Şeyxin daldan atdığı daş Amilinin harasına dəydi?

28, 09, 21
16:30

Şeyxin daldan atdığı daş Amilinin harasına dəydi?


İranlı din xadimlərinin Azərbaycanla bağlı çıxışları son illər intensiv xarakter alıb. Xalqımızı, mental dəyərlərimizi, adət-ənənələrimizi təftiş edən ayətullahlar “müdrik məsləhətlər” verməyə bir növ adətkarda olublar. Onların xalqımızı təftiş etməsi dəfələrlə sərt reaksiya doğurub. İranlı ayətullahların din pərdəsinə bürünərək, ortaya mövqe qoyması özlüyündə çoxsaylı suallar doğurur.

İran ayətullahları hansı haqla bizə din dərsi keçirlər? Yüzlərlə məscidin olduğu, minlərlə din xadiminin yaşadığı bir ölkədə İran ayətullahlarının ağıl öyrətməyə girişməsinə səbəb nədir? Onlar nədən meydanın boş olduğunu düşünürlər? Bu adamların cavabını verməli olan şəxslər niyə ağızalarına su alıb dururlar?

"Azərbaycan Reallığı" xatırladır ki, bu mövzuda sonuncu insident ötən həftə qeydə alınıb. Belə ki, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin Azərbaycanı təhdid xarakterli çıxış etməsi hiddətlə qarşılanmışdı. O vaxt mətbuat və cəmiyyət Azərbaycan dindarlarından İran ayətullahına cavab verməyi tələb etsə də, bu proses xeyli uzanmışdı. Təəssüf ki, cəmiyyətin gözləntilərinin əksinə olaraq, QMİ rəhbərliyində təmsil olunan adamların heç biri Amilinin qabağına “daş dığırlamağa” cəsarət etməmişdilər. Cəmiyyətin təpkisi güclənəndən, siyasi çevrələrdən “cavab atəşi” açılandan sonra Şeyx sükutu pozmaq məcburiyyətində qalmışdı. “Daldan atılan daş”ın Amilinin topuğuna, yoxsa buxağına dəydiyini müəyyənləşdirmək mümkün olmasa da, Şeyxin kifayət qədər sərt cavabı belə onu və əshabələrini İranın aparıcı din xadimlərinin qarşısında zəif görünməkdən xilas edə bilməmişdi.

Qeyd edək ki, İran ayətullahlarının Azərbaycan xalqını aşağılayan çıxışlarına cavab vermək üçün bəzən kamil din xadimi olmaq gərəkmir. Onların bəsit, əsası olmayan iddialarını yalanlamaq üçün elementar dünyagörüş, ortabab məntiq də bəs edir. Məsələn, həmin bu Amili dəfələrlə deyib ki, Azərbaycan xalqı şərab içdiyi üçün işğal altında olan torpaqları geri qaytara bilməyəcək. Hansı ki, Vətən müharibəsi başlayanda Azərbaycan xalqı dindarı, ateisi ilə bir yumruq olub mübarizəyə qalxdı. Arxivdə döyüş bölgəsindən çəkilmiş yüzlərlə videokadr var. Həmin kadrlarda həm ibadət edən, həm də şərab içən əsgərləri görmək mümkündür. Onları birləşdirən ideologiyanın adı azərbaycançılıq, dəyərin adı Azərbaycandır! 

Vətən müharibəsi Azərbaycanın tolerant ölkə olduğunu bir daha sübut etdi. Bu gün 44 günlük müharibədən yadigar qalan Şəhidlər Xiyabanında Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri, müxtəlif inanclara sahib olan qəhrəman oğullarımız çiyin-çiyinə uyuyurlar. Bəzi “dost” ölkələrin aramızda fitnə yaratmaq arzusu ürəyində qaldığı üçün Vətən müharibəsində ümummili birliyi təmin etmək mümkün oldu. 

Azərbaycan həssas regionda yerləşir. Ölkəmizin inkişafı, uzunmüddətli sabitlik daxili birliyi, vətəndaş həmrəyliyni təmin etməkdən keçir. Buna görə də işlərimizə burnunu soxan, bəzən müəllim kimi danlamağa çalışan adamların cavabını vaxtında vermək lazımdır. Hətta ayətullah olsa belə...
Dinimiz eynidir, dilimiz niyə qısa olsun?..

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın