Azərbaycan dövləti “Taliban“ hökumətini tanıyacaq? - Açıqlama

17, 08, 21
12:00

Azərbaycan dövləti “Taliban“ hökumətini tanıyacaq? - Açıqlama


“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirmədən əvvəl Azərbaycan-Əfqanıstan münasibətləri həm iqtisadi, həm siyasi müstəvidə hər iki tərəfin maraqlarına uyğun həyata keçirilirdi. Diplomatik münasibətlərin təməli isə iki ölkə arasında hələ 1994-cü ildə qoyulub. 2012-ci ildə bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Eləcə də bu gün Azərbaycanın Əfqanıstanda səfirliyi mövcuddur. Hətta 2021-ci il iyulun 28-də Prezident İlham Əliyev İlham Məmmədovu Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib. 

Bir sözlə, ötən dövr ərzində Əfqanıstan hökuməti Azərbaycanın dostu olub, bütün beynəlxalq təşkilatlarda da Azərbaycana dəstək nümayiş etdirib. Lakin hazırda radikal “Taliban” silahlıları Əfqanıstanda hakimiyyətə yiyələnib. Ölkə başçısı Əşrəf Qəni həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə ölkədən qaçıb. 

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı kontingenti hələ də Türkiyə qüvvələri ilə birlikdə Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etməyə çalışır.

Maraqlıdır, Azərbaycanla “Taliban” arasında münasibətlər hansı müstəvidə davam edəcək? Azərbaycanın Əfqanıstanda “Taliban” rejimini tanıması mümkündürmü?

Mövzunu şərh edən Topçubaşov Mərkəzinin analitiki Məhəmməd Məmmədov indiki şəraitdə Azərbaycanın “Taliban” rejimini tanıması haqqında dəqiq nəsə deməyin bir qədər çətin olduğunu qeyd edib:

“Çünki, ümumiyyətlə, Əfqanıstanda yaranmış yeni hərbi və siyasi vəziyyətlə bağlı beynəlxalq cəmiyyət hələ ki gözləmə mövqeyindədir və Azərbaycan da bu barədə tələsməyəcək. Təbii ki, Pakistan-Azərbaycan münasibətlərindəki yaxınlıq və İslamabadın “Taliban” üzərində müəyyən siyasi təsir vasitələrinə malik olması bu məsələdə mühüm rol oynaya bilər. Bu kontekstdə, Türkiyənin də Amerika sonrası Əfqanıstanın gələcəyinin müəyyən olunmasında aktiv iştirak etməyə çalışması faktoru da nəzərə alınmalıdır”.

Tədqiqatçı hesab edir ki, həm iqtisadi, həm də siyasi münasibətlərin qurulması “Taliban”ın regionda bu sahələrdə legitimliyinin qəbul olunmasından asılı olacaq:

“Azərbaycanın Qəni höküməti ilə münasibətləri kifayət qədər yaxşı idi və rəsmi Bakı yeni hökümətlə münasibətdə təbii ki, qarşı tərəfin də Azərbaycana olan baxışını nəzərə alacaq”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın