Qarabağda antiterror əməliyyatı bu gün də davam edəcək? - Mühüm açıqlama

04, 08, 22
12:00

Qarabağda antiterror əməliyyatı bu gün də davam edəcək? - Mühüm açıqlama


Ötən gün Azərbaycan Ordusunun Laçın istiqamətində şəhid verməsindən sonra silahlı qüvvələrimiz günorta saatlarından etibarən ərazidəki qanunsuz erməni silahlı birləşmələri üzərində “Qisas” antiterror əməliyyatlarına başladı.

Belə ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində 2832 m yüksəkliyindəki Qırxqız yüksəkliyi ilə yanaşı, 2295.8 m yüksəkliyindəki Sarıbaba yüksəkliyi nəzarət altına götürüldü. 

Hazırda cəmiyyəti ən çox bu sual düşündürür: Antiterror əməliyyatları bu gün də davam edə bilərmi? Yoxsa, ordumuz qarşıya qoyulan məqsədə çatdı?

Ehtiyatda olan mayor Ədalət Verdiyev deyib ki, əməliyyatların davam etdirilib-etdirilməməsi bizdən yox, erməni tərəfinin davranışından asılı olacaq:

“Əgər onlara daha əvvəl verilən ultimatumlar, xüsusilə də Azərbaycan ərazilərindən qanunsuz erməni silahlılarının çıxarılması ilə bağlı rəsmi bakının irəli sürdüyü tələblər yerinə yetirilərsə, mümkündür ki, biz əməliyyatları dayandıraq. Çünki Azərbaycan müharibə tərəfdarı deyil. Biz müharibə tərəfdarı olsaydıq, 2020-ci ildə dayanmazdıq. Hansı ki, o vaxt Ermənistan təslim oldu, bəzi öhdəlikləri üzərinə götürdü və biz dayandıq. Ancaq sonrakı proseslər göstərdi ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə prosesləri uzatmağa cəhd edir və bu da bəs deyilmiş kimi, Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açılır. Belə olan halda təbii ki, Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qaldı. Çünki belə hərəkətlərin cəzasız qalacağı da ehtimal olunmurdu”.

Ekspertin sözlərinə görə, əməliyyatların nəticəsində Azərbaycan həm Laçın dəhlizinə geniş nəzarət imkanları əldə etdi, həm də gələcəkdə Xankəndi istiqamətində antiterror əməliyyatını daha effektiv şəkildə əldə etmək üçün mühüm yüksəkliklərə yiyələndi:

“Odur ki, prosesin davamı erməni silahlılarının ərazidən çıxarılmasına bağlı olacaq. Çıxarılarsa, Azərbaycan tərəfi dayana, çıxarılmazsa, proseslər davam edə bilər. Bu qədər sadə”.

“Erməni silahlılarının bölgədən çıxarılması prosesi sizcə, hansı müddət ərzində reallaşa bilər?” sualına isə müsahibimiz belə cavab verib:
“Mənə elə gəlir ki, bu proses artıq başlanıb. Çünki Ermənistan tərəfi də təsdiqləyir ki, Ermənistandan olan bəzi silahlılar artıq ərazidən çıxarılmağa başlanıb, lakin bunu yerli Qarabağ ermənilərinə aid etmək hələ ki mümkün deyil. Çünki bu barədə nə rəsmi, nə də qeyri-rəsmi görüntü və yaxud etibarlı xəbər hələ də mövcud deyil”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın