DÖYÜŞÇÜ ŞƏRƏFİ - VAHİD COŞQUN YAZIR...

24, 09, 22
09:00

DÖYÜŞÇÜ ŞƏRƏFİ - VAHİD COŞQUN YAZIR...


2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin sərhəd təxribatı ilə başlayan II Qarabağ savaşı Azərbaycan xalqını bir nəfər kimi səfərbər etdi. 30 il sürən işğal, qaçqınlıq, milli-mədəni irsimizə təcavüz, ata-baba yurdlarımızın dağıdılması, atəşkəs dövründə onlarla hərbçimizin şəhid olması xalqımızın səbrini daşdırmış, ölkənin hər qarışı “ya Qarabağ ya ölüm” havası qoxuyurdu. Nəhayət, 2020-ci ilin iyulunda başlayan Tovuz döyüşləri 30 ildir közərən qəzəb tonqalını alışdırdı. Azərbaycanın yüksək rütbəli hərbçiləri general Polad Həşimov və polkovnik İlqar Mirzəyev cəbhədə, düşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid oldular. Bu hadisə o taylı-bu taylı Azərbaycanı yerindən oynatdı, xalqımızı “qana-qan” ruhuna köklədi və yeddidən yetmiş yeddiyə hərkəsi ayağa qaldırdı.

Vaxt yetişmişdi.

Ali Baş Komandan İlham Əliyev döyüş əmrini verəndə artıq yüzlərlə Azərbaycan gənci hərbi komissarlıqların qarşısına toplaşır, cəbhəyə könüllü yollanmaq üçün ərizə verirdilər. Düşmənə nifrətini silaha çevirən həmin cəsur gənclərdən biri də Elməddin Fərmanov idi. Könüllü olaraq cəbhəyə yollanan Elməddin II Qarabağ savaşında düşməndən qisas alaraq, sağ qalmağı bacaran fədakar döyüşçülərimizdəndir. Bir insan kimi xeyirxah və barışsevər olsa da, döyüşçü kimi qorxusuz və amansızdır. Məhz bu keyfiyyətləri uşaqlıqdan onun xarakterini formalaşdırıb.

Döyüşçünün həyat yoluna qısaca nəzər salaq:

Fərmanov Elməddin Namiq oğlu 2 noyabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. Daha sonra 14 saylı Texniki - Peşə Liseyində təhsilini davam etdirən Elməddin 2014-cü ildə hərbi xidmətə çağırılır. Əsgəri xidmətini nümunəvi davranışla başa vuran gənc, 2016-cı ildə Bakıda gəmi təmiri zavodunda fəhlə kimi çalışmağa başlayır. Elməddin həm əsgərlikdə, həm də işlədiyi kollektivdə səmimi, çalışqan obrazı və nümunəvi davranışı ilə hörmət qazanır. Ancaq gənc ömrün əsas missiyası - vətən torpaqları uğrunda müqəddəs savaşın əsgəri olmaq şərəfi hələ qarşıda idi.

Elməddin Fərmanov

Nəhayət, 2020-ci ilin sentyabrıda II Qarabağ savaşı başlayanda Elməddin könüllü olaraq cəbhəyə yollanır. Gənc topçu Azərbaycanın 44 günlük haqq savaşında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, böyük zəfərin qazanılmasına öz imzasını qoyur. İgid döyüşçü Elməddin Namiq oğlu Fərmanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Bundan başqa Cəbrayıl və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün fəxri fərmanla, həmçinin peşə fəaliyyəti ilə bağlı  Həmkarlar Konfederasiyası tərəfindən əmək, təhsil və ictimai fəaliyyətdə nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri fərmanları ilə təltif olunmuşdur. İgid topçu hazırda  paytaxtın gəmi təmiri zavodlarından birində fəhlə kimi çalışır. Vətənə hər hansı xarici təhdid, hücum olarsa, yenidən silaha sarılmağa hazır olduğunu söyləyən Elməddinin fikrincə, döyüşçü şərəfi hər adama qismət olmur: “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq - əgər uğrunda ölən varsa vətəndir!” – deyir qazimiz. 

Elməddin Fərmanov

“Haqq verilməz, alınar! Necə ki biz ermənidən 30 illik haqqımızı 44 gündə aldıq. Cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində doğma torpaqlarımızı düşmən əsarətindən xilas etdik. Bu, bizim müqəddəs görəvimiz idi” – deyə müharibə veteranı Elməddin Fərmanov inamla qeyd edir. Həqiqətən vətən torpağı Elməddin kimi igidlərin fədakarlığı sayəsində bütövləşir, bütünləşir, tamlaşır. Canı, qanı bahasına ana torpağı qorumaq, qədim və əzəli instinktdir. Kişilik məktəbi, ərənlik şərəfi, döyuşçü missiyasıdır. Qəhrəman tatar şairi Musa Cəlil yaxşı deyir: Dəmir işlədikcə, par-par parıldar, Palçıq ocaq üstə bişir daşlaşır, Kimin ki qəlbində vətən eşqi var, Vətən torpağında vətəndaşlaşır. 

Şair, publisist: VAHİD COŞQUN 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın