“Putinin MDB-ni SSRİ-yə çevirməsi alınmayacaq” - İran diplomatı

12, 01, 22
13:30

“Putinin MDB-ni SSRİ-yə çevirməsi alınmayacaq” - İran diplomatı


İran İslam Respublikasının Azərbaycandakı keçm səfiri, politoloq Əfşar Süleymaninin müsahibəsi: 

- Qazaxıstanda baş verən hadisələri necə şərh edərdiniz? İğtişaşların arxasında müxtəlif qüvvələrin dayanması haqda fərqli versiyalar var: “İŞİD”, əfqanlar, Rusiya, Amerika, hətta “FETÖ”... Siz necə düşünürsünüz?

- Qazaxıstan hadisələrində bir neçə ssenari ola bilər. Mənim fikrimcə, bəzi ssenarilərin ehtimalının çox olması yüksəkdir, bəzilərinin isə az. Burada 2-3 variant var. 

Biri budur ola bilər ki, Kasım-Jomart Tokayev ilə Vladimir Putin bu ssenarini hazırlasınlar və sonra da KTMT-ni oraya çəkmək üçün bir bəhanə uydursunlar ki, Nazarbayevi ortadan götürsünlər. Yəni istefaya göndərsinlər. Bu fikir ola bilər. Təbii ki, öncədən belə hadisələri özləri yaradıb sonradan deyə bilərlər ki, bura ifratçılar – sələfilər və yaxud “İŞİD” gəldi və daha sonra isə Tokayev KTMT-ni çağırdı.

Əslində, oraya xarici bir qüvvə hücum çəkməyib. Əksinə içəridə 30 ildə toplanmış təzyiqlər, problemlər xalqı ayağa qaldırdı. Qazaxıstan zəngin bir ölkədir. Lakin burada monopoliyanın olması, Nazarbayev ailəsi, hakimiyyət xalqı incidib və nəticədə insanlar öz haqq və hüquqlarını tələb edirdi. Ola bilər ki, bəziləri bu hadisələrdən istifadə etsin. Amma adi camaat nə terroçudur, nə də əllərində silah vardı. Görünən budur ki, onlar öz hüquqlarını tələb edirlər.

Ümumiyyətlə, diktator rejimlərində belə hallar mövcuddur. Bu Rusiyanın metodudur ki, camaat çıxır öz haqlarını tələb edir və onların içərisinə öz adamlarını göndərib aranı qarışdırırlar ki, baxın, bunlar terrorçudur. Bu ehtimal yüksəkdir və faktlar üzə çıxanda hər şey bilinəcək. Hər halda Tokayevlə Putin Nazarbayevi aradan götürmək üçün belə edə bilərlər, çünki Putinlə Tokayevin maraqları üst-üstə düşə bilər.

İkinci variantın ssenarisi belə ola bilər ki, ruslar NATO-nun Ukraynaya gəlməsindən narahatdırlar. Bu səpkili problemlər Suriyada da var, MDB məkanında da mövcuddur və ümumiyyətlə, ruslar istəmirlər ki, NATO regiona gəlsin. Onun üçün ola bilər bu hadisələri ABŞ planlaşdırsın ki, rusların orada başını qatsınlar və məcbur qalıb Ukraynadan geri çəkilsin. Yəni ruslar mürəkkəb bir duruma düşsünlər ki, Ukrayna məsələsində ABŞ-la razılığa gəlib geri addım atsın. 

Burada Çin məsələsi də var ki, ABŞ üçün Uzaq Şərq siyasətində önəmli olan Çindir. İstəyirlər qoymasınlar ki,  Çin ABŞ-ı qabaqlasın. Bəzi məsələlərdə Avstraliya, Yaponiya və s. ölkələrlə müqavilələr bağlayırlar ki, Çini regionda məhdudlaşdırsınlar. Ola bilər burada əsas məqsəd Çindir.

Çünki Çinin ətrafı qarışsa, hansı ki, Çin Qazaxıstanla sərhəddir və daxilində uyğur məsələsi də var - bu ölkənin daxilini də təsir etmək üçün həmin ssenarini ortaya ata bilərlər.

Bəziləri də məsələni belə şərh edirlər ki, guya Türk Dünyasının güclənməməsi üçün bu məsələlər olub. 44 günlük müharibədən sonra TDT yarandı və 2040-cı ilə qədər plan hazırlandı. Yəni “bunun qaşrısını almaq üçün belə bir şey oraya çıxıb” tezisləri də var. Mən bunu o qədər ciddi görmürəm, çünki TDT-də əsasən milli hakimiyyətlərə önəm verilir. Müxtəlif sahələrdə birlik və əməkdaşlıq əvvəl zəif olub. Amma güman etmirəm ki, sırf buna görə, belə bir hadisələr baş versin. 

- Bəzi analitiklər Qazaxıstanda ikinci Suriya ola biləcəyi proqnozunu irəli sürürlər. Belə bir perspektiv varmı?

- Mən düşünmürəm ki, Qazaxıstan ikinci Suriya ola bilər. Suriya məsələsi çox fərqlidir. Suriyada kifayət qədər qarışıq etnik qruplar var, amma Qazaxıstanda qazaxlar və ruslardır. Rusların da sayı azalıb. Putinin məqsədlərindən biri də rusların orada möhkəmlənməsidir. Suriyada kürd məsələsi vardı, Türkiyənin, Amerikanın, İranın maraqları vardı. Amma Qazaxıstanda belə məsələlər yoxdur. Ona görə də fikrimcə rus ordusu orada qalmaq istəyəcək və Suriya olmayacaq.

- İranın bu hadisələrə mövqeyi necədir?

- İran bu məsələdə diplomatik bir mövqe tutub ki, xalqla dövlətin problemləri tezlikcə həll olsun. Mövqe budur və İran kimsənin tərəfinə keçməyib. Təbii ki, bu normal bir mövqedir. Arzu edirik ki, bu məsələlər həll olsun və dövlət xalqla olan bu böhranı həll etsin.

- Rusiyanın KTMT adı altında ordusunun Qazaxıstana daxil olmasını işğal kimi və hətta SSRİ-nin bərpasının ilk addımı kimi qiymətləndirilməsi haqda fikriniz necədir?

- Mən belə deyərdim ki, burada Qazaxıstan xalqının öz tələbləri var idi. Ən önəmlisi iqtisadi və məişət məsələdir ki, bu da qazın bahalaşmasındam başladı, amma hər halda xalq razı deyildi indiki reallığa. Neçə illərdir orada hakimiyyət monopoliya həyata keçirirdi, xalqa haqqını ödəmirdi. Maaşlar azdır, xalqın yaşayışının səviyyəsi pisdir və bir az da olsa siyasi cəhətdən sərbəstlik yoxdur. Bəziləri var ki, deyirlər mən bu işin arxasındayam və istəyirəm etirazlara liderlik edim. Türkiyədən də bir neçə nəfər gəlib oraya. O da videolarda xalqı sakitliyə dəvət edirdi, amma onun haqqında başqa şeylər deyirdilər və s.

Sonra bu qədər adam öldürüldü, çoxlu adam tutuldu. Necə bəyəm Qazaxıstan dövləti yatmışdı ki, birdən-birə terroristlər girdi buraya, qazaxların xəbəri olmadı, bunlar da başladılar silahlanmağa? Bunu anlamaq olmur. Məncə bu özlərinin etdiyi işə daha çox oxşayır ki, millətin qarşısını alsınlar və hakimiyyəti əldən verməsinlər, Nazarbayev də uzaqlaşsın. Eləcə də, Rusiya burada güclənsin və Mərkəzi Asiyada təsir dairəsi olsun.

Rusiyanın oraya KTMT adıyla qoşun göndərməsi səhv idi. Bu daxili bir məsələ idi və özləri də həll edə bilərdilər. Lazım olsa Tokayev də qırğa çəkilərdi və yeni seçkilər olardı. Amma Qazaxıstan hakimiyyəti böyük səhvə verdi.

Hesab edirəm ki, Putinin MDB-ni SSRİ-yə çevirməsi alınmayacaq. XXI əsrdir, soyuq müharibə çoxdan bitib, indi başqa dünyadır, çoxqütblülük məsələsi ortaya çıxıb. Bu dünyada bunu zorla tətbiq etmək mümkünsüzdür. Ruslar bununla özlərini zəiflədələrlər. Bir də ki, Rusiyanın öz içərisində də problemlər var. Bunun üstünü örtmək üçün ruslar istəyirlər ki, ətrafda hər hansı konflikt yaratsınlar ki, baxın burada terrorist var və biz bu problemi həll edirik.

Ötən gün mən bir tvit yazdım. Putin demişdi ki, biz imkan vermərik məxməri inqilablar olsun regionda. Mən də yazdım ki, “Cənab Putin həzrətləri, rəngli inqilablar ondan olur ki, qara diktatorluqlar var. Siz qara diktatorluq yaratmasanız, hadisələrə müdaxilə etməsəniz, rəngli inqilablar da olmaz. Buraxın, hər şeyi xalqa. Xalq istəsin azad seçkini, sərbəst sandıq taleləri təyin etsin. Hər yerdə diktatorlar var və məxməri inqilablar da oradan gəlir. Sizlər səbəb olursunuz buna. Ya xalqın sözünə baxın, ya da çəkilin qırağa”. 

Etmirlər axı. Rusiyada Putin diktatordur və normal olaraq da diktatorları dəstəkləyir. Xalqları dəstəkləmir o. Bu gedişat ilə bu hadisələr Rusiyanın daxilinə də təsir edəcək. Hər halda Putin ömürlük yaşamayacaq ki, həyat müvəqqətidir.

- Tokayevin öz hakimiyyətini saxlaya biləcəyini düşünürsünüzmü?

- Güman etmirəm. Yəni Tokayevin bu rejimi əlində saxlaması da bir şey deyil. Bu qədər pisliklər, insan qətlləri ilə hakimiyyətdə qalmağın nə faydası var? Onun üçün güman etmirəm bunu. Ola bilər indi müvəqqəti ara sakitləşib, amma hər halda xalq yenə də bu hərəkatı davam etdirəcək və bu od altında köz kimi qalacaq. 

Doğrudur, dəfələrlə orada hərəkatlar olub. 1991, 2016, 2019-da bəzi hərəkatlar olub orada, amma indiki çox güclü bir hərəkat idi və bunun təsiri çox olacaq. Bu da xalqın birliyinə gətirib çıxardacaq ki, onlar da mübarizəni davam etdirsinlər. Onun üçün Tokayev rejimi üçün yaxşı gələcək görmürəm.

Ümumiyyətlə, diktatorlar anlasınlar ki, belə olmur. Bir söz var, deyirlər ki, “Fironlar həmişə gec oyanır”. Hər halda heç vaxt zülm davam edə bilməz. Hədislərdə də deyilib ki, “Küfr ilə hakimiyyət qalar, amma zülm ilə qalmaz”. Onun üçün bu məsələlər zamanla öz axarına düşür. Allahın da vədəsidir ki, zülm davamlı deyil və diktatorlar getməlidir.
 
- Türkiyənin reaksiyasını necə qiymətləndirirsiniz?

- Türkiyədə qəzetlər, KİV, hətta dövlətə bağlı xəbər agentlikləri bu məsələlərdə xalq tərəfində olublar. Hakimiyyətin əleyhinə yazılar yazırdılar. Türkiyə dövləti hər zaman Qazaxıstan iqtidarının yanında olub, əlaqələri olub. Yəni təxminən Türkiyə dövləti də, İran kimi bir mövqe sərgiləyib. TDT də iclas keçirildi və burada hər kəs Qazaxıstan dövlətinin yanında oldu.

Əslində, Qərbin də mövqeyi yaxşı olmadı. Entoni Blinkenin mövqeyi bu idi ki, Rusiya ora girdisə, çıxmayacaq. Belə mövqelər də səsləndi. Loru dildə desək xala-xətirin qalmasın deyə xalqın da tərəfini tutdular, amma, xalqın tərəfində olan, onların haqqını dəstəkləyən dövlətləri sözün düzü heç görmədim. Xalqların problemləri budur ki, diktatura ilə idarə edilən hakimiyyətləri, diktatorlar tərəfindən dəstəklənir, amma xalqlar özləri-özlərinə çarə qılmalıdırlar.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın