Braziliyanın qrupu: rəqibləri Bəlli oldu -- FOTOLAR

10, 06, 18
21:41

Braziliyanın qrupu: rəqibləri Bəlli oldu -- FOTOLAR


E qrupu
1. Braziliya
2. İsveçrə
3. Kosta-Rika
4. Serbiya

21 mundial iştirakçısı-Braziliya
Braziliya dünyada tanınmış komanda olmaqla yanaşı, həm də bəxti gətirənlər sırasındadır. Rusiyada gələn həftə başlayacaq dünya çempionatda 5 qat dünya çempionun rəqiblərinə bir baxın...

21-ci dəfədir dünya çempionatında iştirakçı olan Braziliya bu cür zəif rəqibləri haqq edir bəlkə də... Zəif deyib, haqlarına girməyək, amma 5 qat dünya çempionu olan Braziliyaya yaraşan da deyillər. Necə yarışacaqlarını isə görəcəyək... 

Düzdür, 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə çempionluğu bayram etmiş Braziliya milli komandası öz ölkəsində keçirilən son mundialda uğurunu təkrarlaya bilmədi. Təşkilatçısı olduğu ötən mundialda 4-cü yerlə kifayətlənməli oldular. Ümidləri yəqin bu mundialadır. 

Braziliya təsnifat mərhələsində 10 görüşdə qalib gəlib, 2 oyunda heç-heçə edərək Rusiyaya vəsiqəni ilk qazanan(Rusiyanı ev sahibi kimi nəzərə almasaq) yığma olub. Braziliyanın bu qrupdan lider kimi çıxacağı şübhə doğurmur, lakin rəqiblər “gəl qapımıza top vur” da deməyəcəklər. 

Tite 2016-cı ilin iyununda istefaya göndərilən Dunqanın yerinə Braziliyanın baş məşqçi təyin olunub. Əsl adı Adenor Leonartdo Bakşi olan Titenin yetirmələri seçmə mərhələnin sonuna 4 tur qalmış Rusiyaya birbaşa vəsiqəni təmin etmişdi. Braziliya milisi haqda qrup mərhələsində daha ətraflı yazacağıq. Hələlik isə Pelenin bir açıqlaması ilə kifayətlənək. Dünya futbolunun əfsanəsi çempionat ərəfəsi milli komanda haqda maraqlı açıqlama verib. O deyib ki, Braziliyanın oyunçuları hər biri ayrılıqda ustadırlar, amma komanda oyunu yoxdur... 

Braziliyanın heyətinə baxaq: 

Qapıçılar: Alisson (“Roma”), Ederson (“Mançester Siti”), Kasio (“Korintians”)

Müdafiəçilər: Danilo (“Mançester Siti”), Faqner (“Korintians”), Markinyoş, Tiaqo Silva (hər ikisi PSJ), Miranda ("İnter"), Marselo ("Real"), Pedro Jeromel (“Qremio”), Filipe Luis (“Atletiko”)

Yarımmüdafiəçilər: Kasemiro (“Real”), Paulinyo, Koutinyo (hər ikisi "Barselona"), Villian ("Çelsi"), Fernandinyo ("Mançester Siti"), Renato Auqusto ("Beyçzin Qoan"), Fred (“Şaxtyor”)

Hücumçular: Neymar (PSJ), Qabriel Jezuş ("Mançester Siti"), Firmino ("Liverpul"), Duqlas Kosta (“Yuventus”), Tayson (“Şaxtyor”)
İsveçrə 11 dəfə mundialda olsa da…

İsveçrə mundialda 11-ci dəfədir ki, iştirak edir. Ən yaxşı nəticəni ötən əsrdə göstərib. 1934, 1938 və 1954-cü il mundiallarında 1/4 finala yüksəlib. Təsnifat mərhələsində ilk oyunda Avropa çempionu Portuqaliyaya 2 top üstünlüyü ilə qalib gəliblər. 

Macarıstanla oyunda da 90-cı dəqiqədə vurulan qolla xal saylarını artırdılar. Qrupda qələbələri sıralasalar da, Portuqaliya da onları qarabaqara izləyirdi. Nəticədə Avropa çempionları birinci yeri tutdular, İsveçrə isə Azərbaycanın qrupunda pley-off oynamaq hüququ qazanmış Şimali İrlandiya ilə qarşılaşdılar. Rəqib meydanında minimal hesabla qalib gələn Petkoviç yetirmələri təkrar görüşdə qapılarını qoruya bildilər. 

Komandanın baş məşqçisi Vladimir Petkoviç sələfi Ottmara Hitsfelddən heç də az tanınmır. Bu onun milli komandada ikinci böyük sınağıdır. 2016-cı il Avropa çempionatına da komandanı o aparmışdı. Polşa İsveçrə millisini 1/8 finaldan kənarlaşdırsa da, komanda yaxşı təsir bağışladı. Gözlənilir ki, bosniyalı baş məşqçi bu mundialda xüsusilə müdafiə xəttini gücləndirməsi sayəsində daha yaxşı nəticə göstərməyi qarşıya məqsəd qoyub.
Kosta-Rika möcüzəsi
Kosta-Rika 2014-cü il Braziliya mundialında özlərindən söz etdirməyi bacarmış komandadır. Çünki Amerika qitəsi təmsilçiləri 1/4 finaladək irəliləməyə nail olmuşdular. 

Kosta-Rikanın ötən mundialda rəqiblərini yada salmaqda fayda var. Uruqvay, İtaliya və İngiltərə... 5 milyon əhalisi olan bu ölkənin futbolçuları qorxmadılar və qrupdan növbəti mərhələyə çıxdılar. Növbəti rəqib Yunanıstanı da mübarizədən kənarlaşdırandan sonra az qala Lui Van Qalın rəhbərlik etdiyi Hollandiyanı(indiki mundialdan kənarda qalıblar) da az qala udacaqdı. 

“Kosta-Rika” millisinin həmin mundialda parlayan ulduzu isə şübhəsiz ki, Keylor Navas oldu. Çempionatdan dərhal sonra Madridin “Real” klubu onu heyətinə transfer etdi. 

2014-cü ildəki uğurlu heyət indidə oynayır və bu qrupda Kosta-Rika yenə də sensasiya edə bilər. 

Qeyd edək ki, 1990, 2002, 2006, 2014-cü il mundialında iştirak edən milli komanda ardıcıl dördüncü dəfədir ki, belə mötəbər turnirə vəsiqə qazanırlar. Oskar Ramires 2015-ci ilin oktyabrından milli komandanın baş məşqçisidir. O, 1990-cı ildə keçirilən dünya çempionatında Kosta-Rika millisinin heyətində oynayıb.
Qapıçılar: Keylor Navas ("Real"), Patrik Pemberton ("Alaxuelense"), Leonel Moreyra ("Erediano")

Müdafiəçilər: Kristian Qamboa ("Seltik"), Yan Smit ("Norçepinq"), Ronald Matarrita ("Nyu-York Siti"), Brayan Ovyedo ("Sanderlend"), Oskar Duarte ("Espanyol"), Cankarlo Qonsales ("Bolonya"), Fransisko Kalvo ("Minnesota Yunayted"), Kendall Uoston ("Vankuver Uaytkeps"), Conni Akosta ("Rioneqro Aqilas")

Yarımmüdafiəçilər: David Qusman ("Portlend Timbers"), Elsin Texeda ("Lozanna"), Selso Borxes ("Deportivo"), Rendall Asofeyfa ("Erediano"), Rodni Uolles ("Nyu-York Siti"), Brayan Ruis ("Sportinq"), Daniel Kolindres, Kristian Bolanos (hər ikisi "Deportivo Saprissa").

Hücumçular: Xoan Veneqas ("Deportivo Saprissa"), Xoel Kempbell ("Betis"), Markos Urenya ("Los-Anceles")

Serbiyanın “siftəsi” 

Serbiya ilk dəfədir ki, müstəqil dövlət kimi mundialda iştirak edir. Komanda qrupda İrlandiya, Uels, Avstriya, Gürcüstan və Moldova ilə birgə mübarizə aparırdı. Keçirdiyi 10 oyunun 6-da qalib gələn Serbiya milisi cəmi bir oyunda məğlub oldu. Son nəticədə 21 xal toplayaraq qrup lideri oldu. Keçirdiyi görüşlərdə isə 20 dəfə rəqib qapısına yol tapa bildi. 
Komandanı ilk dəfə mundiala çıxaran Slavalüb Muslin ötən ilin oktyabrında baş məşqçi postundan ayrıldı. Onu rəhbərliyi altında komanda yalnız bir məğlubiyyət acısı dadsa da, baş məşqçi getməkdə qərarlı oldu. Onu millidə köməkçi vəzifəsində işləyən Mladen Krstaiç əvəz etdi. 

Serbiyanın heyəti belədir: 

Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Predraq Raykoviç (“Makkabi”, Təl-Əviv, İsrail), Marko Dmitroviç (“Eybar”, İspaniya);
Müdafiəçilər: Aleksandr Kolarov (“Roma”, İtaliya), Antonio Rukavina (“Vilyarreal”, İspaniya), Milan Rodiç (“Srvena Zvezda”), Branislav İvanoviç (“Zenit”, Rusiya), Uroş Spayiç (“Anderlext”, Belçika), Miloş Velkoviç (“Verder”, Almaniya), Duşko Toşiç (“Quançjou Fuli”, Çin), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya);

Yarımmüdafiəçilər: Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Luka Milivoyeviç (“Kristal Pelas”, İngiltərə), Marko Qruyiç (“Kardiff Siti”, Uels), Duşan Tadiç (“Sauthempton”, İngiltərə), Andriya Jivkoviç (“Benfika”, Portuqaliya), Filip Kostiç (“Hamburq”, Almaniya), Nemanya Radonyiç (“Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Adam Lyayiç (“Torino”, İtaliya);
Hücumçular: Aleksandr Mitroviç (“Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).




Bizimlə əlaqə saxlayın