Vüqar Behbudov kimə belə güvənir - İLGİNC İDDİALAR

04, 10, 22
10:00

Vüqar Behbudov kimə belə güvənir - İLGİNC İDDİALAR


Sosial Xidmətlər Agentliyinin Qarabağ qazilərinə xidmətdən imtina etməsi özbaşınalığına heç kim hüquqi qiymət verilməsini təmin etmir, ya da etmək istəmir. Özbaşınalıq o həddə çatıb ki, qazilərin sanatoriya-kurort müalicəsinin təşkil edilməsindən də imtina edilir. İmtinanın əsası kimi Nazirlər Kabinetinin 12.08.2002 tarixli qərarı ilə əlilliyə görə pensiya alan hərbi qulluqçuların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsinin ƏƏSMN -in səlahiyyətləri xaricində olması göstərilir. Bəs kimin səlahiyyətləri daxilindədir? Buna isə aydınlıq gətirilmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. 

Məqalədə daha sonra deyilir: "Sosial Xidmətlər Agentliyinin açıq-aşkar qanuna, Konstitusiyaya hörmətsizliyi üzə çıxır. Məsələ bundadır ki, NK qərarı Prezident fərmanından, fərman isə qanundan üstün ola bilməz. Prezidentin 30.06.2020 tarixli “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 1077 saylı fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.11 və 3.1.12 maddələrində əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbirlər görmək; vətəndaşların sanatoriya – kurort putyovkaları ilə təmin olunmasını TƏŞKİL ETMƏK Sosial Xidmətlər Agentliyinin vəzifələrinə aid edilib. 

Agentlik isə Prezidentin fərmanını saymır. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə görə, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyatı üzrə göndərməli və bu barədə müraciət edənə məlumat verməlidir . Sosial Xidmətlər Agentliyinin qanuna hörmətsizliyi ilə Konstitusiyaya, Konstitusiyanın qarantı olan Prezidentə də sayğısızlığı üzə çıxır.

Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 

ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi isə dövlətin adından çıxarılan məhkəmə qərarını 7-ci ildir icra etməkdən qərəzlə imtina edir. Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli , 2-1 (81)-1095/16 saylı qərarı ilə 1-ci dərəcəli Qarabağ qazisinin iki əlil elmi işçisi olan dörd ayrı ailədən ibarət on nəfərlik ailəsi yeddinci ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına nail olub mənzillə təmin oluna bilmir.

Nə Ombudsman qanunla üzərinə qoyulan məhkəmə qərarlarının VAXTINDA icra olunmamasına görə pozulmuş insan hüquqlarını bərpa edir, nə məhkəmə İnzibati Prosessual Məcəllənin 216-220 maddələrinin tələblərinə uyğun olaraq borclu inzibati orqana icranın məcbur edilməsi üçün sanksiyalar tətbiq edir; Bakı İnzibati Məhkəməsi heç tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin ərizələrinə belə qeyri-prosessuallıqla baxmır. 

Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin özbaşınalığa özbaşınalıqla qiymət vermə(mə)si də barəsində şikayət edilən qurumla qeyri-prosessual münasibətə girməsindən qaynaqlanır. Təsəvvür edin, tələbkarın borclu Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin rüşvətlə gizlin bölünməsindən 161-ə şikayətinə Ombudsmanın işə qarışmasının sonucu olaraq 2 ildən sonra (?) 09.09.2021-ci ildə izahatı alınmaqla “baxılıb” və 13 aydır özünü Rəşad Məmmədov kimi təqdim edən prokurorluq əməkdaşının nə özü tapılır, nə də qərarı.

Belə bəlli olur ki,  korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı rüşvətlə cinayəti ört- basdır edir. Ədliyyə Nazirliyinin icra məmurlarından heç danışmaq mümkün olmur, rüşvətlə tələbkarı borclu çıxarıb, həbslə tələbindən imtina etdirirlər. Qalır dövlətin birinci şəxslərinin  

Dövlət adından qarantiyası. 

2022-ci ilin 10 iyununda 1-ci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənovun qəbulunda olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin şikayəti Ədliyyə Nazirliyinə və ƏƏSMN -ə göndərilib . Bu günlərdə - 4 aydan sonra (?) Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov hətta şərəfinə sığışdırıb cavabı imzalamaqdan da imtina edib, müavini Zaur İbrahimov bir sicilləmə cavabla 1-ci vitse-prezidentə hörmətsizliyini elə ortaya qoyub ki, dövlətə də, onun başçılarına da Konstitusiyaya da inam ölüb. (ƏƏSMN RƏHBƏRLİYİNƏ XATIRLADIRIQ ki, ALİ DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDAN DAXİL OLAN MÜRACİƏTLƏRƏ CAVABI qanunun tələbinə görə QURUMUN BAŞÇISI İMZALAMALIDIR). 

Təsəvvür edin, Sosial Xidmətlər Agentliyi 2016-cı il tarixli məhkəmə qərarının 7 il qabaq (?) icra olunduğunu bildirib, Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiyanın isə Bakı İnzibati. Məhkəməsinin qərardadı ilə mümkün olmadığını vurğulayıb. Buna da şükür, 7 il qabaq müalicə olunmağı əsas tutmayıb. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin xidmətdən imtinasının məhkəmə bazarlığına son qoyan olacaqmı? 

Ümumiyyətlə, xidmətdən imtina edən, qaziləri intihara sürükləyən Sosial Xidmətlər Agentliyinə ehtiyac varmı? Ondansa, “sosial intiharlar xidməti” daha məqsədəuyğun olardı". 

Qarşı tərəfi də dinləməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın