Rusiyanın erməni müxalifəti ilə təmasları artıb: Kreml Nikola alternativ axtarır?

04, 02, 21
17:00

Rusiyanın erməni müxalifəti ilə təmasları artıb: Kreml Nikola alternativ axtarır?


Politoloq: “Müharibədən əvvəl Paşinyan Rusiya ilə müəyyən məsafə saxlaya bilirdisə, indi tam şəkildə nökərə çevrilib”

Rusiya səfiri vasitəsilə Ermənistandakı müxalifət partiyalarının rəhbərləri ilə, qeyri hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirir, ölkədəki ictimai-siyasi vəziyyəti təhlil edir. Bu günlərdə səfir Sergey Kopyrkin “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanla da belə bir görüş keçirib.

“Müharibədən sonra bölgədəki vəziyyət, hərbi əsirlərin geri qaytarılması prosesi (atəşkəs imzalanandan sonra tutulduqlarına görə, Azərbaycan tərəfi o erməni hərbçilərini əsir yox, terrorçu adlandırır – A.B) və daxili siyasi gündəmi müzakirə etdik. Səfir Ermənistan-Rusiya münasibətlərinin inkişafının vacibliyini bildirdi. Rusiya bölgədəki təhlükəsizliyin əsas qarantı və Ermənistanın əvəzolunmaz strateji tərəfdaşıdır. Ermənistan-Rusiya siyasi və iqtisadi əlaqələrini gücləndirməyə alternativin olmadığını qeyd etdik. Səfir Kopyrkindən Dağlıq Qarabağdakı müharibənin sona çatması və erməni xalqına dəstək istiqamətində fəallıq göstərdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirməsini xahiş etdim”, – deyə Tsarukyan görüşlə bağlı açıqlamasında deyib.
Ermənistan müxalifəti İlham Əliyevin qələbəsini etiraf edir
Erməni ictimaiyyəti hesab edir ki, Rusiya Ermənistan müxalifəti arasında hazırkı Baş nazir Nikol Paşinyana alternativ axtarışındadır. Düşmən ölkə analitiklərinin qənaətincə, Kremlə yaxınlığı ilə seçilən sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana cəmiyyətdə inam yoxdur, hətta nifrət daha güclüdür. Onların korrupsionerliyi, 25 il müddətində Ermənistanı ağlar günə qoyması, xalqın onları yenidən hakimiyyətə gətirmək niyyətində olmadığı faktını ortaya qoyur. Təbii ki, Rusiya müttəfiqi olan bu qüvvələrin erməni dövlətinin başına keçmək şansının olmadığını anlayır.

Buna görə də Kreml, hakimiyyətə gələndən İkinci Qarabağ müharibəsi başlayanadək anti-Rusiya siyasəti yeridən, bəzi mənbələrə görə, Qərb dairələrinin başa keçirdiyi Paşinyanı hazırkı müxalif qüvvələrlə əvəzləmək istəyir.


Erməni analitiklər bildirirlər ki, bunlardan biri “Mariflənən Ermənistan” Partiyasının sədri, deputat Edmon Marukyandır. Əvvəllər qərbpərəst mövqeyi ilə seçilən Marukyan son bəyanatlarında Rusiya ilə tərəfdaşlıqdan, strateji müttəfiqliyin gücləndirilməsindən söz açır. Eyni zamanda, o, bəyanatlarının birində söylədi ki, Ermənistanda Rusiyanın ikinci hərbi bazası yaradılmalıdır. Daha bir müxalifət təşkilatının lideri Q.Tsarukyandır ki, səfir bu günlərdə onunla görüşüb.

Maraqlıdır, Rusiya həqiqətən də Ermənistanda hakimiyyətə gətirə biləcəyi, Moskvanın bütün istəklərinə “hə” deyəcək müxalifətçi axtarışına çıxıb?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya səfirinin Tsarukyanla görüşündən böyük nəticələr çıxarılmasının tərəfdarı deyil.

Azerbaycanrealligi.com xəbər verir ki, Analitik AYNA-ya deyib ki, Rusiya səfirinin son 2 ildə Ermənistanda görüşmədiyi adam qalmayıb: “O, müxtəlif siyasətçilərlə, hüquq müdafiəçiləri ilə görüşlər keçirir, fikir mübadilələri aparır. Tsarukyanla görüşdən öncə də, Kopyrkin Ermənistanın qocaman müxalifətçilərindən olan, keçmiş Prezident Levon Ter-Petrosyanla görüş keçirmişdi. Hansı ki, Ter-Petrosyan Ermənistanda Qərbə meyilli siyasət yürüdür, ideyaları, siyasət istiqaməti Rusiya ilə ziddiyyət təşkil edən Avropayadır. Yaxud da, Robert Köçəryanla səfir arasında mütəmadi görüşlər olur. İndi isə Tsarukyanla görüş keçirib, müəyyən müzakirələr aparırsa, bu adi bir haldır”.

“Tsarukyanın Rusiya haqqında xoş sözlər deməsi o anlamı vermir ki, Rusiya Ermənistanda ona üstünlük verəcək. Rusiya bu gün anlayır ki, Ermənistanda Paşinyana alternativ yoxdur. Baxmayaraq ki, Paşinyan hakimiyyəti İkinci Qarabağ müharibəsində məğlub oldu, amma erməni cəmiyyətində ona alternativ tapılmır. Olan müxalifətçilər də, hamısı zəif, gücsüz və dəstəksizdir. Biz 17 partiyanın aylarla keçirdiyi mitinqləri gördük, meydana 3-5 min adam toplaya bilmirdilər. Rusiya bunu görür və anlayır ki, bütün partiyalar yığılsa da, nəticə əldə edə bilmirlər”, – deyə E.Şahinoğlu qeyd edib.

Eyni zamanda, rəsmi Moskvaya lazımdır ki, İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr Bəyanatı Paşinyanın rəhbərliyi ilə həyata keçirilsin, – deyən Mərkəz rəhbəri düşünmür ki, Kreml indiki məqamda Paşinyanı Tsarukyanla, Ter-Petrosyan və ya digər müxalif qüvvə ilə dəyişməyə hazırdır.

Politoloqun sözlərinə görə, ola bilsin ki, Rusiya səfirini müxalifətçilərlə görüşlərə göndərməklə Paşinyanı müəyyən təzyiq altında saxlamaq niyyətindədir: “Kreml həmişəki kimi, “bir əlində kökə, digər əlində qamçı” tutur. Yəni, Paşinyana mesaj verilir ki, Ermənistanda Rusiyanın əməkdaş edə biləcəyi qüvvələr var. Amma yenə də təkrar edirəm, Paşinyan hazırda Ermənistanın başında dayanması Rusiyaya sərf edir. Baxmayaraq ki, Nikol Qərbin dəstəyi ilə hakimiyyətə gəlib, bu, Rusiyanın xoşuna gəlmir. Lakin hazırda Paşinyan elə vəziyyətdədir ki, Moskvadan gələn hər tapşırığı yerinə yetirir. Müharibədən əvvəl Paşinyan Rusiya ilə müəyyən məsafə saxlaya bilirdisə, indi tam şəkildə nökərə çevrilib. Bu, əlbəttə ki, Moskva üçün sərfəlidir”. 

 Azerbaycanrealligi.com 



Bizimlə əlaqə saxlayın