Rafael Ağayev: “Bizdən robort kimi qələbə gözləyirlər“

26, 08, 21
18:00

Rafael Ağayev: “Bizdən robort kimi qələbə gözləyirlər“


Tokio-2020 olimpiya oyunlarında idmançılarımız vətənə 7 medalla döndülər. Medallarımızın 3-ü gümüş, 4-ü isə bürüncdür.

Gümüş medal qazanan idmançılarımızdan biri də karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu olan Rafael Ağayevdir.

Rafael Ağayevin verdiyi müsahibəni təqdim edirik:

- Rafael bəy, olimpiyadadan hansı təəssüratlarla qayıtmısınız? Hissləriniz bizim üçün maraqlıdır….

- 36 yaşım var. İlk dəfə bu il olimpiadaya lisenziya aldım. Buna baxmayaraq, çox yaxşı nəticə oldu. Təəssüratlarım əladır. Uşaqlıqdan olimpiadalara ancaq ekran arxasından baxırdım. Allah nəsib etdi bu dəfə özüm olimpiadada iştirak etdim. Çox istəyərdim ki, qızıl medal qazanım, təəssüflər olsun ki, gümüş medalla kifayətlənib, 2-ci yerə çıxdım. Vətənə döndükdən sonra dostlar və qohumlarla görüşdük.

- Bu qalibiyyətinizi digərlərindən fərqləndirən nədir?

 - Mən Sumqayıtda doğulub boya-başa çatmışam. Karatedə ilk addılarımı Rafael Məmmədovun dəstəyi ilə atmışam. Bunları heç vaxt unutmaram. Hər bir medalın çətinliyi var. Bu səbəbdən mənim üçün istər dünya çempionatı, istərsə də Sumqayıt çempionatı hər ikisi əzizdir. Çünki hər bir yarış alın təri, göz yaşı, əziyyətdir.

Olimpiya medalım olmadığına görə bu medal mənim üçün daha özəl oldu. 30 ildir karatedəyəm və bu medalın həsrətində idim. Kolleksiyamda ancaq olimpiya medalı yox idi, onu da əlavə etdim.

- Bir az da gələcək planlarınız haqqında danışaq…

- Gələcəklə bağlı planlarım çoxdur. Tokiodan qayıtdıqdan dərhal sonra məşqlərə başlamışam. Növbəti illərdə ki, yarışlar haqqında düşünürəm. Qarşıda məni dünya çempionatı gözləyir.

Karatenin başqa bir növündən də təkliflər almışam. Bu yaxınlarda o təklifi dəyərləndirib, kariyeram haqqında müəyyən qərarlar verəcəm. İstəyirəm ki, gələn il Azərbaycanda öz məktəbimi qurum, məndən sonra gələn gənclərə karatenin sirlərini öyrədim. 

- Bəzi insanlar idman ölkəsi üçün olimpiya nəticəsinin zəif olduğunu deyir. Siz nə düşünürsünüz bu haqda?

- Xeyr, bu yox yerdən əla nəticədir. Ümumi götürsək 44 nəfər 7 medal qazandı. Medallardan 3-nü azərbaycanlı olaraq Hacı Əliyev, Rafiq Hüseynov və mən qazandım. Digər idmançılarımız da bizim bayraq altında çıxış edib və onlar da azərbaycanlı sayılır, ölkəmizə qalibiyyət qazandırıblar.
Mən deməzdim ki, zəif nəticə əldə etdik. Sadəcə olaraq pandemiya ilə bağlı yarışlardan kənar qalmaq, yorğunluq, əziyyət, travmalar, səhnə arxası baş verənlər, bunları heç kim başa düşmür. Bizdən robort kimi qələbə gözləyirlər. Sanki hər zaman qalib olmalıyıq. Lakin idman da həyat kimi sürprizlərlə doludur. İdman sahəsində hər saniyə tablo dəyişə bilər, çox çətindir. Şükürlər olsun ki, əlimizdən gələni etdik. Bu gün mən ikinci yerə çıxdım, amma sabah məğlub ola bilərəm və ya qızıl medal qazana bilərəm. Bu vəziyyətlərə biraz real baxmaq lazımdır.

- Sizə ayrılan vəsaiti necə dəyərləndirəcəksiniz?

- Vəsait hələki verilməyib. Möhtərəm Prezidentlə görüşümüz yaxın günlərdə baş tutacaq. Vəsaiti ancaq ağıllı işlər, ailəm və gələcəyim üçün xərcləməyi düşünürəm.

- Son olaraq mövzudan kənar bir sualımız olacaq sizə. Artıq bir müddətdir ki, narkotik aludəçiliyi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. Hətta gənclər və qadınlar arasında da yayılıb. Sağlam həyat yaşayan bir idmançı olaraq həmin insanlara nələr deyə bilərsiniz?

- Bu cür pis işlər kökündən kəsilsə çox yaxşı olar. İnsanın həyatda hər cür səhvi ola bilər. Lakin bu səhvlər çox böyük olmamalıdır. Arzu edərdim ki, gənclərimiz pis vərdişlərdən, pis işlərdən uzaq olsunlar. Çünki özlərini məhv edirlər. Demirik ki, hər biri idmanla məşğul olub çempion olsun. Sadəcə olaraq öz canlarına, ailələrinə və allaha xatir pis vərdişlərdən uzaq olsunlar. Allah hər birinə şəfa versin.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın