“Yaponlar bizi turnirdən uzaqlaşdırmaq üçün bəhanə axtarırdılar” - İlham Zəkiyevdən şok açıqlama

29, 09, 21
18:00

“Yaponlar bizi turnirdən uzaqlaşdırmaq üçün bəhanə axtarırdılar” - İlham Zəkiyevdən şok açıqlama


Paralimpiya cüdoçusu, dünya çempionu İlham Zəkiyevin Yenisabah.az-a müsahibəsi:

- İlham bəy, Tokio-2020 Paralimpiya oyunlarına hansı hisslərlə qatıldınız, qızıl medalı hədəfləmişdinizmi?

- Tokio-2020 pandemiya səbəbindən bir il gecikdi. Çox adam düşünürdü ki, bu gecikmə idmançıların çıxışına təsir edəcək. Bəli, təsir etdi, lakin yaxşı mənada təsir etdi. Biz paralimpiya oyunlarına qalib ölkənin idmançıları olaraq yollandıq.

Əhval-ruhiyyə yüksək səviyyədə idi. 63 ökə arasında Azərbaycan yığma komandası 14 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu yerdə qərarlaşdı. Bu çox yüksək nəticədir.

Öz çıxışıma gəldikdə isə deyə bilərəm ki, mən çox ciddi formada hazırlaşmışdım. Lakin ikinci görüşə çıxmadan öncə sol ayağımın iki barmağı sındı. Bu problemi rəqibimə, orada olanlara hiss etdirmədim. Görüşdən sonra yaponiyalı həkimlər dedi ki, rentgen çəkdirək, ayağında ciddi problem var, razı olmadım. Çünki onlar bu məsələdən xəbərdar olsa idi, yarışa çıxmağıma icazə verməzdilər.

Bir məsələni qeyd edim ki, 44 günlük müharibədə biz dəfələrlə şahidi olduq ki, əsgərlərimiz, zabitlərimiz yaralı olduqları halda döyüşürdülər, öz həyatlarını təhlükəyə atırdılar. Biz də Azərbaycanın idman sahəsinin əgəri olaraq üçrəngli bayrağımızı Tokioda dalğalandırdıq. Möhtəşəm anlar idi. Tokioda 14 dəfə himnimizin sədaları altında bayrağımız dalğalandı.

Biz yaponlardan texnologiyanı, maşın düzəltməyi öyrənə bilərik. Lakin yarış təşkili barədə onlar bizdən çox şey öyrənməldirlər. Təşkilat məsələsində ciddi problemləri var idi. Hər halda bizim ölkədə keçirilən yarışlarda bu cür problemlər olmayıb. Qonaqları yüksək səviyyədə qarşılayıb yola salıblar. Gəlib bizdən yarış təşkil etməyi öyrənsinlər.

- Tokio-2020 digər yarışlardan nə ilə fərqlənirdi?

- Pandemiya yaponların əlində bir bəhanə idi. Orada hər gün test verirdik. Gözləyirdim ki, hansısa gün testim müsbət çıxacaq. Onlar rəqiblərini oyundan kənarlaşdırmaq üçün bu üsula əl atırdılar. Bizim cüdo komandasından Ramil Qasımovun testi aeroportda pozitiv çıxdı və  karantinə alındı. Halbuki Azərbaycanda biz iki dəfə test vermişdik və heç bir problemi yox idi. Ramil Qasımovla ünsiyyətdə olduğumuz üçün bizi də yüngül karantinə aldılar. Hətta cüdo komandamızı açılış mərasiminə buraxmadılar.

Bizə hər cür psixoloji təsir etməyə çalışırdılar. Şükülər olsun ki, komandamız qələbəyə köklənmişdi və problem yaşamadıq. Cənab Prezidentimiz, xalqımız bizim komandanı yüksək qiymətləndirdi. Hər birimiz Prezident tərəfindən orden və medallarla təltif olunduq. Mən də birinci dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olundum.

Bu mənim 5-ci paralimpiya oyunlarım idi. Afina və Pekində qızıl, Londonda bürünc medal qazanmışdım.

Çox adam deyə  bilər ki, bürünc və ya gümüş medal qazanmaq zəif nəticədir. Lakin paralimpiya oyunlarında hər hansı bir medal qələbə deməkdir. Paralimpiya oyunlarına hər bir ölkənin ən güclüsü gəlir, zəif rəqib olmur.

- Kariyeranızı necə davam etdirməyi düşünürsüz?

- Hazırda müalicədəyəm, zədələrim sağalandan sonra məşqlərə başlayacam. Məni gələn il dünya, Avropa çempionatı gözləyir. Sonra isə növbəti paralimpiya oyunlarına, Parisə hazırlaşacağıq, 3 il vaxt qalıb. Paris oyunlarında da Azərbaycanı layiqincə təmsil edəcəyik.

 - Prezidentlə görüşünüzün vaxtı müəyyən edilib?

- Hələki dəqiq bir məlumat yoxdur. Yəqin ki, yaxın vaxtlarda baş tutacaq.

- Sentyabrın 27-i Vətən müharibəsinin 1 ili tamam oldu. Bu günlə bağlı bir qazi olaraq təəssüratlarınızı necə ifadə edə bilərsiniz?

- Hər bir azərbaycanlı sentyabrın 27-si Şəhidlər Xiyabanını ziyarət etdi. Onların arasında mən də var idim. Hər kəs orada idi. Allah şəhidlərimizə rəhmət eləsin.

Torpqalarımızı azad etdik, böyük qələbə qazandıq, şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şaddır.

Tokioda da hər bir idmançı öz qələbəsini şəhidlərimizin ruhuna, qazilərimizə həsr etdi. Qələbəmiz 44 günlük müharibədən başladı və biz qalib ölkə idmançıları kimi paralimpiya oyunlarında çıxış etdik.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın