“Barıt çəlləyi” üstündəki İran: gah yumşalır, gah təhdid edir

09, 10, 21
15:00

“Barıt çəlləyi” üstündəki İran: gah yumşalır, gah təhdid edir


Prezident İbrahim Rəisi Bakıya xoş ifadələr səsləndirir, Xamneinin SEPAH-dakı nümayəndəsi isə Türkiyə və Azərbaycanı hədələyir...

İran prezidenti İbrahim Rəisi qonşuluq siyasətinin ölkəsi üçün həmişə əsas olduğunu qeyd edib. Rəisi deyib ki, qonşuluq siyasəti xoş niyyət, mehriban qonşuluq və konstruktiv əməkdaşlıq ruhuna bağlıdır. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə İranın ölkəmizdəki səfirliyindən bildirilib.

Səfirliyin yaydığı açıqlamada həmçinin bildirilir ki, Rəisi konstruktiv əməkdaşlığı bölgədəki bütün xalqların iqtisadi inkişafının və rifahının əsas amili hesab edərək, əlavə edib: “Qafqaz bölgəsi sıx əməkdaşlığın yaxşı bir nümunəsi olma potensialına malikdir”.

İran prezidenti əlavə edib ki, regional təhlükəsizlik çoxtərəfli regiondaxili mexanizmlər vasitəsi ilə təmin edilməlidir, şər və ambisiyalı ünsürlərin müdaxiləsi xalqların maraqlarının ziyanınadır.

Əlbəttə, bu mövqe müəyyən mənada İranın yumşalma siyasətinə keçdiyinə dəlalət edir. Hərgah, rəsmi Tehran incə şəkildə də olsa, yenə “Azərbaycanda xarici qüvvələrin varlığına” eyham vurub. Bir gün qabaq isə İranın xarici işlər naziri Hüseyn Abdollahiyan Moskva səfərinin sonunda Azərbaycanla bağlı qəfildən yumşaq ifadə işlətmiş, Bakıya səfərə gəlmək istədiyini söyləməklə həm də Azərbaycana reverans eləmişdi.

Ancaq təzədən İrandan Bakının, hətta Ankaranın ünvanına təhdidlər səslənib. Belə ki, Xamneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib. İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.

“İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidir ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, - deyə Əliyi hikkəli iddia səsləndirib. O, bir az da eyforiya havasına girərək Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib: “Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Göründüyü kimi, Tehran sanki “qamçı və kökə” siyasətinə bənzər gedişlər edir. Gah Rəisi xoş sözlər ifadə edir, gah da Azərbaycan, hətta qardaş ölkə təhdid edilir. Tehran niyə bizə qarşı gah yumşalır, gah da təzədən azğınlaşır? Ümumiyyətlə, hazırkı gərgin dönəm nə vaxt bitəcək?
Xəyal Bəşirova İMZA-da vəzifə verildi
Xəyal Bəşirov 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, 44 günlük müharibə bir çoxlarının simasını açdı. Onun sözlərinə görə, bizə qarşı “ikili standartlar”la yanaşan ölkələrdən biri də İran olub: “Müharibədən sonra hər şey tam aydınlaşdı. Azərbaycanın regionda yaratdığı yeni reallıq görünür ki, İranın da maraqlarına cavab vermir. Heç zaman prinsipial mövqe qoymayan Tehran indi sərhədlərimizə yaxın ərazilərdə hərbi təlimlər keçirir. Bəs torpaqlarımız işğalda olduğu dövrdə niyə erməni faşizmini dilə gətirmirdi, Qərb ölkələrindən real addımlar atılmasını tələb etmirdi?”

Politoloqun sözlərinə görə, Azərbaycan həmişə İrana səmimi münasibət sərgiləyib və iqtisadi cəhətdən ona fayda qazandırıb: “Hər iki ölkənin vətəndaşları müxtəlif səbəblərdən qarşılıqlı səfərlər ediblər, müxtəlif layihələrimiz, əməkdaşlığımız var. İndi cənub sərhədlərimiz bərpa olunub və İranla daha geniş əməkdaşlıq etmək fürsəti yarandığı halda Tehran vəziyyəti gərginləşdirir. Əvvəlcə aşağı ranqda rəsmilərdən bizə təhdidlər var idisə, indi ən yüksək səviyyədə şəxslər tərəfindən bəyanatlar eşidirik”.

X.Bəşirovun sözlərinə görə, İranın ərazilərimizdə üçüncü dövlətin olmasını iddia etməsi əsassızdır: “Azərbaycan heç zaman qonşularına qarşı iş görülməsi üçün plasdarm olmayıb. Xüsusən İran məsələsində buna imkan verməyib. Təəssüf ki, bu səmimiyyətimizin qarşılığında İran Ermənistanla yaxınlıq edir. Bir islam ölkəsi məscidlərdə donuz saxlayanlarla dostluq siyasəti aparırsa, bizim artıq deməyə sözümüz qalmır. Qarabağda 65 məscidi dağıdıblar, dini və tarixi abidələrimiz təhqir olunub, lakin İran islam dövləti kimi Ermənistana bu münasibəti göstərməli deyildi”.

Ekspert hesab edir ki, bu siyasət uzun sürə bilməz: “Azərbaycan regiona sülh gətirmək istəyir, qonşu ölkələrə faydalı olmaqdan başqa niyyəti yoxdur və ümidvaram ki, İran sanksiyalar altında olan, Ermənistandan başqa dostu olmayan bir ölkə kimi bu reallığı anlayaraq bizimlə siyasətinə düzəliş edəcək, münasibətlərin kökündən korlanmasına gətirib çıxarmayacaq”.
Türkmənistanda saraydaxili müəmma: Prezident iqtidarı oğluna ötürür?
Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayevanın bildirdiyinə görə, Bakı həm qonşu dövlət olduğu üçün, həm ərazisində 40 milyon soydaşımız yaşadığı üçün, həm də “Şimal-Cənub” layihəsi daxil olmaqla bir çox platformalarda əməkdaşlığımız olduğu üçün indiyədək Tehranın təxribatlarını görməzdən gəlirdi: “İndiki məqamda isə təxribatlar əndazəni aşdığı üçün Azərbaycan İrana adekvat cavablar verir. İbrahim Rəisi də vəziyyətin ciddiliyini anlayır. Bilir ki, Azərbaycanla böhran yaşamaq ölkəsinin iflasına səbəb ola bilər. İran artıq bütün qonşu dövlətlərlə problem yaşayır. Ona görə də, Rəisi gərginliyi yumşaltmağa çalışır. İkili fikirlərin yaranması həm Azərbaycanla bağlı, həm də ümumilikdə İran hakimiyyətinin özündə ziddiyyətli mövqelərin olması ilə bağlıdır”.

Təhlilçi hesab edir ki, Azərbaycanla bağlı tərəddüd bir tərəfdə Cənubi Azərbaycan faktoru, digər tərəfdə erməni lobbisi faktoru ilə əlaqədardır: “Ümumi ziddiyyət isə indinin problemi deyil. Həsən Ruhaninin hakimiyyətə gəldiyi dövrdən belə təzadlı mövqelər müşahidə olunur. İran siyasi hakimiyyəti SEPAH-ı qəbul etmək istəmir. SEPAH dini liderə loyal olan hərbi qruplaşmadır və dövlətlə aralarında ziddiyyət var. Çünki SEPAH dövlətin bütün sahələrinə nüfuz etməyə çalışır. Bu məsələdə də SEPAH Türkiyə və Azərbaycanla münasibətləri düşmənçilik həddinə çatdırır. Məsuliyyətin kimin üzərində qalacağını zaman göstərəcək, ancaq gec-tez İran hansı burulğanın içərisinə düşdüyünü anlayacaq”.

AZƏRBAYCANREALLIĞI.COM



Bizimlə əlaqə saxlayın