Ermənistandan növbəti həyasız addım — Oyuncaq rejim inaqurasiyaya hazırlaşır

18, 05, 20
09:35

Ermənistandan növbəti həyasız addım — Oyuncaq rejim inaqurasiyaya hazırlaşır


Ermənistan həyasız şəkildə yenidən beynəlxalq hüququ tapdalamaqda, beynəlxalq təşkilatların qəbul etdiyi qanunvericiliyi ayaqlar altına almaqdadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 25 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Münaqişənin nizamlanmamasının əsas səbəbi odur ki, danışıqlar başlayandan bəri prosesin irəliləməsinə müxtəlif yollarla mane olur.

Bu azmış kimi cari ilin aprelin 14-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda qondarma "prezident seçkiləri" keçirildi. Lakin Ermənistanın bu "seçkilər"lə bağlı təbliğatı böyük zərbə altında qaldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti öz çıxışında Ermənistanın bütün dünyada necə aciz və zərbə altında qaldığını açıq şəkildə ifadə etdi:

"Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir".

Beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası Azərbaycanın mövqeyini daha da gücləndirir. Dövlət başçısı İlham Əliyev açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinin həllinin - Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu dəfələrlə vurğulayıb. 

Bütün bunlara baxmayaraq, ermənilər indi də mayın 21-də Şuşada atəşfəşanlıqla qondarma Dağlıq Qarabağ Respublikası "prezident"inin inaqurasiya mərasimini keçirməyi düşünür. “Seçkilər”dən sonra dünyanın nüfuzlu və aparıcı beynəlxalq təşkilatları bu "seçkilər"i tanımır, aşkar şəkildə bəyanatlar səsləndirir. Lakin Ermənistan özünün çirkin niyyəti və əməllərindən qalmır və arsız şəkildə andiçmə mərasimi haqda düşünür. 

Görünən odur ki, Ermənistanın hələ də ağıllanmaq kimi bir fikri yoxdur və onlar özlərini çətin və çıxılmaz vəziyyətə gətirirlər. Təbii ki, Ermənistan öz çirkin əməllərindən əl çəkmədiyi təqdirdə, Azərbaycan Ordusunun səbr kasası yenidən daşacaq. Düşməni miqyasına görə Aprel döyüşlərindən də böyük cavab gözləyə bilər. O döyüşlər ki, həmin müharibədə Ermənistan Azərbaycanın nəyə qadir olduğunu açıq-aşkar gördü.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın