Paşinyan yenə də Annanı İRƏLİ VERDİ - NƏ DEMƏK İSTƏYİRDİ?

05, 10, 22
10:00

Paşinyan yenə də Annanı İRƏLİ VERDİ - NƏ DEMƏK İSTƏYİRDİ?


Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın baş redaktoru olduğu "Haykakan Jamanak" qəzetində rəsmi Bakının Ermənistandan tələbləri ilə bağlı yazı dərc olunub. Yazıda əks olunan bəndlərə diqqət yetirdikdə indiyə qədər Azərbaycanın gündəmə gətirdiyi və rəsmilərin tələb etdiyi məqamları görünür. Bəndlər bundan ibarətdir: - İrəvan "Qarabağ ordusu"nu buraxmalı, "Dağlıq Qarabağ" muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanınmalı, Ermənistan ərazisindən Naxçıvan istiqamətinə dəhliz açılmalıdır.

Həmçinin, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir. Eyni zamanda 1919-1920-ci illərin xəritələrinə əsasən, sərhədin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir. Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞ PA-da təmsil edən Naira Zöhrabyan da demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumatı paylaşıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib: "Erməni vaxtı”nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan delimitasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə təsəvvür edir. Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”.

Qeyd edək ki, Azərbaycan artıq bir müddətdir ki, Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beş prinsip təqdim edib. İrəvan da sözdə danışıqların əsasını təşkil edəcək bu prinsipləri qəbul etdiyini açıqlayıb.

"Azərbaycan Reallığı" məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, informasiyanın Paşinyanın ailə qəzetində dərc edilməsi onun həqiqliyi ehtimalını gücləndirir. Çünki “etibarlı mənbə” dedikləri elə erməni baş nazirin özüdür:

"Eyni zamanda rəsmi Bakı bu tələblərini müxtəlif səviyyələrdə dilə gətirib. Hərçənd, Nikolun bunu media üzərindən ictimailəşdirməsi səbəbsiz deyil. Birbaşa özü açıqlasa, “Paşinyan bu sənədə imza atacaq” ittihamları ilə üzləşəcək. “Etibarlı mənbə” adı ilə icimaiyyətləşdirməklə erməni cəmiyyətinin reaksiyasını yoxlayır. Çətin şərtlər altında mübarizə apardığı, “Ermənistanın maraqlarını” qorumağa çalışdığı rəyini yaratmaq istəyir. Diqqət çəkən əsas məqam Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur. Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün ya bu tələblər yerinə yetirilməli, ya kompramis tapılmalı, ya da Bakı bunlardan əl çəkməyə məcbur edilməlidir. Hazırda Bakını tələblərindən əl çəkməyə məcbur etməyə çalışırlar. Azərbaycana qarşı müxtəlif cəbhələrdə müxtəlif formalarda aparılan kampaniyaların hədəfi budur".

Siyasi şərhçi Turan Rzayev də "Şərq"ə deyib ki, rəsmi Bakı qeyd edilən tələbləri müxtəlif vaxtlarda dilə gətirib. Analitik bildirib ki, birinci və üçüncü tələblər 10 noyabr bəyanatında öz əksini tapıb:

"Qəzetdə vurğulanan 2, 4 və 5-ci tələblər isə müxtəlif vaxtlarda Prezident İlham Əliyev tərəfindən dilə gətirilib. 1919-1920-ci illərin xəritələri 1920-ci ilin 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb. Lakin bu gün sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil. Əvvəla ona görə ki, sərhədlər bu xəritələr əsasında təyin ediləcəksə, o zaman Zəngəzur dəhlizinə nə ehtiyac var? Mümkündür ki, rəsmi İrəvan bu bəndlə əslində Bakıya qarşı Qərbin təzyiqini artırmaq, eyni zamanda danışıqlar prosesini öz xeyrinə dəyişmək istəyir. Yəni qeyd edilən 4 bənd real olsa da, sərhədlərin 1919-1920-ci illərin xəritələri əsasında təyin edilməsi real deyil". 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın