Ukrayna Radasında Kremli şoka salacaq təklif: Bu bölgənin müstəqilliyi tanınsın!..

13, 07, 22
18:00

Ukrayna Radasında Kremli şoka salacaq təklif: Bu bölgənin müstəqilliyi tanınsın!..


Xalq deputatları Aleksey Qonçarenko və Musa Maqomedov Ali Radaya Çeçenistan İçkeriya Respublikasının suveren dövlət kimi tanınmasını təklif ediblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda məlumat Ali Radanın saytı və Aleksey Qonçarenkonun "Facebok"-dakı paylaşımında  yayılıb. 

Qonçarenko və Maqomedov iyulun 11-də Çeçenistan İçkeriya Respublikasının dövlət suverenliyinin tanınması haqqında qətnamə layihəsini (№ 7551) qeydə aldırıblar.
 
Sənədin mətni hələlik parlamentin saytında yoxdur, o, baxılmaq üçün Ali Radanın rəhbərliyinə təqdim edilib.
 
Qonçarenko "Facebook"da “Ukraynanın İçkeriyanın müstəqilliyini tanımalı olması"nın səbəbini izah edib:

“Çeçen xalqını ram etmək üçün Kreml iki müharibə etdi, şiddətli qətllər, soyqırımlar törətdi və sonda terror siyasətini davam etdirən Ramzan Kadırovu öz əlaltısı təyin etdi.
 
İki müharibə zamanı Rusiya kütləvi bombardmanlar və atəşlər təşkil etdi ki, nəticədə Arqun və Qroznı şəhərləri demək olar ki, tamamilə dağıdıldı (Ukraynanın Mariupol, Severodonetsk və onlarla başqa şəhərləri kimi). Həmin bombardmanlar  bu şəhərlərin dinc əhalisinin məhv edilməsinə də yönəldilmişdi. 
 
İçkeriya əsgərləri artıq Rusiya ilə müharibədə Ukraynaya bizim müstəqilliyimiz üçün mübarizə aparmağa kömək edirlər”.
 
Qonçarenko həmkarlarını bu qətnaməni tez bir zamanda qəbul etməyə və prezident Vladimir Zelenskini Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanımağa dəvət etməyə çağırıb.
 
O, həmçinin bu təşəbbüsü dəstəkləmək üçün Avropa İttifaqı dövlətlərinə, ABŞ-a və digər ölkələrə müraciət etməyə çağırıb.
 
"İçkeriya azad və Rusiyadan müstəqil olmalıdır", - Qonçarenko əmindir.
 
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini açıq şəkildə tanıyıb və bundan Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq üçün bəhanə kimi istifadə edib. Rusiya həmçinin Ukraynanın işğal olunmuş ərazilərinin sakinlərinə pasportlar paylamağa başlayıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın