Zülm səltənəti quranlar – “Taliban” dünyaya qəddarlıq dərsi keçir, hegemonlar sinifdə qalıb

24, 07, 21
23:00

Zülm səltənəti quranlar – “Taliban” dünyaya qəddarlıq dərsi keçir, hegemonlar sinifdə qalıb


Sovet təbliğatının ölkə xalqına “mücahidlər”, “düşmanlar”, “ruhlar” kimi təqdim etdiyi əfqan döyüşçülər əsasən Gülbəddin Hikmətyarın, Əhməd Şah Məsudun, Bürhanədin Rəbbaninin, Əbdülrəşid Dostumun başçılıq etdiyi silahlı qüvvələr daxil idi. Onların arasında “Taliban” yox idi. Olsa-olsa sonradan bu təşkilatın üzvləri olmuş sıravi döyüşçülər vardı.

“Taliban” hərəkatı sovet ordusunun Əfqanıstandakı qan bataqlığından çıxmasından 5 il sonra, 1994-cü ildə yaradılıb.

Hərəkatı Qəndəhar şəhərindəki mədrəsədə, Molla Məhəmməd Omərın başçılığı ilə 30 tələbə təsis edib. Onlar ad seçərkən çox düşünməyiblər, tələbə olduqları üçün elə təşkilatı da “Taliban” (yəni “Tələbələr”) adlandırıblar.

“Taliban”ın ilk lideri Molla Məhəmməd Ömər, onun xələbi Molla Əhtar Mənsur və hazırkı lideri Heybətulla Mövlavi Axundzadə

Belə bir versiya var ki, bu terror təşkilatı Pakistan xüsusi xidmət orqanları tərəfindən, Türkmənistanla ticarət yolunun müdafiəsi üçün yaradılıb.
Bu, həqiqət ola bilər, amma “Taliban”ın qısa müddətdə bu qədər böyük gücə çevrilməsi, ölkənin bütün regionlarını əhatə etməsi, 10 il boyunca sovet ordusu ilə aslanlar kimi vuruşan mücahidləri qısa müddətdə küncə sıxışdırması (1995-ci ildə Hikmətyarın qoşunlarını darmadağın edən “taliblər”in qarşısını Kabula girhagirdə Məsudun ordusu alıb) yalnız böyük pullar, milyardlar hesabına baş tuta bilərdi və Pakistanda bu qədər pul-para yox idi.

"Əl-Qaidə"nin birbaşa lideri, "Taliban"ın (2001-2011)hamisi Üsamə bin Laden

Ona görə də təşkilatın böyüməsində, ideoloji bazasının genişlənməsində Səudiyyə Ərəbistanının rolu danılmazdır. Bu təşkilat böyük qüvvə kimi ortaya çıxdıqdan sonra dönməz şəkildə Səudiyyədəki dini rejimin filialı kimi fəaliyyət göstərməyə başladı. Elə sonradan səudiyyəli Üsamə bin Ladenin “Taliban”ın faktiki siyasi və hərbi liderinə çevrilməsi də bu xəttin nəticəsiydi.

“Taliban”çıları digər əfqan döyüşçülərindən fərqləndirən əsas cəhət hamısının din fanatiki olmasıydı. Onlar İslamın bütün təriqət və məzhəblərini rədd edir, kafir adlandırır, hamısını düşmən sayırdılar. Taliblərə görə, müasir möminlər mütləq 1400 il öncəki, islamın ilk çağındakı adət-ənənə və qaydalarla yaşamalıdırlar, şəriət rejiminin tələblərinə hərfən və sözsüz riayət etməlidirlər.

SSRİ-nin marionetkası olam kommunist Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra “Taliban” əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Bu təşkilat silah, zor, qan-qada gücünə hakimiyyətə gələndən sonra isə ölkənin adını dəyişdirib Əfqanıstan İslam Əmirliyi etdi.

Maraqlıdır ki, bu dövləti, eləcə də “Taliban” hakimiyyətini yalnız 3 ölkə tanımışdı: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan. Bir də onlara Rusiyanın tərkibində olan, amma tanınmayan İçkeriya qoşulmuşdu. İçkeriya isə sırf Səudiyyə Ərəbistanı və BƏƏ-dən göndərilən pullarla yaşayır, Rusiya ilə döyüşürdü.

“Taliban” istər hakimiyyətdə olduğu, istərsə də hazırda idarə etdiyi ərazilərdə sərt şəriət qanunları tətbiq edir. Bu barədə əfqan mənşəli ABŞ yazıçısı Xalid Hüseyninin romanlarında təfərrüatı ilə söhbət açılır.
444.jpg (58 KB)
                         Şəriət rejimində yaşayan qadınlar

“Taliban” hökmran olan yerlərdə televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı yasaqdır. Sonuncu yasaq ona görədir ki, ağ rəng “Taliban” hərəkatının bayrağının rəngidir, ona görə də ayaqda ola bilməz.

Bundan başqa, bütün kişilər uzun saqqal saxlamalıdır. Qadınlar işləyə bilməz, o üzdən dul qadınlar mütləq kiminsə ikinci, üçüncü, dördüncü arvadı olmalıdırlar ki, yaşaya bilsinlər. Qadınlar yanlarında məhrəm kişi olmadan küçəyə çıxa, kişi cinsindən olan həkimlərin müayinəsindən keçə bilməzlər. Üstəlik, onlara təhsil almaq da yasaqdır. Təkcə 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib. Bu da qadın həkimlərin yetişməsini istisna edir və belə anlaşılır ki, əfqan qadınlar xəstələnərkən, doğarkən yalnız Allaha ümid bağlaya bilərlər.
629432.jpg (105 KB)
"Taliban"ın tətbiq etdiyi cəzalardam biri - daş-qalaq

“Taliban”ın təqsirkar insanlara qarşı tətbiq etdiyi cəza üsulları bütün dünyanı heyrətləndirir. Onlar edam cəzalarını stadionda keçirir, bütün xalqa görk edirlər. Qadınları daş-qalaq etmək adi haldır, orta əsrlərdəki kimi, oğurluq, soyğun və bu cür cinayət törədənlərin əli kəsilir.

Hazırda ABŞ qoşunlarının 20 illik müdaxilədən sonra Əfqanıstanı tərk etməsilə “Taliban” yenidən ruhlanıb və hücuma keçərək ölkə ərazisinin böyük hissəsini ələ keçirib. Bəzi mənbələrə görə, bu terror təşkilatının nəzarətində olan vilayətlər Əfqanıstanın ümumi ərazisinin 70 faizinə bərabədir. Başqa mənbələrə görə, bu, 90 faizdir.
555.jpg (69 KB)
 Vəziristandan enib Əfqanıstanda zülm səltənəti quranlar

“Taliblər” uzun illər sığındıqları və kiçik bir dövlət qurduqları Vəziristandan (Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən dağlıq rayon) enərək hücuma keçərkən, ard-arda ərailəri tutarkən belə bir əndişə vardı ki, heç bir qanun-qayda tanımayan, məhkəməsiz edamlar həyata keçirən təşkilat ABŞ hərbçiləri ilə əməkdaşlıq etmiş şəxsləri və onların ailələrini kütləvi şəkildə məhv edəcək. Gələn məlumatlar göstərir ki, məhz elə də olur. Bir neçə gün öncə “taliblər” Qəndəhar əyalətinin Spin-Boldak rayonunda qırğın törədib, yüzlərlə günahsız insanı öldürüblər.
pic_db5512fc4702b959a4c3db878cd27b32.jpeg (17 KB)
Dünən isə onlar vaxtilə ABŞ hərbçilərinə tərcüməçilik etmiş Süheyl Pardisi yaxalayıblar və başını kəsiblər.

Bu həftənin əvvəlində hökumət qüvvələri “Taliban” döyüşçülərini ələ keçirdikləri bir neçə vilayətdən sıxışdırıb çıxarsalar da, təşkilat xeyli itki verib geri çəkilsə də, gedişat göstərir ki, xarici müdaxilə olmasa, bu qruplaşma tezliklə paytaxt Kabulu ələ keçirəcək, Əfqanıstanı tam olaraq nəzarətə götürəcək. Ondan sonra hər gün Əfqanıstandan kütləvi edamlar barədə xəbərlər gələcək, ölkədə zülm diktaturası qurulacaq, insanlıq dramı yaşanacaq. Ayrıca götürülmüş bir ölkədə bəşər oğlu 1400 il əvvələ qaytarılacaq.

Bəs dünya birliyi, böyük dövlətlər nədən kütləvi qətllər törədən cinayətkar qrupun özbaşınalığına və 21-ci əsrin bu vədəsində milyonlarla insana zülm etməsinə, on o qədər insanı təhdid altında saxlamasına göz yumur?
detail_37c9f3376b1d333e8898d9ae1b3cbadd.jpg (330 KB)
   Əfqanıstanı tərk edən ABŞ ordusunun əsgərləri

Belə anlaşılır ki, Əfqanıstanda əli və gözü olan böyük dövlətlər yalnız öz maraqlarını güdür və milyonlarla adi insanın taleyi onların vecinə deyil. Onlar heç özlərinə xidmət edən adamları da tam heyətdə ölkədən çıxarmır, taleyin ümidinə, “Taliban”ın insafına buraxırlar.

Bu təşkilatda isə mərhəmət, insaf deyilən şey yoxdur, o, düşmən saydıqlarını yalnız divara dirəyib güllələməyi, ya da xəncəri çəkib başlarını kəsməyi bilir.

Xalid KAZIMLI 

Azerbaycanrealligi.com





Bizimlə əlaqə saxlayın