiyanın zənginlikləri Azərbaycan üzərindən Avropaya daşınır. Bu baxımdan Azərbaycana münasibət də adekvat olmalıdır. Sadəcə olaraq, bəzən informasiya savaşı aparılır, təxribatçı məlumatlar yayılır. Bunun da qarşısını almaq üçün qabaqlayıcı addımlar atmağa ehtiyac var”. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın