Qəzəb Hikkə Təşkilatı (QHT) Agentliyində Aygün Əliyeva müəmması: FETO izi var?

06, 07, 22
15:00

Qəzəb Hikkə Təşkilatı (QHT) Agentliyində Aygün Əliyeva müəmması: FETO izi var?


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələrini elan edib. Qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

İlk gündən müəmma və narazılıq

Qalib QHT-lər arasında deputat Ziyad Səmədzadədən tutmuş ATV-də məişət tipli verilişi aparan Lalə Azərtaşın sahibləri olduğu təşkilatların da adları var. Maraqlı burasıdır ki, yeni layihə verən bir çox peşəkar təşkilatlara bu dəfə şans tanınmayıb.

Əslində bu müsabiqənin təməlində müəmma var idi. Aprelin 7-dən müsabiqədə iştirak üçün sənəd qəbulu başlayıb. Elanda müsabiqənin 4 mərhələdə keçiriləcəyi bildirilirdi. Sənəd qəbulu 7-27 aprel, layihələrin ekspertizası 28 aprel-20 may, nəticələrin elan olunması 25 may, qalib təşkilatlarla qrant müqaviləsinin imzalanması 10 iyunadək yekunlaşmalı idi. Göründüyü kimi, müsabiqənin qaydalarına elə bu başdan əməl olunmayıb. Nəticələr vəd edildiyindən 33 gün sonra – 28 iyunda elan olunub.

Belə yubanma ilə qalib elan olunan nəticələr, daha doğrusu layihə istiqamətləri və onları icra etməli olan şəxslər xeyli suallar yaradır. Bu suallara və müəmmalara keçməzdən öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə bağlı bəzi məqamlara toxunaq.

Aygün Əliyeva: qaranlıq məqamlar, gizli güc

Prezident qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə ötən ilin aprelində QHT Dövlət Dətsəyi Şurası əsasında yaradılan Agentliyə noyabr ayında Aygün Əliyeva rəhbər seçilib. Aygün Əliyeva 1988-ci il iyulun 29-da Bakıda doğulub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasında baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci ildən TƏBİB-də İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

Mətbuat üzərindən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, Aygün Əliyevanın adı bir çox qalmaqallarda hallanır:”Aygün Əliyevanın ən gənc xanım olaraq icra başçısının müavini təyin edilməsi gündəmi bir xeyli məşğul etmişdi. Bu addım Xaləddin İsgəndərovun Aygün Əliyevaya böyük etimadı idi. Fazil Məmmədov işdən azad olunduqdan sonra, bunu eşidən Aygün Əliyeva bir çox yerlərə müraciət edərək özünə yeni iş yeri axtarmağa başlayıb. Bunu eşidən Xaləddin İsgəndərov bərk qəzəblənib və icra başçısı Aygün Əliyevanın Binəqədi Rayon İcra Hakimiyyəti üçün aldığı güllərdə maxinasiya edərək 5 000 manat mənimsədiyini və buna görə, cavab verməli olacağını bildirib”. Mediada yeralan digər bir iddiaya görə, müavin işlədiyi dpnəmdə Binəqədi rayonunun “Zeytunluq” deyilən ərazisində Aygün Əliyeva üçün torpaq ayırılıb və ona orada icra hakimiyyətinin hesabına villa tikilib. Bu iddiaların nə qədər həqiqi olduğunu deyə bilmərik, amma A.Əliyevanın möcüzəvi qaydada vəzifəsiz qalmaması hansısa gücün NURundan xəbər verir. Sanki, dövlətin içində FETO kimi bir sistem bu xanımı himayə edib.

Aygün Əliyeva ilə Ziyad Səmədzadənin tədqiqat məntiqi

QHT camiəsinə rəhbər gəlişində böyük vədlər verən Aygün Əliyevanın Şuşa ili ilə bağlı elan etdiyi qaliblərin siyahısı çox maraqlıdır. Onlardan bəzilərini cumhuriyyet.az olaraq incələmək qərarına gəldik.

Parlamentin qocaman üzvü Ziyad Səmədzadə sinəsini qabağa verərək Şuşada silsilə tədbirlər keçirmək, daha doğrusu, tədqiqatlar aparmaq niyyətindədir. O, “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” adlı layihə ilə tədqiqat aparacaq. Adı MTN olaylarında belə hallanan 82 yaşlı deputat Ziyad Səmədzadənin “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” mövzusunda təqdim etdiyi layihənin qaliblər arasında olması ciddi və açığı xeyli dərəcədə də əsaslı suallar yaradır. Deputat Səmədzadənin nə statusu, nə yaşı və fiziki imkanları, nə də şəxsi maddi vəziyyəti dövlətin Şuşa üçün ayırdığı 29 min 620 manata göz dikməyə imkan verir. Şuşanın kəndlərinin çoxu hələ də işğal altındadır, yəni oralara nəinki vətəndaşları, heç şuşalıları belə buraxmırlarsa qocaman akademik insan yaşamayan yerdə demoqrafik tədqiqatı hansı üsulla aparılacaq, sosial-iqtisadi vəziyyət necə öyrəniləcək?

Görünür Aygün Əliyeva bu sualın cavabını bilir… Amma hörmətli Aygün xanıma bir məqamı xatırladaq ki, Şuşanın iqtisadi inkişafı birbaşa Prezidentin nəzarətindədir, bu işə sizin dediyiniz “xaric”dən üzü belə yekə-yekə mütəxəssislər cəlb olunub, ölkənin az qala gücü bura yönəldilib! Prezident Şuşanı qarış-qarış gəzir, bir kub santimetrində belə yad cismin qalmasına imkan vermir! Demoqrafiyasını da incəliklərinə qədər ölçüb – nə qədər adam yaşayacaq, necə olacaq, necə böyüyəcək… Siz hansı vəziyyəti tədqiq edib, nə perspektivdən danışa bilərsiniz?

Daha kimlərə nə üçün və nə qədər verilib?

Siyahıda adı diqqət çəkən keçmiş maliyyə naziri Fikrət Yusifov özünü çox uğurlu şəkildə QHT sektorunda sınayır. “Şuşa ili”nə töhfəsi ABŞ-da və Avstriyada silsilə tədbirlərin keçirilməsi olacaq, alınsa… Sizə zarafat gəlməsin, 33 min manatla (20 min dollara yaxın) xaricdə, uzaq Amerikada, okeanın o tayında, həm də Avropada silsilə tədbirlər keçirmək asan deyil. Ancaq keçmiş baş maliyyəçi hər şeyi hesablamış olar…

Bəyimxanım Verdiyavanın təşkilatına “Xaricdə “Şuşa İli” çərçivəsində “Qarabağ Azərbaycandır” konsertinin təşkili” üçün 30.150 manat ayırılıb. Hansı “xaricdə”? Kimi aparacaqlar o konsertə? “Xaric”də təşkil edilən o konsertə “xaric”i qonaq olaraq kimlər dəvət ediləcək? Bakıdan o məchul “xaric”ə 10 sənətçi getsə, gedib-qayıtmaq üçün bilet, qalmaq üçün otel pulu və s. nə qədər edir? 30 minə hansısa bir QHT nə gündə konsert keçirəcək? Xaricdə “Qarabağ Azərbaycandır” konsertini Diaspor Komitəsi keçirə bilər – xaricdə yaşayan soydaşlarımızın ciddi dəstəyi ilə; yaxud Heydər Əliyev Fondu keçirə bilər… 30 minə hansı xaricdə və hansı səviyyədə bir konsert keçiriləcək? O konsertin Şuşanın təbliğində rolu nə boyda olacaq?

Həsənov Seymurun rəhbərlik etdiyi “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyinin “Şuşaya qayıdış prosesinə dəstək” layihəsinə 18.100 manat ayrılıb. Görəsən Aygün xanım doğrudanmı hesab edir ki, Şuşaya qayıdışa “dəstək” lazımdır? Azərbaycanlıların Şuşaya qayıtmasına dəstək yox, qayıtmasının qabağını almaq lazımdır. Çünki milyonlar Şuşada yaşamağa can atır, amma Şuşanın sahəsi hamını qəbul etməyə yetməz!

Hələ bu harasıdır? Bundan başqa, 20 min manatlıq layihə keçirən Nurka Mübariz qızı Əhmədova Şuşada yay məktəbləri və düşərgələrini necə təşkil edəcək? Rəsul Cəfərov “Şuşa insan hüquqları təşəbbüsü” layihəsini (26 min manat) insan yaşamayan (söhbət yerli əhalidən gedir) şəhərdə kiminlə həyata keçirəcək?

Azərbaycan Vikipediya Könüllüləri (20 min manat) Şuşanın 270 illiyi ilə bağlı yazacağı 270 mövzu üzrə məqalələri “Vikipediya”nın harasına yerləşdirəcək?!

Telekanallarda şou aparıcısı olan Lalə Azərtaş “Şuşanı tanıyaq, tanıdaq” layihəsi ilə (26 min 500 manat) ilə Şuşanı necə tanıyacaq və kimə tanıdacaq?!

22 layihənin hər biri ilə bağlı çoxlu suallar var. 513 min 170 manatı daha yaxşı, səmərəli, qaçqınların yurd-yuvasına qayıtmasına xidmət edən işlərə sərf etmək olmazdımı?..

Kim bilir, bəlkə, qalib gələ bilməyən 205 layihə içərisində sual doğurmayacaq çoxlu ideyalar olub… Bəlkə, oyurub düşünəsiz, Aygün xanım?

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın