Azərbaycanda kompromat savaşı: “Kölgə”dəki adam kimdir?

18, 09, 22
16:00

Azərbaycanda kompromat savaşı: “Kölgə”dəki adam kimdir?


Çoxillik karyerası dövründə siyasi intriqaların mahir ustası kimi tanınan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hakimiyyət komandasından uzaqlaşdırılması qızğın müzakirələrlə müşayiət olundu.

“Boz kardinal”ın “kölgə”də uzun müddət qala bilməyəcəyi və siyasi proseslərə yenidən nüfuz edəcəyinə dair ehtimallar səslənsə də, qocaman akademikin neçə vaxtdan bəri sükuta qərq olması birmənalı qarşılanmadı. Hələ AMEA prezidenti olarkən əleyhdarlarını əlindəki kompromatlarla hədələyən sabiq məmurun “sehrli çubuğ”unu yenidən hərəkəta gətirəcəyi isə gözlənilən idi. Müşahidəçilər ölkədə son vaxtlar baş verən proseslərdə R. Mehdiyevin iştirakını istisna etmirlər.

Yenisabah.az xatırladır ki, kompromat savaşı son bir neçə ayda açıq müstəviyə keçib. Dövlət Gömrük Komitəsinin (DGK) sabiq sədri Səfər Mehdiyevin yol polisi ilə qarşıdurmasını əks etdirən məlum videosunun bir neçə il sonra üzə çıxmasının, eləcə də deputat Məşhur Məmmədova aid qarşıdurma videosunun yayılmasının, habelə FHN-dəki intim görüntülərin ictimailəşdirilməsinin ardınca şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova aid olan müəmmalı üzr videosunun da peyda olması ölkədə kompromat savaşının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
İctimaiyyət tərəfindən həvəslə müzakirə olunan bu videoların müəlliflik hüququnun kimlərə aid olduğunun müəmma olaraq qalması şübhələri daha da artırıb. Sözügedən videolar konkret şəxslərin sıradan çıxarılmasına hesablansa da, bununla paralel olaraq, ölkədə sağlam, mənəvi mühiti zədələdiyi də aydındır. Aradan xeyli müddət keçməsinə baxmayaraq, bu videoların üzərindəki sirr pərdəsinin qaldırılmaması onların professional bir qrupun “əl işi” olduğuna şübhə yeri qoymur.

Qeyd edək ki, sözügedən görüntülərin hansı məqsədlə yayıldığına dair müxtəlif versiyalar mövcuddur.


Ehtimal etmək olar ki, Azərbaycanda bu cür “zəngin arxiv” ancaq Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevdə ola bilər. Belə ki, kifayət qədər rıçaqlara sahib olan Mehdiyev “kölgədən” çıxmağa və əleyhdarları ilə haqq-hesab çürütməyə çalışa bilər. Qocaman akademikin bu kimi məsələlərdə “usta” olduğu heç kimə sirr deyil. Lakin son hadisələrin arxasında kim dayanır, Mehdiyev məktəbinin bu peşəkar yetirməsi kimdir, yoxsa, bu tamamilə başqa “məktəbin” məzunudur, bunlar, hüquq-mühafizə orqanlarındakı araşdırmalardan sonra bəlli olacaq. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın