Qazaxıstan hadisələri niyə azərbaycanlıların maraq dairəsindədir? - “Rus qoşunları sülhməramlı adı altında...”

07, 01, 22
11:52

Qazaxıstan hadisələri niyə azərbaycanlıların maraq dairəsindədir? - “Rus qoşunları sülhməramlı adı altında...”


Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da maraqla izlənilir. Xüsusilə sosial şəbəkələrin Azərbaycan seqmenti Xəzərin o tayında baş verənləri diqqətdə saxlayır.  Maraqlısı odur ki, peşəsindən, siyasi dünyagörüşündən, cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq böyük əksəriyyət hadisələrə şərh verməyə can atır. 

İnsanların kütləvi şəkildə siyasi proseslərə meyil etməsi, “politoloqluq” eşqinə düşməsi nə ilə bağlıdır?

Bir müəllimi, həkimi, sürücünü, yaxud dülgəri siyasi prosesləri “analiz” etməyə nə vadar edir?

Niyə insanlar politoloqların, mütəxəssisələrin fikirlərini öyrənmək əvəzinə öz fikirlərini irəli sürürlər?

Milli Məclisin deputatı Razi Nurullayev açıqlamasında deyib ki, bunun bir neçə səbəbi ola bilər:

“Birinci səbəbi budur ki, ola bilsin ki, politoloqlar bu məsələləri düzgün şərh edə bilmir. Və yaxud birtərəfli qayda da hansısa, maraqlara uyğun olaraq təhlil, şərh edir. İkincisi, Azərbaycanda Qazaxıstanla bağlı ekspert olub-olmadığını bilmirəm. Lakin caricdə dünya ölkələri ilə məşğul olan institutlar, tədqiqat mərkəzləri olur.

Azərbaycan o qədər böyük ölkə deyil ki, hər ölkə üçün ayrıca tədqiqat obyekti yaratsın. Məncə, Elmlər Akademiyasında bu ölkələrlə məşğul olan ekspertlər olmalıdır. Onlar təhlil etsələr, insanlar da o fikirlərə inanar”.

Deputatın sözlərinə görə, insanların Qazaxıstana maraq göstərməsi təbiidir:

“Qazaxıstan Azərbaycan üçün maraqlı ölkədir. Qazaxıstan Türk Dövlətləri Təşkilatının bir üzvü, müsəlman, türk ölkəsidir. Bu baxımdan insanlarımızın Qazaxıstana maraq göstərməsi təbiidir. İndi kimlərsə bunu öz maraqlarına uyğun təhlil edir. Sadə insanlar isə türk dünyasının maraqları baxımından izah edir. Buna görə, insanlarımızı qınamaq olmaz ki, niyə fikir bildirirsən. Əvvəllər də bunu çayxanada, oyun zallarında ediblər. İndi sosial şəbəkələrdə imkan olduğuna görə, orada edirlər. Burada bir problem yoxdur”.

R.Nurullayev qeyd edib ki, rus sülhməramlıları əmin-amanlıq yaradandan sonra çıxıb gedəcəklər:

“İnsanlarımız ona görə, maraq göstərir ki, ora Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları daxil oldu. Bizim insanlar buna yaxşı yanaşmadılar. Qazaxıstan bizim qardaş ölkəmizdir. Türk dünyasının bir parçasıdır. Azərbaycanı sevən bir ölkədir. O ölkəyə rus qoşunları sülhməramlı adı altında daxil olur. Onlar orada müəyyən müddətdə qalacaqlar. Düşünürəm onlar əmin-amanlıq yaradandan sonra çıxıb gedəcəklər. Və Qazaxıstanda qalma məsələsi müzakirə mövzusu da olmayacaq. İnsanları bu məsələlər maraqlandırdığına görə, kütləvi fikir bildirməyə başlayıblar. Buna görə də onları qınamaq olmaz”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın