Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir

23, 01, 22
14:00

Rəsmi Bakı Xankəndiyə qoşun yeridəcək: Rusiya Ermənistanın bundan xəbərdar olmasını istəyir


Rusiya siyasi dairələrində hesab edirlər ki, Azərbaycan və Türkiyə tezliklə rus sülhməramlıların bölgədən çıxarılması məqsədilə Kremlə ortaq şəkildə təzyiqlər göstərməyə başlayacaq; Yaxın vaxtlarda rəsmi Bakının Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın hərbi-siyasi nəzarətini təmin etməsi qaçılmaz xarakter daşıya bilər...

Ermənistan Cənubi Qafqazın geopolitik məkanında fəallaşmağa çalışır. Rəsmi İrəvan Ermənistan üçün daha əlverli situasiyanın yaradılmasına can atır. Və bu məqsədlə müxtəlif təşəbbüslər ilə çıxış etməyə cəhd göstərir.

Müşahidələr göstərir ki, rəsmi İrəvan hələ də KTMT-nın Qazaxıstana qoşun yeritməsindən sonra gəldiyi yanlış qənaətlərin təsiri altından tam çıxa bilməyib. Yəni, Ermənistanda KTMT-nın dəstəyinə olan ümidləri bir kənara buraxmağa o qədər də tələsmirlər. Halbuki, Azərbaycan ordusu bir müddət öncə Ermənistana növbəti dəfə yanlış qənaətlərə sığınmağa ehtiyac olmadığının sərt mesajını vermişdi.

Ancaq son vaxtlar Rusiyanın rəsmi dairələrindən verilən bəzi açıqlamaların yenə də Ermənistanın maraqlarına uyğun yozulması rəsmi İrəvanı fərqli manevrləri sınaqdan çıxartmağa həvəsləndirir. Bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun "Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi ilə Qarabağ mövzusu fərqli məsələlərdir" deməsi rəsmi İrəvan üçün yeni ümid qaynağına çevrilmiş kimi görünür. Və buna səbəb həmin açıqlamanın hər iki tərəfin öz maraqlarına uyğun yozmasına yönəlik məzmun daşımasıdır.

Məsələ ondadır ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun həmin cümlənin Azərbaycan tərəfinə sərfəli yozumu da var. Belə ki, rəsmi İrəvan delimitasiya və demarkasiya prosesinin "Dağlıq Qarabağın statusu" müəyyən edildikdən sonra başladılmasının vacib olduğunu iddia edir. Halbuki rəsmi Bakı "Dağlıq Qarabağ problemi"nin artıq həll edildiyini və hər hansı "status"un da olmayacağını birmənalı şəkildə bəyan edib.

Rusiya xarici işlər nazirinin həmin cümləsini həm də belə yozmaq olar ki, delimitasiya və demarkasiya prosesi iki qonşu ölkənin arasında həll edilməli olan problemdir. "Dağlıq Qarabağ mövzu" isə 10 noyabr üçtərəfli anlaşmasına bağlıdır. Həmin anlaşmada isə qeyd edilib ki, Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədə müvəqqəti olaraq, dislokasiya olunub. Yaxın 5 il ərzində Xankəndi və ətraf bölgədə yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya edilməlidirlər. Bundan sonra tərəflərdən birinin, daha dəqiq desək, Azərbaycanın tələbi olarsa, Rusiya sülhməramlı qüvvələri bölgədən çıxarılacaq.

Bütün bunlar onu göstərir ki, Xankəndi və ətraf bölgə ilə bağlı həlledici qərarların verilməsi məhz rəsmi Bakının siyasi iradəsinə birbaşa bağlıdır. Ancaq rəsmi İrəvan hələ də bu reallıqdan yayınmağın mümkün yollarını axtarmaqda davam edir. Halbuki belə bir yol artıq mövcud deyil. Ermənistan üçün indi öz gələcək taleyi ilə daha çox düşünmək məcburiyyətindədir.

Maraqlıdır ki, rəsmi İrəvan nə qədər uydurma yozumlara və qənaətlərə hələ də ümid bəsləsə də, Ermənistanın Rusiya siyasi dairələrindən aldığı mesajlar da analoji məzmun daşıyır. Rusiya xarici işlər naziri S.Lavrov növbəti dəfə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün sərhədlərin delimitasiya və demarkasiya prosesinə mümkün qədər tez bir zamanda başlanmasının vacibliyini qeyd edib. Eyni mesaja KTMT-nın baş katibi Stanislav Zas da şərik çıxıb. O, bildirib ki, regionda hərbi-siyasi gərginliyin aradan qaldırılması üçün Azərbaycan-Ermənistan sərhədlərini tezliklə delimitasiya və demarkasiya etmək lazımdır.

Təbii ki, məzmunlu mesaj Ermənistan baş naziri Nikol Paşinyana Rusiya prezidenti Vladimir Putin tərəfindən də verilib. Erməni baş nazirin təşəbbüsü ilə reallaşan telefon danışığında Kreml sahibi üçtərəfli anlaşmaları xatırladıb. Yəni Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən də, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Rəsmi İrəvanın reallığı nəhayət ki, birdəfəlik anlaması üçün daha nə etmək lazımdır?

Nə qədər qəribə də olsa, bu sualın cavabını da elə Rusiya siyasi dairələri daha anlaşıqlı şəkildə izah etməyə çalışırlar. Belə ki, Rusiya politoloqları yaxın vaxtlarda rəsmi Bakının Xankəndi və ətraf bölgənin gələcək taleyi ilə bağlı daha konkret, həm də qətiyyətli addımlar atacağına əmin olduqlarını qətiyyən gizlətmirlər. Və bu məsələdə rəsmi Bakının Türkiyə ilə koordinasiyalı davranacağını düşünürlər.

Qafqaz bölgəsi üzrə mütəxəssis olan rus politoloq Aleksandr Krılov vurğulayıb ki, çox tezliklə rəsmi Bakı Türkiyənin də fəal dəstəyi ilə Ermənistanı küncə sıxışdırıb, Azərbaycanın bütün şərtlərini qəbul etməsi məqsədilə ağır təzyiqlərə başlayacaq. Onun fikrincə, hazırda Cənubi Qafqazda yaranmış vəziyyət rəsmi Bakının Ermənistana yönəlik təzyiqləri gücləndirməsi üçün tamamilə uyğundur. Və rəsmi İrəvanın belə təzyiqlərin qarşısında duruş gətirə bilməsi o qədər də real görünmür.

Onu qeyd edək ki, rus politoloq son nəticədə rəsmi Bakının Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın hərbi nəzarərini təmin edə və vaxtilə orada yaşayan Azərbaycanlıların həmin əraziyə geri dönüşünə nail olacağına da qətiyyən şübhə etmir: "Azərbaycanlı əhalinin bölgəyə dönüşü rəsmi Bakı üçün hərbi-strateji baxımdan, böyük önəm daşıyır. Eyni zamanda, Türkiyə də birbaşa maraqlıdır ki, rəsmi Bakı Xankəndi və ətraf bölgəyə qoşun yeritsin, həmin ərazidə Azərbaycanın hərbi nəzarətini tam şəkildə təmin edə bilsin".

Onu da qeyd etmək lazımdır ki, Rusiya siyasi dairələrində rus sülhməramlı qüvvələrinin bölgədə qala biləcəyi zaman intervalı ilə bağlı da ilkin təsəvvürlər yaranmağa başlayıb. Belə hesab olunur ki, Azərbaycan və Türkiyə Rusiya sülhməramlı qüvvələrinin bölgədən çıxarılması məsələsində ortaq maraqlara malikdir. Və bu istiqamətdə konkret addımların atılmasına da artıq başlanılıb.

Rusiya siyasi dairələrində belə qənaət mövcuddur ki, Azərbaycan və Türkiyə II Qarabağ savaşından sonra xüsusi ortaq hədəflərə doğru can atır. İki dost və müttəfiq ölkənin ortaq siyasətinin əsas məqsədi isə qazanılmış hərbi qələbəni daha da inkişaf etdirərək, möhkəmləndirməkdən ibarətdir. Belə nəticəyə isə yalnız Xankəndi və ətraf bölgə üzərində rəsmi Bakının tam nəzarətini təmin etməklə, eləcə də perspektivdə oradan rus sülhməramlıların çıxarılması ilə nail olmaq mümkündür.

Təbii ki, Azərbaycan və Türkiyənin belə ortaq siyasi fəaliyyətə başlamasından Rusiya siyasi dairələri qətiyyən məmnun deyillər. Çünki hesab olunur ki, hazırda rus sülhməramlıların bölgədən çıxarılması mümkün görünməsə də, bunu yaxın gələcək üçün iddia etmək bir qədər çətindir. Ancaq tezliklə Azərbaycan və Türkiyənin rus sülhməramlıların bölgədən çıxarılması məqsədilə Rusiyaya qarşı bütün mümkün vasitələrlə təzyiq göstərməyə başlayacağı qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, Rusiya siyasi dairələrində rus sülhməramlı qüvvələrinin bölgədə qalacağı müddətlə bağlı pessimist qənaətlər mövcuddur. Üstəlik, rəsmi İrəvana Azərbaycanın tezliklə Xankəndi və ətraf bölgəyə qoşun yeridəcəyi ilə bağlı da Ermənistana xəbərdarlıq mesajları ötürülür. Yəni, Rusiya siyasi dairələri Ermənistana Xankəndi və ətraf bölgənin tezliklə Azərbaycanın tam nəzarəti altına keçə biləcəyi barədə xəbərdar etməyə çalışır.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın