“Taliban” Moskvanın əlinə oynamağa başladı - “Avqustda Özbəkistana hücum edəcək”

11, 07, 22
19:30

“Taliban” Moskvanın əlinə oynamağa başladı - “Avqustda Özbəkistana hücum edəcək”


Kremlin keçmiş SSRİ ərazisini və çar üsuli-idarəsini, dövlət quruluşunu (bir mərkəzdən idarə olunan unitar imeperiya) bərpa etmək niyyəti gün kimi ortadadır.

Bu, artıq təkzibedilməz hala gəlib və bu barədə nəinki kəşfiyyatı saat kimi işləyən superdövlətlər, hətta keçmiş SSRİ respublikalarının hökumətləri də bilir.

Dünyada hakim düşüncə belədir ki, Moskvanın yolunda yeganə güclü maneə Ukraynadır. Əgər Ukrayna ram olunsa, rus imperiyasının sərhədlərini bərpa etmək planı tam real şəkil alacaq, rus tankı asfalt yola çıxmış idman avtomobili kimi sürət yığacaq.

Söz yox, bu, avantürist plandır, daha çox Putinin I Pyotr kimi böyük tarixi lider olmaq ambisiyasından doğur, amma bu layihənin rus cəmiyyətində güclü zəmini də var. Ruslar əmindirlər ki, dünyanın ən unikal millətlərindən biridirlər və başqalarının üzərində hakimiyyət qurmaq, hökmran olmaq, başqa xalqları istismar etmək hesabına daha yaxşı yaşamaq hüququna malikdirlər.

Qazaxıstanda, Özbəkistanda baş verən xoşagəlməz siyasi hadisələrin mayasında da məhz ambisiyası şahə qalxmış Kremlin iradəsi, barmağı durur.
UZ-Karakalpakstan.png (7 KB)
Ötən həftə Özbəkistandakı muxtar Qaraqalpaqıstan respublikasında baş verən, separatizm qoxusu gələn hərəkətlənmənin Rusiyanın dirijor çubuğu ilə başlandığını iddia edənlər, bunun sübutu üçün ortalığa arqumentlər tökənlər çoxalıb.

Bu günlərdə bu yazının müəllifi uzun illər Özbəkistanda yaşayan, işinə görə o ölkənin bütün vilayətlərində, şəhərlərində olan həmvətənimizdən “orda baş verir” deyə soruşmuş, əvvəlcə belə bir cavab almışdı: “Uzun söhbətdir. Təsadüfi heç nə yoxdur. Böyük planlar var”.
8ffe6-1634290429.jpg (42 KB)
Daha sonra həmvətənimiz belə bir ətraflı cavab yazıb: “Bu hadisələr birmənalı olaraq rusların fitvası ilə başlanıb. Özbəkistanın bütün vilayətlərində, o cümlədən Qaraqalpaqıstanda rusbaşlar, konkret olaraq Moskvanın 5-ci kolonu çox güclüdür. Azərbaycanda olduğundan qat-qat güclü.

Azərbaycanda bir xeyli adam Türkiyəyə, bir azı da İrana rəğbət bəsləyirsə, burdakıların elə bir alternativ rəğbət ünvanları yoxdur, bunlar kütləvi şəkildə Rusiyaya rəğbət bəsləyirlər. İndi həmin o kolonlar həm Qaraqalpaqıstanda, həm də Daşkənddə fəallaşıblar və ortalığı qarışdırmaq istəyirlər.

Məqsəd Özbəkistanı başqa ittifaqlara yaxınlaşmaqdan çəkindirmək, türk dövlətləri ilə olası birliklərdən imtina etdirmək, Avrasiya İttifaqına, KTMT-yə qoşmaqdır. Hələ bu planın B variantı da var. Onun reallaşdırılması avqust ayında gözlənilir. Əgər Özbəkistan rəhbərliyi Nukusdakı xəbərdarlığa məhəl qoymayıb, tutduğu yeni kursa davam etsə, o zaman avqust ayında Əfqanıstandakı “Taliban” rejiminin Özbəkistana hücumu təşkil ediləcək.
556.JPG (36 KB)
Bunun bazisi indidən hazırlanır. Bu yaxınlarda Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb. “Taliban”ın Rusiyada qadağan olunmuş təşkilat sayılmasına baxmayın, ruslarla taliblər ciddi ilişki içindədirlər – həm leqal, həm də gizli olaraq. Bu baxımdan “Taliban”ın rusların sifarişini yerinə yetirəcəkləri ehtimalı güclüdür. O zaman “Taliban” kimi aqressiv və mürtəce hərbi-siyasi qüvvənin təcavüzü qarşısında qalan Özbəkistanın Moskvanın iradəsinə boyun əyməkdən başqa çarəsi qalmayacaq. Ruslar belə düşünür. Söz yox ki, Özbəkistan hərbçiləri “Taliban”a müqavimət göstərə bilər, amma buna indiki halda özbək ordusu nə dərəcədə hazırdır, başqa dövlətlər ona ciddi yardım göstərəcəkmi, düzü, bilmirəm. Bildiyim odur ki, Orta Asiyada belə avantürst planlar var, iyrənc oyunlar oynanılır”.

Ayrıca Qarqalpaqıstanla bağlı fikrini bildirən həmvətənimiz deyir ki, bu muxtar respublikanın ərazisi böyük olsa da, əsasən bərəkətsiz səhralıqdan ibarətdir. “Özlüyündə qaraqalpaqlar həm özbəklərə, həm də qazaxlara yaxın xalqdır. Onların müstəqil dövlət quraraq mövcud olmaq imkanı yoxdur, ya özbəklərlə bir dövlətdə olmalıdırlar, ya da qazaxlarla. İndiki halda isə Qazaxıstan Qaraqalpaqıstanı özünə yaxın qoymaz. Həm ona görə ki, Özbəkistanla münasibətləri yaxşıdır, həm də ona görə ki, Qazaxıstanın ərazisi onsuz da böyükdür, dünyada 9-cudur. Ona əlavə ərazi və başağrısı lazım deyil. Bu məsələdə yeganə maraqlı olan xarici ölkə Rusiyadır”, - həmvətənimiz yazır.

Beləliklə, hazırda Avropanın Ukraynadakı müharibəyə kilidlənməsi, Rusiyanın hərb maşınını durdurmağa çalışması bu üzdəndir. Məlumatlı dairələr bilirlər ki, qəlbi təpədən yellənmiş bu nəhəng maşının qarşısında dərin xəndəklər açılmasa, önünə beton dirəklə yuvarladılmasa, o durmayacaq və özü aşana qədər gedəcək.
media-q-s6albewj4ucvmk0z72qf.jpeg (88 KB)
Hər kəs hələ ötən ilin sonlarında, Rusiyanın Ukraynaya hücum edəcəyi qətiləşəndən sonra bilirdi ki, rəsmi Kiyevdən sonra rus maşınına dirəşə bilən ölkələr Qazaxıstan və Özbəkistandır. Artıq onlarda da, necə deyərlər, suyu bulandırıblar. Rus tankı Donbasda bataqlığa girməsəydi, hər şey daha tez və fərqli ola bilərdi.

Belə görünür ki, Moskvada oturanlarn ağlı 1918-21-ci illərə gedir. O zaman yenicə müstəqillik əldə edən respublikaların ömrü uzun çəkmədi, 2-3 il ərzində bolşeviklər aborigen xalqların satqın bolşeviklərinin köməyi ilə çar Rusiyasının sərhədlərini bərpa etdilər. İndi isə həmin xalqlar artıq 30 ildir ki, müstəqil dövlətdirlər və müstəqil dövlət olmağın dadını-duzunu da, iztirablarını da bilirlər. Yaşı 40-ı keçmiş milyonlarla insan SSRİ adlı qırmızı rus imperiyası barədə yalnız kitabdan oxuyublar, onların çoxu öz atributları olan müstəqil dövlətdə böyüyüblər, pis-yaxşı, milli qürur hisləri formalaşıb, öz ölkələrinin patriotları olublar. Amma hər ölkə də satqınlar kontingenti də var.

Ona görə də lap “SSRİ-ni bərpa etmək” kimi avantürist və fantastik plan reallaşsa da, bu qısa müddətli xarakter daşıya bilər. Müstəqillik qazanmış, 30 il müstəqil dövlət kimi yaşamış xalqları yenidən “rus boyunduruğu”na qoşmaq mümkün deyil.

Xalid Kazımlı

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın