Paşinyan niyə geri çəkildi?

29, 09, 18
22:34

Paşinyan niyə geri çəkildi?

Düşənbədəki ayaqüstü söhbətin sensasion pərdəarxası və nəticələri barədə

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk tet-a-tet görüş, nəhayət, baş tutdu. MDB-nin Düşənbə sammiti çərçivəsində iki ölkənin rəhbəri qısa müddətə də olsa, ayaqüstü söhbət edə bildilər. Ancaq bu, bir neçə dəqiqəlik söhbətin nəticəsi deyəsən, bütün gözləntiləri yaxşı mənada aşır və son günlərin, hətta ayların Qarabağ məsələsi ətrafında formalaşdırdığı sərt ab-havanı xeyli yumşaldır. Eyni zamanda nəticə sensasion sayıla bilər.
Musavat.com xatırladır ki, Rusiya prezidenti Vladimir Putinin iki lideri futbol üzrə son dünya çempionatı vaxtı tanış etsə də, Moskvada belə bir söhbət alınmamışdı. Daha bir neçə səbəb barədə az aşağıda.
*****
Azərtacın yaydığı məlumata görə, Düşənbədə Əliyev və Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Niklol Paşinyan isə ayaqüstü söhbətlə bağlı daha detallı məlumatlar açıqlayıb. O, facebookdakı canlı yayımda Azərbaycan prezidenti ilə qonşu ölkənin ikitərəfli münasibətlərində üç məqamı müzakirə etdiklərini deyib: “Birinci məqam: Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın. İkinci məqam Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə anlaşıblar və hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər. Razılığa gəldiyimiz üçüncü vacib qərar aramızda operativ əlaqənin təşkili ilə bağlı oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”.
Paşinyana görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür. “Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam” – erməni baş nazir əlavə edib.
*****
Düşənbə təması ilə bağlı açıqlanan bu detallar sübhisiz ki, Bakının diplomatik uğurudur. Bunu ilkin olaraq, 3 mühüm qənaətə əsasən söyləmək mümkündür:
1-ci qənaət: Ermənistanın yeni rəhbərliyi təmas xəttindəki vəziyyətdən, artan canlı itkilər və müharibə riskindən həqiqətən ciddi narahat olmağa başlayıb. O səbəbdən sərt müharibə ritorikasının işə yaramadığı, Azərbaycanın hərbi gücü etiraf olunur və lüzumsuz savaş ritorikası kənara qoyulur. Təsadüfi deyil ki, Paşinyan Düşənbə danışıqları ilə bağlı belə bir cümlə də işlədib: “Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş vermədi, mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçdi”.
2-ci qənaət: əsas danışıqlar yenə də Azərbaycan və Ermənistan arasında, onların birinci şəxsləri arasında davam etdiriləcək. Paşinyanın dediyi kimi, birinci şəxslər arasında “operativ əlaqə mexanizmini yaratmaq”la bağlı razılıq 2-ci qənaəti daha möhkəmləndirir - separatçı rejimin başçısı Bako Saakayana bu mexanizmdə hər hansı rol nəzərdə tutulmur. Demək, Qarabağ danışıqlarında Dağlıq Qarabağın erməni icması azərbaycanlı icma kimi yenə maraqlı tərəf olaraq qalacaq. Halbuki dünənədək Nikol Paşinyan iddia edirdi ki, sülh danışıqları yalnız Azərbaycanla qondarma “DQR” arasında aparılmalıdır, çünki “Ermənistan yalnız özünə cavabdehdir”. Amma indi o, özü də təsdiqləmiş oldu ki, müzakirələr Azərbaycanla Ermənistan arasında gedir. Bunu tərəflərin danışıqlar prosesinin davam etdirilməsinə sadiqlik nümayiş etdirməsi başqa yandan sübut edir. Əldə olunan razılıq həmçinin Ermənistanın dolayısıyla özünün işğalçı ölkə statusu ilə barışması, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsinin əhəmiyyətini qəbul eləməsi anlamına gəlir.
Beləcə, rəsmi İrəvanın nizamlama prosesinin formatını dəyişdirmək, separatçı rejimi də üçüncü müstəqil tərəf kimi danışıqlara qoşmaq cəhdlərinə son qoyulmuş oldu. Bir daha təsdiq olundu ki, Dağlıq Qarabağdakı qanunsuz rejim yox, məhz Ermənistanın özü münaqişə tərəfidir və müzakirələr də onunla davam etdiriləcək.
3-cü qənaət: Düşənbə anlaşmasının erməni baş nazirin Amerika səfərindən dərhal sonra əldə eləməsi də xeyli dərəcədə məntiqli görünür. Məsələ ondadır ki, Paşinyan cəmi üç gün öncə BMT tribunasından Qarabağla bağlı odlu-alovlu, radikal çıxış eləsə də, gerçək belədir ki, o, Amerika səfərindən də əliboş qayıdıb. Paşinyanın nə ABŞ prezidenti Donald Trampla arzuladığı təmas baş tutub, nə də Amerikadakı nüfuzlu erməni diaspora qurumlarının aparıcı simaları ilə görüşü səmərəli olub. Ermənistan baş naziri Avropa kimi, Amerikanın da ciddi siyasi-maliyyə dəstəyini əldə edə bilməyib. Üstəlik, Rusiya ilə Azərbaycanın bütün sahələr, o cümlədən hərbi-əməkdaşlıq sferası üzrə yaxınlaşması, İrəvan-Moskva münasibətlərinin soyuması və Ermənistan daxilində siyasi rəqiblərin toparlanması fonunda Paşinyanın Qarabağ cəbhəsində radikallığının anlamı qalmırdı.
4-cü qənaət: rəsmi Bakı, konkret olaraq prezident İlham Əliyev atəşkəs rejiminə müvəqqəti zəmanət verməklə, böyük humanistlik göstərməklə əslində Ermənistanın hər necə olmasa, əli azərbaycanlıların qanına batmayan yeni rəhbərliyinə olduqca mühüm bir jest etmiş oldu ki, işğalçı ölkədə legitim hakimiyyət strukturları formalaşa bilsin və buna qarşılıq, yeni hakimiyyət Qarabağ məsələsində fiasko olan sələflərindən fəqrli olaraq, məsuliyyətli və konstruktiv mövqe tutsun. Bunu Bakının İrəvanın böyük sülh anlaşmasına gəlməsi üçün ona verdiyi bəlkə də sonuncu şans kimi də qiymətləndirmək olar. Eyni zamanda Azərbaycan bir daha dünyaya, xüsusən də Qərbə, ABŞ-a sülhpərvər dövlət olduğunu nümayiş etdirdi. “Topu” yenə Ermənistanın meydanına ötürdü, hərb, yoxsa sülh seçiminin yalnız İrəvana məxsus olduğuna heç kimdə şübhə qoymadı.
Bununla belə, Azərbaycan “B variantı”nı daima əlinin altında saxlayır. Yəni Bakı sonsuzadək atəşkəs rejiminə dözüm göstərmək niyyətində də deyil. İlham Əliyev Düşənbəyə yollanmamışdan az öncə səsləndirdiyi “Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyündən kənar heç bir status almayacaq” bəyanatı həm də bunun anonsu idi...



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın