Muzdlu manqurtlar şəbəkəsi – İran onlardan təkcə məlumat istəmir, məlun aktlar da istəyir

15, 11, 22
14:00

Muzdlu manqurtlar şəbəkəsi – İran onlardan təkcə məlumat istəmir, məlun aktlar da istəyir


Dövlət Təhlükəsizliyi Xidmətinin üzü görünməyən, amma izi görünən əməkdaşlarının keçirdikləri əməliyyat sayəsində İranın casus şəbəkəsinin hücrələrindən birini təşkil edənlərin ifşası ölkə gündəmində bomba effekti yaratmadı, ajiotaj doğurmadı, ancaq ölkəsini sevən hər kəsdə məmnunuluq yaratdı.

Bu, ona görə gözlənilməz olmadı ki, artıq İrana işləyənlərin qrup-qrup ifşa olunması yeni hal deyil, 20-25 il öncədən bəri İran casusları vaxtaşırı cələklənir.

Yeganə fərq odur ki, bir il öncəyə qədər ifşa olunub tutulan casusların konkret hansı ölkəyə işlədiklərinin üzərinə xüsusi vurğu salınmırdı, amma indi salınır. O vaxt “xarici ölkələrdən birinə casusluq edənlər” adı altında yaxalananların hansı ölkəyə bağlı olduqlarını hamı bilirdi, amma ölkədə çox adam hesab edirdi ki, İranla münasibətləri korlamamaq, açılışmamaq naminə belə lazımdır. Həm də elə qələmə verilirdi ki, bu casus şəbəkəsini formalaşdıran, maliyyələşdirən qurum İranda “dövlət içində dövlət” olan məxfi strukturlardan biridir və ali dini lider öz doğma xalqının milli dövlətinə qarşı belə işlərə qoymaz.
2798233.jpg (260 KB)
                              İrana casusluqda ittiham edilənlər

Fəqət artıq ara da açılıb, kartlar da, hamı açıq oynayır. Ona görə də Azərbaycanın dövlət qurumları da ölkəmizdə aranı qarışdırmaq istəyən qonşu və uzaq dövlətlərə barmağını cürətlə tuşlayır, ad çəkir, ittiham edir.

Ortada İrana qarşı bu qədər açıq və ağır ittihamlar var: casus şəbəkəsi saxlamaq, sərhəddə təxtibat törətmək, Azərbaycan ərazisinə külli miqdarda, tonlarla narkotik maddə keçirilməsinə göz yummaq, ölkəmizin şiə-müsəlman xalqına düşmən kəsilmiş qan düşməninə hər cür dəstək vermək və s. İran rəsmiləri bu iddiaların heç birinə cavab vermir, amma əks-ittihamlarla (“Azərbaycanın İsraillə yaxşı münasibəti var”, “Bakı Zəngəzur dəhlizinin açılmasını tələb edir, Ermənistanın ərazi bütövlüyünü pozmaq istəyir” və s.) çıxış edir.

Əslində qonşuluqda, dostluqda belə münasibətə heç cür təhəmmül etmək mümkün deyil. Ancaq casus qruplarının ard-arda ifşa olunması və həbs edilməsi əndazəni aşan hərəkətlərdir, açıq düşmənçilik deməkdir.
images.jpg (6 KB)
Özü də İranın ölkəmizdə saxladığı casus şəbəkəsi ilə Rusiyanın ABŞ-da, ABŞ-ın Rusiyada və ya böyük dövlətlərin bir-birində formalaşdırdığı agentlər kontingentindən çox fərqlənir. Onların əsas məqsədi “düşmənin plan və qabaqcıl texnologiyalarından xəbər tutmaq”dırsa, İranın dərdi başqadır. İran öz casuslarını ölkədə söz sahibinə, nüfuz dairəsi geniş olan sanballı şəxslərə çevirmək, onların ətrafında böyük tərəfdarlar, təəssübkeşlər ordusu formalaşdırmaq, zamanı gələndə fərmandehin bir əmri ilə ortalığı qarışdırmaq və islam inqilabı etməyi düşünür.

Bu, lap çoxdan bu məsələ ilə maraqlanan heç kəsə sirr deyil. Vaxtilə Təhsil Nazirliyinin qarşısında sırf bəhanə xarakteri daşıyan “hicab məsələsi”nə görə İran təəssübkeşləri öz baş repetisiyalarına çıxdılar, güclərini sınadılar və məlum oldu ki, hələ inqilab edəsi gücdə deyillər. Daha bir dəfə onlar 3 il qabaq Gəncədə yenidən öz güclərini ölçdülər, bu dəfə də fiaskoya uğradılar. Hər iki halda fəal İran casuslarının sırası bir qədər seyrəldi: tutulanlar, İrana qaçanlar, bu təhlükəli oyunun axırından qorxub yumşalanlar oldu. Ancaq İran onların yerini tezliklə doldurdu.

Bununla yanaşı, İran kəşfiyyatçıları ölkəmizdəki əlaltılarından məxfi informasiya toplamaq üçün də istifadə ediblər. Belə baxanda bu informasiyalar, məsələn, qoşunlarımızın Füzulidə necə yerləşməsinə dair məlumatlar İranın özünə lazım deyildi, çünki əsgərlərimizin üzü İrana yox, Ermənistana doğruydu. Bu da o anlama gəlir ki, İran öz “şiə qardaşı”ndan informasiya toplayaraq “kafir ermənilər”ə ötürmək xətti götürübmüş və dolayısı ilə bu dövlətin kəşfiyyatçılarının, eləcə də pz muzdlu manqurtlarımızın əli döyüşlərdə həlak olmuş əsgərlərimizin qanına batıb.

İranın məkrli planlarının bu cür faş olmasından, casuslarının ifşa edilməsindən sonra hələ də kimlərsə İrana kor-koranə rəğbət bəsləyirsə, demək, ya sağalmaz əqli xəstəliyə düçar olub, ya da satqındır, öz millətinin düşmənidir. Sadəlövhlük və təbliğata uymaq da bir yerə qədər. Hər şey göz önündəykən çılpaq həqiqəti görməmək mümkün deyil. Yox, bunu görə-görə, hər şeyi bilə-bilə yenə Tehrandakı kəşfiyyatçılara, Qumdakı ayətüllahlara biət edir, “ağam-ağam” deyirlərsə və onların konkret tapşırıqlarını icra edirlərsə, bu cinayətdir və CM-də ağır maddəsi də var: “Vətənə xəyanət”.
4.png (1.07 MB)
Başqa nə olsun? Bu dövlət 30 il erməni işğalına dəstək verdi, görməzliyə vurduq, müharibə vaxtı Xudafərin nahiyəsində düşməni təqib edən Azərbaycan əsgərinin qarşısını kəsməyə çalışdı, “pozuluşmağın vaxtı deyil” dedik, indi də dindar Naxçıvan camaatı üçün kəsə yol, nəfəslik demək olan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq istəyir, müstəqil Azərbaycanın mövcudluğu ilə barışa bilmir. Ortada bu qədər düşmənçilik varkən, kimlərsə əlinə aftaha götürüb, fərmandehlərin əl-üzünü yumaq istəyirsə, demək, bunu ya hakimiyyətə gətirilmək vədi aldığı üçün edir, ya da pula satılıb, muzdlu manqurta çevrilib.

Ona görə də xalqımıza düşmən kəsilmiş bütün casuslar son nəfərinə qədər ifşa olunmalıdır. O casusları saxlayan dairələrin əlinə oynayan, onlara rəğbət bəsləyən hər kəs cəzalandırılmalıdır. Elə bir mühit yaradılmalıdır ki, hər kəs bu adda, nəm-nişanda dövlətin əlində maşa, kəlbətin, meqafon, süpürgə olmağa cürət etməsin.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın