Regionda söz sahibi olan Türkiyə dünya gücünə çevrilir - son gəlişmələr

01, 07, 21
16:30

Regionda söz sahibi olan Türkiyə dünya gücünə çevrilir - son gəlişmələr


 

NATO-nun Türk ordusundan kömək istəməsi kimləri qıcıqlandırdı; Ankaranın Turan yolunda qətiyyətlə irəliləməsi düşmənləri hərəkətə gətirib; ekspertlər deyir ki...


Rəsmi Ankaranın qətiyyətli və uğurlarla müşayiət olunan siyasəti qardaş ölkənin dostlarını sevindirirsə də, bədxahları ciddi şəkildə narahat edir. Təəssüf doğuran budur ki, belə bədxahlar Türkiyənin yaxın müttəfiqi olan bəzi ölkələrdə də var.

Bugünlərdə Rusiya mediasında Türkiyənin bölgədə aparıcı rol almasına dair analiz yayılıb. Analizdə bildirilir ki, Türkiyə artıq Güney Qafqazda və Orta Asiyada təşəbbüsü ələ alıb, proses aparır, əsas rolda çıxış edir. Yazıda həmçinin prezident Ərdoğanın NATO zirvəsində ABŞ prezidenti Baydenlə görüşündən sonra 15 iyunda Şuşada Azərbaycan lideri İlham Əliyevlə bir araya gəlməsi, müttəfiqlik haqqında tarixi bəyannamə imzalaması da vurğulanır. Bundan əlavə, NATO-nun, eləcə də ABŞ-ın Əfqanıstandan çəkilməsinin paralelində Türkiyənin Kabul haval limanının təhlükəsizliyini üzərinə götürməsi adı ilə Əfqanıstana girməsi də xüsusi vurğulanır.

“Kabildəki fəaliyyətimizin davam edib-etməyəcəyi ilə bağlı danışıqlar gedir. Hazırda hər hansı bir şəkildə hərbçi göndərmə vəziyyətində deyilik”. Bu fikirləri bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyəyə göndərəcəyi texniki heyətlə bağlı məsələyə mövqe bildirərkən deyib. Nazir bildirib ki, ABŞ və NATO-nun geri çəkilmə qərarından sonra Əfqanıstanın gələcəyi maraq mövzusuna çevrilib: “Bu səbəbdən də sabah ABŞ-dan gələcək heyətlə Əfqanıstanda Kabil Hamid Karzai Beynəlxalq Hava Limanının saxlanılması üçün fəaliyyətlər müzakirə ediləcək”. H.Akar regionda türk hərbçilərinin əfqan qardaşlarının təhlükəsizliyinə dəstək verdiyini xatırladıb: “Məsələ ilə əlaqədar digər ölkələrlə də danışıqlarımız və araşdırmalarımız davam edir. Bu işlər tamamlanandan sonra lazımlı tədbirlər görüləcək və bu, bir plana çevriləcək. Oradakı qardaşlarımızın rahatlığı, dincliyi və təhlükəsizliyi üçün son 20 ildə digər ölkələrlə birlikdə əlimizdən gələni etdik. Xüsusilə son 6 ildə Kabil hava limanını idarə etmək üçün lazım olan dəstəyi verdik”.
Ceyhun Məmmədov: Pandemiyadan xilas olmağın yolu karantin qaydalarına  riayət etməkdən keçir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Ceyhun Məmmədov

Özünü qüdrət sahibi sayan paytaxtlar Orta Şərqdə olduğu kimi, Əfqanıstanda da Türkiyənin dəstəyinə ehtiyac duydular. Budur, taliblər artıq Əfqanıstanda meydan sulamağa başlayıblar, odur ki, bölgəni tərk etməkdə olan ABŞ burada Türkiyənin varlığına ehtiyac görür. Bununla belə, yenə də Ankaranın gücü, qüvvəsinə qısqanc münasibət sərgilənib. Rusiya mediasında da bu arada dərc olunan yazıda Ərdoğanın Turan qurmaq istiqamətindəki addımlarına Kremlin mövqeyinin necə olacağına dair tezislər yer alır. Əksər iddialara görə, Türkiyənin hazırkı mövqeyi, rolu öncədən Putinlə razılaşdırılıb. Hər halda, Türkiyə, ABŞ başda olmaqla, NATO ilə neçə illər ərzində gərgin münasibətlər yaşayıb, məhz C-400 raket kompleksləri ilə bağlı anlaşmaya görə. Bütün təzyiqlərə rəğmən Ərdoğan “sözümüz sözdür” deyib də, anlaşmadan imtina etmədi və hətta Putin də qarşılığında Kişi Adam deyə, həmkarını xarakterizə etdi. Bu mənada Türkiyə və Rusiya arasında anlaşmaların olması fikri kənara qoyula  bilməz.

Bu iddiaların nə dərəcədə əsası var? Yeri gəlmişkən, Rusiya XİN rəhbəri Sergey Lavrovun Antalya səfəri də maraqlı detaldır bu arada...

Deputat Ceyhun Məmmədov qeyd etdi ki, Türkiyənin nüfuzu son illər sürətlə artmaqdadır: “Türkiyə bölgədə əsas aktyorlardan birinə çevrilib. Bu da bir sıra hallarda digər dövlətlər tərəfindən birmənalı qarşılanmır. Bölgədə cərəyan edən proseslərdə bir sıra hallarda Rusiya ilə Türkiyənin mövqeyi üst-üstə düşür, bəzən düşmür. Üst-üstə düşən məsələlər daha çoxdur. Ancaq Türkiyə müstəqil siyasət həyata keçirir”.
İlyas Hüseynov: “Azərbaycan sədrliyi dönəmində siyasi dividentlər qazandıra  bilər”
İlyas Hüseynov

Politoloq İlyas Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə Cümhuriyyətinin uğurlarını gözü götürməyən və qısqanclıqla yanaşan qüvvələrin sayı kifayət qədərdir: “Türkiyənin Böyük Orta Şərq regionunda həyata keçirdiyi praqmatik, beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasi kurs hər keçən gün öz orbitinə yeni tərəfdaşları daxil edir. Türkiyənin Azərbaycanla dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri yüksələn xətlə inkişaf edir. Vətən müharibəsi və ondan sonrakı dövrdə birgə həyata keçirilən ikitərəfli münasibət yeni müstəviyə daxil olub və strateji xarakter daşıyır. Şuşa Bəyannaməsi də dostlarımıza sevinc, düşmənlərimizə isə qorxu hissini aşılamaqda davam edir. Yeni geosiyasi reallıqlar və Türkiyənin Qafqazdakı mövqeyi ilə bağlı Rusiya mediasında dərc olunan yazılar əsasən erməni lobbisinin dəstəyi sayəsində həqiqətdən uzaq və təhrif olunmuş formada oxuculara təqdim olunur”. Türkiyənin Əfqanıstanda Kabil hava limanında təhlükəsizliyi təmin etməsinə gəlincə, İ.Hüseynov qeyd etdi ki, bu, Türkiyənin həm milli maraqlarına, həm də NATO kontekstində alyansın maraqlarına uyğundur: “Əfqanıstanın geosiyasi və geostrateji imkanlarını nəzərə alaraq qeyd edə bilərik ki, Türkiyənin bu coğrafiyada iştirakı qardaş ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edəcəkdir. Digər tərəfdən, vurğulamaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında çox uğurlu əməkdaşlıq formatı mövcuddur. Bu xüsusda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Antalya şəhərinə səfəri mühüm əhəmiyyət daşıyır. Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivi barədə müzakirələr aparacağı gözlənilir”. Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunan ekspertimiz qeyd etdi ki, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində müştərək fəaliyyət sülhün dayanıqlığını artırmaqla yanaşı, böyük regionun inkişafına xidmət edir: “Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Rusiya ilə Türkiyə arasında ticari-iqtisadi münasibətlərdə dinamizm müşahidə olunacaq”.
Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə
Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, Türkiyə regional müstəvidən beynəlxalq nizama təsir edən ölkə statusuna malik olur: “Cənubi Qafqazda Qarabağ müharibəsinin uğurla başa çatması, Ankaranın regionda siyasi-hərbi mövqelərini gücləndirməsinə və bununla Mərkəzi Asiyaya açılım strategiyasının başlanmasına gətirib çıxardı. Rusiya ilə rəqabət bəzən əməkdaşlıq formatında davam edən yeni bir strateji xətt Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada əsas söz sahibi olmasına gətirib çıxardı. İki əsr davam edən Rusiyanın təktərəfli dominat roluna son qoydu. Bununla həmçinin Türkiyəyə dəstək verən, bu regionda birbaşa Rusiya ilə toqquşmamaq kursunu həyata keçirən ABŞ və NATO Türkiyə vasitəsilə bu coğrafiyada yeni şərtlər əldə etməyə çalışır. Qeyd edim ki, Türkiyə yenidən böhran vəziyyətinə yuvarlanan Əfqanıstanda NATO-nun missiyasını davam etdirməyə qərara alıb. Bununla da, Ankara Cənubi Qafqazdan başlayaraq, Mərkəzi Asiyaya və Əfqanıstana kimi uzanan regionda əsas oyunçuya çevrilir”. Ekspert hesab edir ki, Türkiyənin bu regionda olması sülh və təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlıq, yeni siyasi-iqtisadi transformasiyaya gətirib çıxaracaq: “Artıq Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan Türkiyə ilə hərtərəfli əməkdaşlığa üstünlük verəcək siyasət həyata keçirir. Ötən gün Türkiyə müdafiə nazirinin Qırğızıstana səfəri, bu türk ölkəsi ilə yeni bir hərbi əməkdaşlığın əsasını qoyacaq. Və bu ölkədən Ankara Əfqanıstan siyasətini həyata keçirəcək. Həmçinin Özbəkistan və Qazaxıstanda Türkiyə ilə hərbi əməkdaşlığa başlamaq üçün yeni müqavilələr üzərində işləyir. İki gün öncə prezident Ərdoğan Türkmənistan lideri Berdiməhəmmədovla telefonla danışması, göstərir ki, regionda yeni bir siyasi nizam formalaşır. Ankara qərarlı şəkildə bölgə ölkələrinin öz orbitində alir. Göründüyü kimi, Türkiyə burada əsas aktordu. Uzun illər Rusiyanın regionda təsiri, burada uzun illər bu ölkələri təzyiqdə saxlaması, inkişafının qarşısını alması, Mərkəzi Asiya ölkələrinin əsas tərəfdaş kimi Türkiyəni seçməsinə gətirib çıxardı. NATO və ABŞ da Türkiyənin bu siyasətinə dəstək verərək, Mərkəzi Asiyada Rusiya və Çinin mövqelərinin zəiflədilməsinə gətirib çıxaracaq. Məhz Azərbaycanın da iştirakçısı olduğu hazırkı strategiya Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoganın birgə siyasətlərinin nəticəsidir. Çünki Qarabağ müharibəsində zəfər regionda yeni siyasi-iqtisadi və hərbi çağırışlara gətirib çıxardı. Bununla da, Ankara Şərqə doğru siyasətini genişləndirməyə başladı. Türkiyənin Cənubi Qafqaz və Orta Şərq siyasəti uğurla davam edəcək”. Politoloqun fikrincə, regionda yaxın perspektivdə siyasi-hərbi ittifaqın şahidi ola bilərik: “Çin və Rusiya Türkiyənin artan rolunu durdurmaq iqtidarında olmayacaq. Türkiyəyə Mərkəzi Asiyada Çin maneə törədəcək, Ankara uyğurlara dəstək verməklə, Çinə qarşı təzyiq siyasətinə əl ata bilər. Onsuz da Türkiyənin Mərkəzi Asiyaya açılımı Çinin əsarətində olan uyğurlara yaşıl işıqdır. Təbii ki, Türk dilli ölkələrin əməkdaşlıq şuraları fəaliyyət göstərir. Türkiyə çalışır ki, Türk ölkələrini öz ətrafında birləşdirsin. Və buna nail olur. Burada Rusiyanın Turandan ehtiyat etməsinə gəldikdə isə Moskvanın bu təbii ki, regional maraqlarına cavab vermir. Türkiyə Rusiya narazıdır deyə buna getməyəcək bir siyasəti yoxdur. Düşünürəm ki, Türk dövlətlərinin birliyi labüddür və Ankara buna nail olacaq”. M.Əsədullazadə hesab edir ki, Lavrovun Türkiyə səfəri burada M.Çavuşoglu ilə danışıqlarında Qarabağ məsələsi, Zəngəzur dəhlizi, Qara dənizdə baş verən siyasi-hərbi hərəkətlilik və Mərkəzi Asiya, Əfqanıstan və Suriyada ortaq maraqları müzakirə ediləcək: “Bu səfər iki dövlət arasında əməkdaşlığın davam etdirilməsinə və bir sıra məsələlərə aydınlıq gətirilməsinə hesablanıb. Düşünürəm ki, Turan siyasəti Putinlə razılaşdırılır. Türkiyə, sadəcə, regionda elə bir siyasi xəttə malikdir ki, bunu yalnız öz milli maraqları çərçivəsində həyata keçirir və bu, bölgə ölkələrinin istəyi ilə baş verir. Ona görə də Moskva ilə hesablaşmır. Moskva yumşaq deyil, hərbi və təzyiq dili ilə danışdığına görə region ölkələri Moskvadan uzaqlaşır”.

İqtisadi, siyasi və hərbi sahədə böyük uğurlara imza atmış Türkiyənin artıq bölgə lideri statusundan xeyli irəli gedərək dünyanın güc mərkəzinə çevrilməsi Azərbaycanın da gücünü artırır və hər birimizi qürurlandırır. Axı cənab Ərdoğan demişdi: “Dünya 5-dən böyükdür”.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın