Jurnalistlərə qarşı aparılan təhqir və təhdid kampaniyasının pərdəarxası - Vasif Talıbov niyə susur?

Cəmiyyət / Manşet
 16-11-2022, 13:00     555


İran illərdir ki, Azərbaycan əleyhinə siyasət aparır, Ermənistanı dəstəkləyərək ona havadarlıq edir.

İranın bu siyasəti Azərbaycan xalqını ciddi narahat etsə də, nə vaxtsa düzələr ehtimalı ilə qonşu ölkədən narazılığımızı açıq şəkildə büruzə verməmişik. Bizim dost, qardaş hesab etdiyimiz dövlət Ermənistana qucaq açıb, onun yaşamasına “nəfəslik” olub, torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir əməli addım atmayıb, hətta erməni vandallarının Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrimizi, məscidlərimizi təhqir etməsinə belə göz yumub.

Torpaqlarımız işğaldan azad edildikdən sonra məscidlərimizin təhqir olunduğunu bütün dünyaya nümayiş etdirdik. Təəssüf ki, İranın yüksək səviyyəli dini liderləri bundan sonra da məscidlərin təhqir olunmasına öz münasibətini bildirmədi.

Ötən dövr ərzində İran Ermənistanla bütün sahələrdə əlaqələrini genişləndirib, onun düşdüyü çətin vəziyyətdən çıxa bilməsi üçün əlindən gələni əsirgəməyib. 44 günlük Vətən müharibəsinin ilk günlərində İranın tutduğu mövqeyi, onun vasitəsi ilə Ermənistana göstərilən köməyi Azərbaycan xalqı unutmayıb və heç vaxt da unutmayacaq.

Ancaq biz yenə də İranın bu siyasətini onun daxili işi kimi qiymətləndirdik, qonşu ölkə ilə münasibətlərin gərginləşdirilməsində maraqlı olmadıq. Ta ki bu ildən başlayaraq İran siyasi, ideoloji və digər istiqamətlərdə bizə açıq hücuma keçənə qədər. İranın Ermənistana verdiyi dəstəyi günbəgün artırması, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək güc nümayiş etdirməsi, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışması, ölkəmizdə təxribatlar törətmək məqsədilə casus şəbəkəsi yaratması xalqımızın səbr kasasını doldurdu.

Bir neçə aydır ki, dövlət rəsmiləri, millət vəkilləri, siyasətçilər, ictimaiyyət nümayəndələri İranın Azərbaycan əleyhinə apardığı kampaniyanı sərt tənqid edir. Azərbaycan Dövlət Televiziyasında İranın bu əməlləri ifşa edilib, silsilə tənqidi materiallar efirə verilib. İş o yerə gəlib çatıb ki, hətta Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Allahşükür Paşazadə də İranın Azərbaycan əleyhinə apardığı siyasətə dözə bilməyib, kəskin mövqeyini ortaya qoyub: “Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. 

Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.

Qonşu ölkədən narazılığımız dövlətimizin ən ali səviyyəsində də ifadə edilib. Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasını nəzərdə tutaraq deyib: “Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz…

Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır”.

Dövlətimizin başçısının bu çıxışı həm qonşu ölkənin özünü yığışdırması, həm də İranın Azərbaycan əleyhinə apardığı siyasətə ölkəmizin daxilində kəskin mövqe bildirilməsi üçün bir siqnal idi. Cəmiyyətimiz Prezidentin bu mesajını qəbul etdi, bundan sonra İranla bağlı daha kəskin mövqe ortaya qoyuldu. Amma dövlət başçısının bu mesajını anlamayan, yaxud anlamaq istəməyən adamlar da oldu.

Siyasi partiya liderləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, Milli Məclisin üzvləri də İranla bağlı öz mövqeyini bildirdi, İranla Azərbaycanın münasibətlərinin gərginləşməsinə səbəb olan qonşu ölkənin bəyanatları, əməlləri parlamentdə müzakirə olundu. Bu barədə hər kəs danışdı. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərindən başqa. Bilirsinizmi işçi qrupun rəhbəri kimdir? Bəlkə də əksəriyyət bilmir. Ona görə bilmir ki, qrup rəhbəri olan millət vəkilimiz indiyədək bu barədə bir kəlmə də danışmayıb. Parlamentin iclaslarına gəlib ki, danışsın?!

Deyək ki, parlamentin iclaslarında iştirak etməyi özünə rəva bilmir, heç olmasa tədbirlərdəki çıxışlarında bu barədə danışardı, yaxud ayrıca bir açıqlama verərdi. Oxucuları çox intizarda saxlamadan bildirək ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdur. Açığı mən ən azı Prezidentin çıxışından sonra onun mövqe ortaya qoyacağını göləyirdim.

Amma təəssüf ki, gözləntilər özünü doğrultmadı. Nəinki qrup rəhbərinin, hətta qrupun üzvləri olan digər naxçıvanlı deputatların – Eldar İbrahimovun, Cəbi Quliyevin, Ülviyyə Həmzəyevanın da İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti barədə açıqlamalarını görmədik. Və bu münasibət mediada və ictimaiyyət arasında Naxçıvan rəhbərliyi ilə bağlı yaranan sualların təsadüfi olmadığını göstərdi.

Onların bu mövzuda susqunluğu bir yana. Hətta uzun illərdir, İranla bağlı sərt mövqe ortaya qoyan, qonşu ölkəni ən çox tənqid edən milli ziyalılara, jurnalistlərə qarşı Naxçıvandan koordinasiya olunan şəxslərin hücuma keçməsi isə daha təhlükəli məqamlardan xəbər verir. Təkcə bir faktı qeyd edək.

Bu günlərdə jurnalist həmkarım Heydər Oğuza Naxçıvan trollarının hücumunun, jurnalistin İranla bağlı söylədiyi fikirlərinin təhrif edilərək təqdim edilməsinin əsas məqsədi İranı müdafiə etmək, ortaya çıxarılan gerçəkləri gizlətmək cəhdidir. Təkcə Heydər Oğuza deyil, şəxsimə qarşı da Naxçıvandan olduğu şübhə doğurmayan total hücumların, sosial şəbəkələrdə feyk profillər vasitəsilə heç bir əxlaqi normaya sığmayan təhqir və təhdidlər yağdırılmasının arxasında da bu məqam dayanır.

Çünki bu sətirlərin müəllifi də zaman-zaman İranla bağlı tənqidi fikirlər səsləndirib, Naxçıvanda bəzi şəxslərin İrana meyillənməsini müşahidə etdiyini və bundan narahat olduğunu bildirib. Hətta ötən il İranla bağlı yazdığım kəskin tənqidi yazılara görə o vaxt özümə yaxın hesab etdiyim adamlar vasitəsilə Naxçıvanın yumşaq formada desəm etirazı mənə çatdırılmışdı.

Bizim heç kimlə nə şəxsi qərəzimiz, nə də ədavətimiz var. Dövlətimizə və Vətənimizə haradansa təhdid hiss etdiyimiz zaman buna qarşı çıxmaq, mübarizə aparmaq bizim vətəndaşlıq borcumuzdur. Gördüyümüz neqativ halların işıqlandırılması isə peşəkar jurnalist fəaliyyətimizin nəticəsidir. Əgər səsləndirdiyimiz fikirlərin, tənqidlərin hansısa yanlışdırsa, buna cavab vermək, doğruları ictimaiyyətə çatdırmaq qarşı tərəfin, təkzib etmək isə bizim vəzifəmizdir.

Kiminsə peşəkar fəaliyyətinə, doğruları cəmiyyətə çatdırdığına görə sosial şəbəkələrdə feyk və gerçək profillər vasitəsilə ailəsinin təhqir edilməsi zəiflərin və naqislərin işidir. Jurnalistlərə qarşı bu qarayaxma, söyüş kampaniyasının aparılmasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təşkil edildiyinə inanmaq istəmirəm. Çünki uzun illər birgə çalışdığımız dövrdə Naxçıvanı tənqid edənlərin ailəsinin təhqir edilməsi ilə bağlı hansısa tapşırığın verildiyini xatırlamıram. Amma zaman və şərait insanları dəyişdirə bilər. Bu faktı da istisna etmirik.

Ümid edirik ki, Vasif Talıbov yaxın zamanlarda İranla bağlı yaranmış suallara aydınlıq gətirəcək, jurnalistləri ən əxlaqsız formada təhqir edən trolları tapıb cəzalandıracaqdır. Əks təqdirdə, bizim bu işin təkşilatçısı kimi ondan şübhələrimiz daha da artacaq və bundan sonrakı təbliğatımızı da bu istiqamətdə quracağıq. Yəqin ki, o zaman Vasif Talıbovun uzun illərdir, yaradılan dövlət xadimi, ədalətli, əxlaqi və mənəvi dəyərlərə xüsusi diqqət yetirən rəhbər imici xalqın gözündə çilik-çilik olacaqdır. 

Tural Səfərov 

AZƏRBAYCANREALLIĞI.COM