İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans

22, 09, 18
09:42

İrəvanın “iki stul” siyasəti fiaskoda - Bakı üçün unikal şans


Paşinyanın Qərb və Rusiya arasında “balans” kursu bumeranq kimi özünə qayıtmağa başlayıb;  “Rus NATO-su”na rəhbərlik Ermənistandan alınır; Paşinyanın Trampla görüş cəhdləri də boşa çıxıb - səbəb...
Ermənistanda “məxməri inqilab”ın yaratdığı və narazı kütlənin böyük ümid bəslədiyi hakimiyyət dəyişikliyindən keçən 4 ayda təzə hökumət hələ də daxildə hansısa böyük uğura imza ata bilməyib. Əhalinin güzəranı zərrəcə yaxşılaşmamış qalır, ölkədən kütləvi köç dayanmayıb. Baş nazir Nikol Paşinyanın xarici siyasət sahəsində vəziyyəti isə daha acınacaqlı görünür.
Ondan başlayaq ki, artıq Ermənistan “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu vaxtından əvvəl itirmək üzrədir. Bu da blokun indiki baş katibi, general Yuri Xaçaturova qarşı cinayət işinin açılması və onun qısa müddətli həbsi ilə birbaşa əlaqəlidir. Moskva bu addımı forpostu tərəfdən həm özünə qarşı siyasi demarş, həm də qurumu gözdən salmaq cəhdi kimi qiymətləndirib. Doğrudur, az sonra Kremlin təzyiqi ilə Xaçaturov Moskvaya - öz vəzifəsinə qayıtdı, ancaq artıq iş işdən keçmişdi.
İndi isə məlum olur ki, Paşinyan iqtidarının KTMT-yə başqa bir erməninin baş katib gətirilməsi təklifini nəinki Rusiya, blokun digər iki üzvü - Qazaxıstan və Belarus da qəbul etməyib. Hərçənd Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan iddia edir ki, məsələ ilə bağlı üzv ölkələrlə məsləhətləşmələr davam etdirilir.
Belə ki, az öncə Nikol Paşinyanın KTMT-də baş katib dəyişdirilsə də, Ermənistanın bu postu əlində saxlaya biləcəyinə dair hər cür əsasa malik olduğunu bəyan etməsinə diqqət çəkən jurnalistlər Mnatsakanyandan buna münasibət istəyiblər. O isə məsələyə dair şərh verməkdən imtina edərək, sadəcə, “danışıqlar davam edir” deməklə kifayətlənib.
Ermənistandakı və Rusiyadakı analitik mərkəzlər isə Paşinyanla eyni nikbinliyi bölüşmürlər. Rusiyalı hərbi ekspert Vladimir Yevseyev hesab edir ki, Xaçaturovdan sonra Ermənistan KTMT-dəki baş katib postundan məhrum olacaq. “Nikol Paşinyanın nikbinliyi özünü doğrultmayacaq. Çünki Xaçaturovdan sonra baş katib postunun Ermənistanda qalması üçün Paşinyan Lukaşenko və Nazarbayevlə söhbət edib və aydın olub ki, onlar Paşinyana rədd cavabı veriblər, Ermənistan bu məsələdə dəstəksiz qalıb. KTMT-nın yaxın zamanda baş tutacaq növbəti sammitində baş katib postu Belarusa keçəcək”, - deyə Yevseyev əlavə edib.
KTMT paÅinyan ile ilgili görsel sonucu
“Yeni Müsavat” xatırladır ki, az öncə KTMT Birləşmiş Qərargah rəisi, general Anatoli Sidorov Ermənistanın guya Azərbaycan tərəfindən onun ərazisinə zərbə endirdiyini iddia edərək KTMT-nin hərəkətə keçməli olması haqda təxribatçı çağırışını qulaqardı eləmişdi. Rus general habelə Azərbaycana qarşı heç bir güc tətbiq edilməyəcəyini söyləmişdi. Eyni zamanda o, münaqişə tərəflərinin öz aralarında dinc həll yolunu tapacağına ümid ifadə etmişdi. Bu da İrəvanın “şimal cəbhəsi”ndə növbəti siyasi-diplomatik fiaskosu hesab oluna bilər. 
*****
Bu arada Paşinyan hökumətinin xarici siyasət kursundakı böyük bir diplomatik uğursuzluğunun altını cızmaq lazım gəlir. Söhbət aylardır ABŞ-dakı nüfuzlu erməni lobbisinin də çalışdığı Tramp-Paşinyan görüşünə nail olmaqdan gedir. Mnatsakanyan deyib ki, Paşinyanın BMT-nin gələn həftə Nyu-Yorkda keçiriləcək Baş Məclisi çərçivəsində prezident Trampla görüşü gözlənilmir. Belə bir görüş isə Paşinyana ilk növbədə seçkilər öncəsi Amerikanın maliyyə-iqtisadi dəstəyini almaq üçün hava-su kimi vacib idi.
Erməni XİN başçısı özünü sındırmayaraq onu da deyib ki, Tramp-Paşinyan görüşünün təşkili üzərində erməni tərəfi Amerika tərəfi ilə intensiv işləyib, “lakin proses zaman tələb edir və tələskənliyə ehtiyac yoxdur”. Əlavə edək ki, Nikol Paşinyanı Donald Trampla görüşdürmək üçün ABŞ konqresmenləri səviyyəsində də ciddi iş aparılıb. Bir qrup konqresmen bundan ötrü hətta ABŞ prezidentinə yazılı müraciət ünvanlamışdı. Göründüyü kimi, nəticə olmayıb.
PaÅinyan ile ilgili görsel sonucu
ABŞ-a can atan Paşinyan isə bu üzdən səfərini ləngitməli olub. Lakin bunu İrəvanda mer seçkisi ilə əlaqləndirməyə çalışıb. “168 Jam” qəzeti isə yazıb ki, Paşinyan səfərini heç də İrəvan Şəhər Şurasına keçiriləcək seçkidə iştirak üçün təxirə salmayıb (axar.az). Sitat: “Əldə etdiyimiz məlumata görə, səfərin təxirə salınma səbəbi başqadır. Belə ki, erməni tərəfi əvvəlcə ABŞ prezidenti Donald Trampla görüşməyi təklif etsə də, bu istək rədd edilib. Daha sonra vitse-prezident Maykl Penslə görüşə cəhd edilib, lakin bu istəyə də neqativ cavab verilib. ABŞ-a səfərin ”xilası üçün" son ümid Ermənistan xarici işlər naziri Mnatsakanyanla dövlət katibi Mayk Pompeonun görüşünün təşkili olub. Lakin hələlik ABŞ tərəfi bu görüşün keçirilməsi üçün öz cavabını verməyib. Mənbəmiz bu görüşə də rədd cavabı veriləcəyini gözləyir", - deyə məlumatda bildirib.
*****
Qeyd edək ki, bütün səylərə rəğmən, Ağ Ev başçısının Nikol Paşinyanla görüşdən imtinası rəsmi İrəvanın Qərb geosiyasi istiqamətində ciddi diplomatik fiaskosu olmaqla yanaşı, ABŞ-ın Ermənistanda post-inqilab dönəmində real islahatların aparılmasının mümkünlüyünün, konkret olaraq, Paşinyanın demokratiya vədlərinin ciddi qəbul olunmadığının, Ermənistana və onun hazırkı rəhbərliyinə etimad göstəricisinin çox aşağı olduğunun qabarıq təzahürüdür. Bunu Paşinyan iqtidarının Rusiya və ABŞ-a hesablanmış “iki stul”da oturmaq siyasətinin faş olması da saymaq olar.
AÄ ev ile ilgili görsel sonucu
Beləcə, Paşinyan hökuməti hər iki diplomatik cəbhədə - həm Rusiya və digər KTMT ölkələri ilə münasibətlərdə fiasko ilə üz-üzədir, həm də Qərblə yaxın əlaqələr qurmaq kursu daşa dirənib. Bu isə rəsmi Bakının önə keçməsi və Qarabağ məsələsində təbliğat savaşını daha uğurla aparması üçün ona unikal şans açır.
Belə bir gəlişmə erməni ekspert dairələrində də etiraf olunmaqdadır. Məsələn, informasiya təhlükəsizliyi məsələləri üzrə erməni ekspert Samvel Martirosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir. O, bildirib ki, İrəvanın informasiya siyasətini “dondurulmuş” hesab etmək olar.
“Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sərkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”, - deyə o qeyd edib və əlavə edib ki, 2016-cı il aprel döyüşlər bu sahəyə böyük təsir göstərib və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb olub.
Bir sözlə, Nikol Paşinyanın Qərb və Rusiya arasında “balans” yaradıb hər iki qlobal gücdən dəstək almaq kursu bumeranq kimi artıq onun özünə və komandasına qayıtmağa başlayıb. Bu isə Ermənistanın yeni rəhbərliyinə çarpaz təzyiqlər vəd edir...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın